Müsavatçılar

Müsavatçılar partiyanın qərargahı qarşısında etiraz aksiyası keçirdi
Narazılar başqan Arif Hacılını istefaya çağırıblar

Müsavat Partiyasının qərargahı önündə bir qrup partiya üzvünün etiraz aksiyası keçirilib.
"Unikal"ın məlumatına görə, Vurğun Əyyub və digər şəxslərin partiyadan kənarlaşdırılmasına etiraz məqsədilə təşkil olunan aksiyaya Müsavat üzvləri ilə yanaşı, partiyadan xaric edilmiş bəzi şəxslər də qatılıb. İştirakçılar Müsavat rəhbərliyinin apardığı siyasətə, üzvlərə qarşı sərt qərarlara öz etirazlarını bildirərək partiya rəhbərliyinin dəyişməsini, növbədənkənar qurultay çağırılmasını tələb ediblər.
Aksiya zamanı "İstefa!", "Müsavat ailə partiyası deyil!", "Müsavat xalqın partiyasıdır!", "Növbədənkənar qurultay çağırılsın!" və digər şüarlar səsləndirilib, Müsavat başqanı Arif Hacılıdan və sabiq başqan İsa Qəmbərdən repressiyalara son qoyulması tələb olunub və hazırkı başqan istefaya çağırılıb. Çıxış edən partiyanın sabiq üzvü Əlövsət Sadıxlı Müsavatın sonuncu qurultayındakı qanun pozuntularını xatırladıb və Ədliyyə Nazirliyindən qurultayın nəticələrinin ləğvini tələb edib.
Partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və digərləri də çıxışlarında Müsavat rəhbərliyinin ünvanına sərt tənqidlər səsləndiriblər.
Sonda aksiyanın qətnaməsi oxunub və partiya rəhbərliyinə təqdim olunub.