Azərbaycanda bankirlər də "elmi ad" yarışına qoşulur
05:22 23-04-2015
İQTİSADİYYAT
Azərbaycanda bankirlər də "elmi ad" yarışına qoşulur
Onların dissertasiya işləri ilə bağlı ciddi şübhələr yaranıb
Mətbuatdan məlum olduğu kimi, Azərbaycan Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Birləşdirilmiş Dissertasiya Şurasının martın 29-da keçirilən son iclasında Beynəlxalq Bankın Gəncə filialının müdiri Sabit Qalib oğlu Fətizadə də FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında elmi ad alıb.
strateq.az xəbər verir ki, hakimiyyətin ən nüfuzlu şəxslərinin elmi "alver mərkəzi"nə çevirənlərə xəbərdarlıqlarına baxmayaraq, "Azərbaycanda şəkər istehsalının artırılmasının iqtisadi problemləri" mövzusunda elmi iş yazan bankirin işi də şura üzvləri tərəfindən yekdilliklə təsdiqlənib. "Xatırlayırsınızsa, Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyev biznesmen və məmurların "arxa qapı"dan keçməklə elmi ad almasına qarşı çıxışlar edib. Bir sözlə, bütün Dissertasiya Şuraları və elmi mərkəzlərdən belə hallara son qoyulması tələb olunub. Ancaq görünən odur ki, bu xəbərdarlıqlar bəzi məmur və biznesmenlər üçün ibrət olmayıb. Götürək, elə Sabit Fətizadənin müdafiə işini. Ola bilər, kimlərsə bu işi samballı sayır. Ancaq mən elə düşünmürəm. Hətta hesab edirəm ki, əgər bankir müdafiədə ciddi sorğu-sual edilsəydi və onun kənd təsərrüfatı sahəsindən bəhs edən avtoreferatı və elmi məqalələri dərindən araşdırılsaydı, yəqin ki, şura sədri, akademik Ziyad Səmədzadə bu işi müdafiəyə hələ buraxmazdı. Ancaq Sabit Fətizadə müdafiədən də uğurla çıxaraq, iqtisad üzrə fəlsəfə doktoru adını aldı. Hələlik təfərrüatlara toxunmuram, ancaq bu gedişlə getsə, Ali Attestasiya Komissiyası da bankirin diplomunu tezliklə təsdiqləyəcək" - sayt belə yazır.
"Unikal"ın əldə etdiyi məlumata görə isə Sabit Fəti-zadə son vaxtlar elmi ad alan yeganə bankir deyil. Bank sistemində çalışan və ciddi maliyyə imkanları olan bir neçə şəxsin son illərdə elmi dərəcə aldıqlarına dair iddialar var.
Xatırladaq ki, bu ilin əvvəllərində belə məlumat yayılmışdı ki, Azərbaycanın elm sahəsində yeni struktur yaradılması təklif olunur. Belə ki, "Elm haqqında" qanun layihəsində Dövlət Elmi Ekspertiza Şurası (DEEŞ) adlı qurumun yaradılması nəzərdə tutulur. Qanunun 32-ci maddəsinin tələbinə əsasən, yaradılacaq qurum elmi və elmi-texniki fəaliyyətin ekspertizasını həyata keçirəcək. DEEŞ-nin yaradılması qaydaları və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı təsdiq edilən Əsasnaməyə müvafiq olaraq həyata keçiriləcək. Qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə olunduğu və yaz sessiyası boyunca müzakirə ediləcəyi gözlənilir.
Bildirilirdi ki, DEEŞ-in yaradılmasından sonra xüsusilə də plagiat dissertasiyalar və digər yollarla elmi ad alanların "kitabının bağlanacağı" da gözlənilir. Bu sırada xüsusilə məmurların plagiat dissertasiyalar, pulla başqalarına elmi iş yazdıraraq elmi ad almalarını qeyd etmək lazımdır. DEEŞ-in yaradılması ilə bu halların qarşısının alınacağı, eləcə də vaxtilə sözügedən üsullarla elmi dərəcəyə yiyələnənlərin də müəyyənləşdirilərək onların daşıdıqları elmi adlardan məhrum ediləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanda vəzifəli, imkanlı şəxslərin "alimlik həvəsi" uzun illərdir ictimaiyyət arasında və mediada ciddi müzakirə mövzusudur. Hətta iş o yerə çatıb ki, ötən ilin yayında Azərbaycandakı Dissertasiya Şuralarının vəzifəli şəxslərin elmi ad almaq məqsədi ilə yazdırdığı dissertasiyaları geri qaytarmağa başladığına dair xəbərlər yayılıb. Bildirilib ki, bu, vəzifəli şəxslərin elmi ad almalarına qoyulan yasaqla bağlıdır.
Bundan əvvəl isə məlum olmuşdu ki, məmurlara, vəzifəli şəxslərə elmi ad almaq qadağan olunub. Həmin vaxt bu barədə mətbuata açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov məlumat vermişdi. Ramiz Məmmədov bu addımı məmurların Dissertasiya Şurasına təsiretmə ehtimalları ilə əlaqələndirmişdi. Yeni qaydaya görə, elmi ad almaq istəyən məmur vəzifəsilə vidalaşmalıdır.
Bir daha vurğulamaq lazımdır ki, Azərbaycanda son illər məmur və vəzifəli şəxslərin elmi ad alması moda düşüb. Hər yerindən duran məmur çalışır ki, müxtəlif vasitələrlə bu ada layiq görülsün. Heç kimə sirr deyil ki, bu zaman məmurlar elmi dərəcə almaq üçün yazılan işləri heç də özləri həyata keçirmirlər. Buna onların həm vaxtı çatmır, həm də əksər məmurların elmi proseslə məşğul olmaq bacarığı belə yoxdur. Bunun nəticəsidir ki, ölkəmizdə son illər qondarma alimlər də peyda olublar. Hansı ki, belə vəziyyət sonda gətirib elm və təhsilin inkişafına əngəl olur.
Hələliksə görünən odur ki, elm sahəsində yaranmış bu xaotik vəziyyəti aradan qaldırmaq üçün səylər ya sözdə qalır, ya da yetərli deyil. Belə olmasaydı, artıq ölkədə bankirlərin də "elmi dərəcə yarışı"na qoşulduğu üzə çıxmazdı.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05