Məmurlarının bahalı itləri ilə bağlı şok faktlar
15:01 25-04-2015
İQTİSADİYYAT
Məmurlarının bahalı itləri ilə bağlı şok faktlar
Onlar bu heyvanların yeməyinə bəzən gündə 300 manat xərcləyirmişlər!
Azərbaycanda məmurların özünəməxsus həyat tərzi haqqında çox yazılır və danışılır. Müəyyən vəzifəli şəxslər qanunsuz yollarla inanılmaz sərvət sahibinə çevrilir və bu zaman sadə vətəndaş üçün əlçatmaz görünən pulları sağa-sola xərcləyirlər.
"Unikal" bu mövzuda indiyədək bir çox araşdırmaları təqdim edib. İndi hazırladığımız material isə bəzi məmurların it sevgisi haqqındadır.
Müxtəlif zamanlarda mətbuatda yayılan məlumatlar və kənar müşahidələr belə deməyə əsas verir ki, sadə vətəndaşlar ən primitiv həyat şərtlərini yerinə yetirməkdə çətinlik çəkərkən, müəyyən məmurlar itləri üçün inanılmaz məbləğdə pullar xərcləyirlər.
Məmurların ən sevimli heyvanı
Gəlin ümumi danışmayaq və konkret faktlara keçək. Məsələn, bəzi KİV-lər indiyədək təkzib olunmayan faktlara əsaslanaraq yazırlar ki,
Azərbaycanda nazirlərin, komitə sədrlərinin, tanınmış adamların, müğənnilərin və imkanlı şəxslərin çoxunun "mini-zoopark"ları mövcuddur. Onlar burada dünyanın müxtəlif ölkələrindən gətirdikləri heyvanları bəsləyib yüksək səviyyədə qulluq göstərirlər.
Ölkə məmurlarının ən çox sevdikləri heyvanlar arasında ilk sıranı poli cinsli itlər tutur. Bu növ itlərdən bəzi nazirlərin bağ evlərində saxlanılır və onların adam tanıma qabiliyyəti çox güclüdür. Məlumatlara görə, bu cins itlərin gündəlik yeməyinə təxminən 300 manat sərf olunur. Onların yemləri Avropa ölkələrindən gətirilir. Polilərin qaldıqları it damlarında kondisionerə qədər hər şey var. İnsan var ki, şəraiti it günündədir, it də var ki, yaşayışı insandan da yaxşıdır.
İt üçün xüsusi xidmətçi saxlayan məmurlar da var
"Unikal"ın internet üzərindən araşdırması zamanı məlum olub ki, mətbuatda vaxtilə komitə sədrlərindən biri itini saxlamaq üçün xarici xidmətçi tutduğu və həmin itin ağzına maraq üçün qızıl diş saldırdığı barədə məlumat yayılıbmış.
Həmin məlumatda daha sonra bildirilirdi: "Heyvanlarını əsasən şəhərdən kənarda saxlatdıran məmurlar onların qidalanmasına böyük önəm verirlər. Qidaların seçimində yüksək ixtisaslı baytarların məsləhətindən istifadə edilir".
Media monitorinqi zamanı bu da məlum olub ki, KİV-də yayılan məlumatlara görə, Azərbaycanda məmur villalarını əvvəllər dobermanlar qoruyurdusa, son illərdə bu işi pitbullar görür. Səbəbini isə məsələ ilə bağlı məlumatlı mənbə belə açıqlayıb: "Əvvəllər dobermanlar daha mühafizəkar sayılırdı. Lakin insanlar itlərdən təkcə mühafizə üçün yararlanmır. Onlarla həm də vaxt keçirmək, oynamaq istəyirlər. Amma bu cins itlərin öz sahiblərinə hücum etməsi halları da tez-tez olur. Pitbull isə sahibinin xasiyyətinə uyğun hərəkət edir. Bədən quruluşunun kiçikliyi, boyunun balacalığı və bəzən də gücsüz olmasına baxmayaraq bu itlərin çox böyük ürəyi var. Öləcəyini bilsə də qarşısındakı rəqibi ilə sona kimi mübarizə aparır. Bu itlərin ən böyük özəlliyi tullanaraq rəqibinin baş nahiyəsindən dişləməsidir. Özü də onlarla oynayan zaman qarşısındakı sahibinin ürəkli olmağını istəyir. Bəzən oynamaq üçün dişləyir, bəzən isə qısqanclıqdan. Onu da deyim ki, pitbull evdə ikinci bir həmcinsini görmək istəmir. Əgər belə hal baş verərsə, o, sahibinə mütləq hücum edir".
İtlərə maraq salan oliqarxlar
Bir daha vurğulamaq yerinə düşər ki, o dövrlər Azərbaycanda vəzifə sahibləri heyvandarlığa, həmçinin heyvan heykəllərinə meyl salıb. İndiyədək mətbuatda dəfələrlə məlumat yayılıb ki, bağ və villalarında vəhşi heyvan saxlayan yüzlərlə məmur, tanınmış və imkanlı şəxslər, həmçinin bəzi nazir və komitə rəhbərlərinin hətta şəxsi zooparkları var.
Belə xəbərlərə inansaq, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev delfin və ekzotik göyərçin növləri saxlayırmış. Xeyli əvvəl mətbuatda AZAL prezidenti Cahangir Əsgərovun Afrikadan müxtəlif növ bahalı heyvanlar alıb özünə zoopark yaratdığı haqda da xəbərlər yayılıb.
Amma konkret araşdırmamızın mövzusuna gəlincə, bir çox məmurların konkret olaraq itlərə marağı da kimsəyə sirr deyil. Məsələn, hələ təhsil naziri olarkən Misir Mərdanovun bahalı cins itlər sahibi olduğu deyilirdi. Maraqlıdır ki, həmin vaxtlar bu cür xəbərlər təkzib edilməmişdi.
Həmçinin "Azərenerji" prezidenti Etibar Pirverdiyevin də işdə itirdiyi enerjisini saxladığı it və dəvələrdən həzz almaqla bərpa ediyinə dair bu günədək KİV-lər tez-tez yazsa da, həmin informasiyaların yalan olmasına dair qarşı tərəfdən hər hansı yalanlama yayılmayıb.
Bundan başqa məlumatlara görə, itləri üçün hər ay 1500-1800 manat xərcləyən məmurlar da var. Azərbaycanda orta aylıq əmək haqqı rəsmi rəqəmlərə görə 400 manatdan artıq deyil. Belə çıxır ki, bəzi iri çəkili məmurlar ölkə vətəndaşlarına saxladıqları it qədər dəyər vermir.
Bundan başqa, ən azı 5000 min manata it alan məmurlar var. Onlar bu cür itləri əsasən Avropadan, məsələn, İngiltərədən gətirir və həmin itin saxlanılmasına aylıq 700-800 manat xərcləyirlər.
"Unikal"ın araşdırmasına görə, bəzi məmurlar itlərini boğuşdurmaq üçün yarışlar təşkil edirlər. Bu cür gizli döyüşlərdə bəzən hətta bahalı maşınlar, gözqamaşdırıcı mülklər və böyük məbləğdə pul "stavka" edilir.
Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsinin səfalər içində yaşadığını nəzərə alsaq, bu yazıda yer alan məqamlar həqiqətən təəssüf doğurur. Belə çıxır ki, bəzi vəzifəli şəxslər üçün öz "bahalı oyuncaqları" daha böyük əhəmiyyət kəsb edir, nəinki sıravi insanların ən elementar həyat şərtlərini təmin etməməsi.
Biz apardığımız araşdırmaya əlavə heç bir şərh vermir və orada yer alan məqamları operativ, eyni zamanda obyektiv qiymətləndirməyi oxucuların ixtiyarına buraxırıq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05