İnsan alverinə qarşı mübarizə qurbanlarının hüquqlarının qorunması şərtləri
Mehriban Zeynalova: "Qurbanın insan alveri ilə mübarizə sahəsində çalışan təşkilat, müəssisə, o cümlədən beynəlxalq və yerli
qeyri hökumət təşkilatları barədə məlumat almaq hüququ var"
2004 cü ilin bu günündə, 6 may tarixində Azərbaycan Respublikasi Prezidenti İlham Əliyev Azərbaycanda "Insan Alverinə qarşı Mübarizə" Haqqında fərman imzalayıb. Bu fərman ölkədə insan alveri ilə mübarizə tarixi kimi qeydə alınıb. Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirləri demək olar ki, son illər kəskin formada aparılır.
Bununla belə ölkədə insan alverinin qurbanları hələ də var. Bütün dünyada olduğu kimi insan alverinə qarşı mübarizə həm də həmin qurbanların hüquqlarının qorunması ilə paralel aparılır. Bəs görəsən Azərbaycanın da tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarla insan alveri qurbanlarının hansı hüquqları var? Həmsöhbətimiz "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovadır.
M. Zeynalova deyir ki, "İnsan alverinə dair Protokol"un 6-cı maddəsi qurbanlara yardım və müdafiə məsələlərinə həsr edilib. Həmin Protokola əsasən insan alveri qurbanı müəyyən edildikdən dərhal sonra, qurbana müxtəlif xidmətlər daxil olmaqla, onun müdafiəsinin təşkili təmin edilməlidir. Konvensiyadan irəli gələn bu hüquqların özünü də 3 hissəyə bölmək olar. Repatriasya prosesində qurbanın hüququ,böhran mərhələsində qurbanın hüququ, cinayət prosesi zamanı qurbanın hüququ,sosial reinteqrasiya prosesində qurbanın hüququ. Repatriasya prosesində qurbanın hüququna qurbanı təyinat ölkəsindən saxlanılmaq üçün heç bir əsas gətirilmədən repatriasya edilmək hüququ, repatriasya prosesində xüsusi təhlükəsizlik hüququna, repatriasiya prosesində yol sənədlərini pulsuz əldə etmək hüququna, öz hüquqlarına dair məlumat almaq hüququna, eləcə də, repatriasiya prosesində xüsusi diplomatın yardım və müdafiəsindən bəhrələnmək hüququ daxildir".
M. Zeynalova deyir ki, repatriasiyadan sonrakı dövrdə qurbanın cəmiyyətə reinteqrasiyası üçün müəyyən sosial xidmətlərdən bəhrələnmək hüququ var: "Qurban əgər öz xahişi ilə müraciət edərsə, onun insan alverindən zərərçəkmişlər üçün mövcud olan mərkəzlərdə yerləşmə və müdafiə olunma hüququ vardır.Sığınma müddəti 30 gündür. Lakin qurbanın xahişi ilə bu müddət uzadıla bilər. Bu aşağıdakı hallarda mümkündür: Qurbanın sığınacaqda yaşama müddəti istintaq təhqiqatı və məhkəmə prosesinin başa çatması müddətinə; məhkəmə prosesinin başa çatmasına baxmayaraq, əgər qurbanı hər hansı təhülkə gözləyirsə və ya onun sağlamlığında problemlər varsa bu müddət uzadıla bilər; bəzi ölkələrdə hamilə qadınların bir il müddətinə sığınacaqda yerləşməsi nəzərdə tutulur. Eyni zamanda sığınacaqda qurbanlar, şəxsi gigyena, qida, müdafiə və mühafizə, eləcə də qohumlarla əlaqə yaratmaq üçün yardım almaq hüququna malikdir".
Ekspert deyir ki,insan alveri qurbanı ixtisaslaşmış tibbi müəssisələrdə (xəstəxana və poliklinikalarda) pulsuz tibbi yardım almaq hüququna malikdir: "Bundan əlavə insan alveri qurbanının postravmatik stresdən azad olaraq cəmiyyətə reinteqrasiya ediləmək üçün pulsuz psixoloji yardımdan bəhrələnmək hüququ var. Bunlarla yanaşı, insan alveri qurbanı səlahiyyətli orqanlardan öz hüquqlarına dair məlumat almaq hüququna malikdir. Qurbanın insan alveri ilə mübarizə sahəsində çalışan təşkilat, müəssisə, o cümlədən beynəlxalq və yerli qeyri hökumət təşkilatları barədə məlumat almaq hüququ var".
M. Zeynalovanın sözlərinə görə, bu sənəddə cinayət prosesi zamanı qurbanın hüququ məsələsi də öz əksini tapıb: "Bura pulsuz hüquqi yardım almaq hüququ daxildir. İnsan alveri qurbanı, insan alverçisinə qarşı qaldırılmış cinayət işi çərçivəsində pulsuz hüququ yardım almaq hüququna malikdir. Qurbanın, ehtibarlı şəxsin və ya vəkilin müşahidəsi ilə istintaq və məhkəmə proseslərində iştirak hüququ da var. İnsan alveri qurbanının insan alverçisinə qarşı iddia qaldırmaq və istintaqın gedişi barədə məlumat almaq hüququ var. Əgər qurbanın iddiası hər hansı səbəbdən qəbul edilməzsə o, şikayət etmək hüququna malikdir. Qurbanın istintaq orqanlarından öz hüquq və vəzifələrinə dair məlumat almaq hüququ, eləcə də onunla bağlı qəbul edilmiş qərarların surətini pulsuz almaq hüququ var. Əgər qurbanı hər hansı təhlükə gözləyərsə, o, bütün cinayət prosesi müddətində hüquq- mühafizə orqanlarında fiziki müdafiəsi və mühafizəsinin təmin edilməsindən istifadə hüququ var. Bunlarla yanaşı, qurban, cinayət prosesində istismar zamanı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair tələb qaldırma hüququna malikdir. Hər bir qurbanın istismar zamanı baş vermiş şəxsi həyatına dair məlumatların məxfi saxlanılmasını tələb etmək hüququ var. Əgər cinayət prosesi zamanı qurbanın həyat və saglamlığı təhlükə altında olarsa, o halda qurbanın adını, soyadını, doğum tarixi və doğulduğu yer barədə məlumatları dəyişmək hüququ var. Bütün dəyişikliklər qurbanın xahişi və prokurorun vəsadəti ilə məhkəmə hökmü ilə dəyişilə bilər.İnsan alveri qurbanı, statusu ilə əlaqədar olaraq, baş vermiş cinayət hərəkətlərinə görə (qanunsuz sərhəddi keçmə, saxta sənədlər daşıma, fahişəliklə məşğul olma) cinayət, inzibati və adminstrativ məsuliyyətlərdən azad edilir".
Ekspert deyir ki, qurbanların sosial reabilitasiyasının məqsədi onların normal həyata qayıdışını təmin etməkdir: "Reintiqrasiya prosesində qurbanlara hüquqi, psixoloji, maddi, tibbi, peşə reabilitasiyası, iş yeri ilə təmin etmə və.s. dair yardımlar təqdim edilir. Böhran dövründə göstərilən yardımlardan sonra, reinteqrasiya prosesinin effektiv təminini nəzərdə tutan digər yardımlar həyata keçirilir. Reinteqrasiya prosesinin gedişində qurbanlar aşağıdakı hüquqlara malikdir. Peşə seçimi və ya sahibkarlıq fəaliyyətinin başlanmasına dair pulsuz məsləhət- məlumat xidmətlərini əldə etmək hüququ, məşğulluq fondunun hesabına peşə kurslarında iştirak hüququ, hər bir qurbanın hüququdur".
M. Zeynalova deyir ki, insan haqları üzrə beynəlxalq normalara uyğun olaraq qurbanların əsas hüquqları var: "Bunlara təhlükəsizlik hüququ, şəxsi toxunulmazlıq hüququ, məlumat almaq hüququ, qanuni nümayəndə ilə təmin edilmə hüququ,cinayət işinin məhkəmədə baxılması hüququ, dəymiş zərərə görə kompensasiya almaq hüququ, yardım almaq hüququ, daimi yaşayış üçün razılıq almaq hüququ, ölkəyə qayıtmaq hüququ daxildir. Bütün bu hüquqlar və təzminatlar şəxsin məhkəmə qarşısında şahidlik etməyə razılığının olub olmamağından asılı olmayaraq təmin edilməlidir".
M. Zeynalovanın sözlərinə görə, insan alveri qurbanlarına göstərilən sosial yardımın hüquqi bazasını Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyanı Tamamlayan İnsan Alverinin, Xüsusən Qadın və Uşaq Alverinin Qarşısının Alınması, Kökünün Kəsilməsi və Cəzalandırılması Haqqında Protokolu, Avropa Şurasının İnsan Alveri Əleyhinə Fəaliyyətə dair Konvensiyası və İnsan Alverinə Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunu kimi mühüm sənədlər təşkil edir: "Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyanı Tamamlayan İnsan Alverinin, Xüsusən Qadın və Uşaq Alverinin Qarşısının Alınması, Kökünün Kəsilməsi və Cəzalandırılması Haqqında Protokolunun II fəsli İnsan alveri qurbanlarının müdafiəsi ilə bağlı müddəaları əhatə edir. 6-cı maddədə İnsan alveri qurbanlarına kömək və onların müdafiəsi öz əksini tapıb. Bu maddədə göstərilir ki, hər hansı bir iştirakçı dövlət lazımi hallarda və daxili qanunvericiliyinə görə mümkün ola bilən dərəcədə insan alveri qurbanlarının şəxsi həyatının və şəxsiyyətinin müdafiəsini, o cümlədən başqa tədbirlər ilə yanaşı, həmin alverə aid icraatın məxfi xarakterini qorumaq yolu ilə təmin edir. Hər bir iştirakçı dövlət öz daxili hüquq və ya inzibati sistemində insan alveri qurbanlarına lazımi hallarda aşağıdakıların verilməsinə imkan yaradan tədbirlərin nəzərdə tutulmasını təmin edir. Bura müvafiq məhkəmə və inzibati araşdırma haqqında məlumat,cinayət törətmiş şəxslər barəsində cinayət mühakimə icraatının müvafiq mərhələlərində, müdafiə hüquqlarına xələl gətirmədən insan alveri qurbanlarının nə düşündüklərinin və nədən ehtiyat etdiklərinin şərhinə və onların baxılmasına imkan yaradan kömək daxildir. Hər bir iştirakçı dövlət insan alveri qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyasının təmin edilməsi tədbirlərini nəzərdən keçirir, bundan ötrü lazımi hallarda qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin başqa elementləri ilə əməkdaşlıq edir. Xüsusən münasib daldalanacaq, insan alveri qurbanlarının anladığı dildə onlara məsləhət yardımı və informasiya, xüsusən onların hüquqlarına dair məlumat verilməsi, tibbi, psixoloji və maddi yardım, işə düzəltmək, təhsil almaq və peşə hazırlığı keçmək sahəsində imkanlar yaradılmalıdır. Hər bir iştirakçı dövlət bu maddənin müddəalarını tətbiq edərkən insan alveri qurbanlarının yaşını, cinsini və xüsusən tələbatını, ayrıca, uşaqların xüsusi tələbatını, o cümlədən münasib daldalanacaq, təhsil və qulluq baxımından tələbatını nəzərə alır. Hər bir iştirakçı dövlət insan alveri qurbanlarının onun ərazisində olduqları dövrdə cismani təhlükəsizliyini təmin etməyə çalışır. Hər bir iştirakçı dövlət öz hüquq sistemində insan alveri qurbanlarının onlara vurulmuş zərər üçün kompensasiya almasına imkan yaradan tədbirlər nəzərdə tutulmasını təmin edir . İnsan Alverinə Qarşı Mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunun Maddə 9.6.-da qeyd edilir ki, "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alveri qurbanlarına tibbi, o cümlədən psixoloji yardımın göstərilməsi üzrə proqramlar və kompleks tədbirlər planları hazırlayır və həyata keçirir".
Digər Xəbərlər
2024-12-25 09:12:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24