Con

Con Kerrinin Konqresdəki ofisindən anti-Azərbaycan kampaniyası idarə olunur

I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı "qara piar" aparması həvalə olunmuş təşkilatların, KİV-in və şəxslərin adı bu yazıda!

I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az vaxt qalır. Azərbaycan ümumavropa ailəsinin tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Qısa dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, kompleksləri yaradılıb, Azərbaycana səfər edəcək idmançıların, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində bildirib ki, "belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı". Bu ilin yanvarında Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı isə cənab Hikki demişdi ki, "Bakı-2015" Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər".
Patrik Hikkinin də fikrindən görünür ki, Azərbaycan həm qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atıb, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb. Ən azından buna görə l Avropa Oyunlarını qəbul etməyə, oyunların yüksək səviyyədə keçirilməsi üçün genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər etməyə dəyərdi. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş müasir Azərbaycanı dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsətdir.
ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda "5-ci kolon"un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, "Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir". Bu ayın əvvəlində Freedom House təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "5-ci kolon"un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində "milli şura" adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə alaraq, bu məlumat heç də təəccüblü görünməməlidir. Bu fakt, sadəcə olaraq ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt çəkir.
"İnsan hüquqları naminə idman" kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni "qara piar" layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda l Avropa Oyunlarının, parlament seçkilərinin, "Formula 1" yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürtsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir.
Layihənin preambulasında bildirilir ki, Azərbaycanda, Avropada və internetdə həyata keçiriləcək tədbirlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz:
Hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması;
Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi;
Həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması
ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması;
İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və müraciətlərin hazırlanması;
Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi;
Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri üçün istifadə edilməsi;
Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi;
İdmançıların bu kampaniyanın "xoşməramlı səfiri" olmağa cəlb edilməsi;
Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya komitələrinə müraciətlər hazırlanması və göndərilməsi;
Xüsusi filmlərin hazırlanması və Avropa ölkələrində nümayiş etdirilməklə onların müzakirəsinin təşkili;
Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi;
Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması;
Jurnalistlər, yazıçılar və digər yaradıcı insanlarla işbirliyinin qurulması və s.
Bütün bunların həyata keçirilməsi ilə paralel olaraq müxtəlif müraciətlər, bəyanatlar, on-line ərizələr, multi-media vasitələri və internetdə infoqrafika, parodiya xarakterli cizgi filmləri, satira və karikaturalar, dezinformasiya xarakterli məlumatlar yayılacaq, Twitter sosial şəbəkəsində gulaggames haştaqı ilə bağlı kampaniya aparılacaq, Trip Advisor da daxil olmaqla nüfuzlu turizm saytlarının imkanlarından istifadə ediləcək və s.
Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyətimiz ABŞ və Avropanın bəzi dairələrinin, erməni lobbisinin təşəbbüsü və maliyyə dəstəyi ilə beynəlxalq QHT-lərin Azərbaycana və l Avropa Oyunlarına qarşı həyata keçirdiyi geniş kampaniya ilə üz-üzədir. Bu kampaniyanın uzunmüddətli xarakter daşıdığı, ölkəmizin dünyada mənfi imicinin formalaşdırılmasına və daxildə ictimai-siyasi sabitliyin pozulmasına yönəldiyi şübhəsizdir. Təbii ki, bu qüvvələr öz istəklərinə nail olmayacaqlar və layiqli cavablarını alacaqlar. Amma ən azından bu gündən sonra biz onların əsl simasını açıq şəkildə görə və ittihamlarımızı da konkret ünvanlara yönəldə biləcəyik.
"apa"