Avropadan insan haqlarına zərbə
Faşizm ideologiyası sürətlə inkişaf edir
Bu gün bir çox ölkələrə insan hüquq və azadlıqlarından dərs deməyə çalışan Avropa və ABŞ-ın özündə insan haqları ilə bağlı durum acınacaqlı vəziyyətə düşüb. Ekspertlər hesab edir ki, hələ Avropanın tarixində bu cür acınacaqlı vəziyyət olmamışdı və bunun başlıca səbəbi insan hüquq və azadlıqlarından Qərbin siyasi maraqlar üçün istifadə etməsidir. Bununla bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisi və sədri Səbuhi Abbasovun "Unikal"a müsahibəsini nəzərinizə çatdırırıq.
- Bu gün Avropada islamafobiyanın artması nə ilə bağlıdır?
Müəyyən dairələrin məqsədli şəkildə İslam dəyərlərinə qərəzli, bəzən hətta təhqiramiz yanaşdığını həmişə müşahidə edirik. Əsasən Qərbdə olan belə dairələr konkret məqamlarda konkret müsəlman dövlətlərini hədəf alıblar. Zaman-zaman ölkəmiz də belə çirkli kampaniyaların hədəfinə tuş gəlib. Belə ki, son illər ardıcıl olaraq Azərbaycanda təşkil olunmuş beynəlxalq yarışlar, ölkəmizin artan iqtisadi, siyasi nüfuzu həmin dairələri daha intensiv hərəkətə gətirib.Təhlilçilərin bütün bunların kökündə həm də islamafobiya siyasətinin durduğunu deyirlər. İslamafobiya təkcə Avropa deyil, bütün dünyada geniş yayılıb.Əsasən də Amerikada. Əslində problem ondan ibarətdir ki, bəzi güc dövlətləri öz siyasətlərini həyata keçirmk üçün dindən alət kimi istifadə etməyə çalışırlar və edirlər də. Digər bir məqam ondan ibarətdir ki, islam dininə sitayiş edənlərin sayı durmadan artmaqdadır. Bu say nisbəti də təbii ki, Avropa ölkələrini narahat etməyə bilməz. Bu səbəbdən də islam dini adı altında müxtəlif təxribatyönümlü qruplaşmalar, terror təşkilatları yaradılıb.
Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, islamafobiya Qərbdə sanki həyat tərzinə çevrilməkdədir. Avropa ölkələrində İslam dininin daşıyıcılarının haqsız təqiblərə və təzyiqlərə məruz qalmaları da bunun nəticəsidir.Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yazdıqlarından da məlum olur ki, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar. Budurmu insan haqlarının qorunması istiqamətində Avropa nümunəsi? Avropada İslama qarşı hərəkatların və informasiya-təbliğat vasitələrinin genişləndirilməsini görməzliyə vuran Qərbin "yalan məlumatlar istehsalı ilə məşğul olan maşını" yalnız Azərbaycanı güdməklə məşğuldur. Böyük Britaniyada, Fransada və Belçikada məscidlərin yandırılması, peyğəmbərlərin təhqir olunması, ABŞ-da, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsi, növbəti gün isə Texasdakı Müsəlman Mərkəzinin yandırılması onu göstərir ki, islamafobiya qərblilərin məşğuliyyətinə çevrilməkdədir. Özlərini demokratiyanın beşiyi kimi təqdim edənlər həmin beşiyin günahsız insan qanı ilə dolub-boşaldığını adi bir hadisə kimi qəbul edirlər. Son illər ABŞ-ın müxtəlif ştatlarında qaradərili insanların polis əməkdaşları tərəfindən insanların gözləri qarşısında vəhşicəsinə qətlə yetirilmələri də görünür, bu ölkənin insan haqlarının müdafiəçiləri üçün adi bir şeydir.
- Nədən Qərb get-gedə radikal-millətçi ideologiyaları qəbul etməyə başlayır?
Müsəlmanlarla bağlı Qərbdə formalaşmış bir başqa yanlış təsəvvür isə müsəlmanların şiddətə meylli olmasına dair ideologiyadır. Bu təbliğatın nəticəsidir ki, aşağıdakı cümlə islamofobiya paradiqmasının ən qorxunc rəsmini göstərmiş olur: "Bütün müsəlmanlar terrorist deyil, amma bütün terroristlər müsəlmandır. Bu "ictimai rəy"in tam əksi olaraq, Europolun 2013-cü il hesabatında Aİ-də baş vermiş 152 terror hücumunun yalnız ikisinin "dini motivasiya məzmunlu olduğu qeyd olunur. Son 5 ildəki statistikaya nəzər yetirdikdə Aİ dövlətlərində sözdə "islamçı terrorçuların törətdikləri cinayətlərin sadəcə 2% səviyyəsində olduğu əksini tapır.
Bütün bu stereotipləri bir yerə toplamaqla "müsəlmanların çoxalması Avropanın varlığına təhdiddir təməlində kollektiv qorxu paradiqması təbliğ edilir. Bir çox ekspertlər hesab edir ki, islamofobiyanın gündəmə gəlməsi ilk növbədə Avropada müsəlman əhalinin artması ilə bağlı "qorxudur. Avropalıların yaşlanması, əhalinin artımının dayanması faktı diqqətə alınarsa, bu dairələrdə islam tərəfdarlarının üstünlük qazanacağı fikri hakim olub. 2014-cü ildə aparılmış sosioloji sorğunun nəticələrinə görə fransızlar ölkə vətəndaşlarının 31%-nin, almanlar 19%-nin, ingilislər isə hər 5 nəfərdən birinin müsəlman olduğunu düşünür. Bu kontekstdə qeyd etmək lazımdır ki, doğrudan da Avropada müsəlmanların sayı artıb, fəqət iddia edilən yüksək faizlərdə təcəssüm olunmur. PEW Araşdırma Mərkəzinin apardığı təhlilə əsasən Avropada müsəlman əhalisinin sayı 1990-cı ildə 4,1% idisə, 2010-cu ildə sadəcə 6%-ə yüksəlib. Bu fikri təsdiq etmək üçün bir neçə nümunəyə diqqət yetirmək kifayətdir: ən çox müsəlman əhalinin yaşadığı Fransada müsəlmanların gerçək sayı 7,5%-dir ki, bu da cəmiyyətdə formalaşmış rəyin dörddə birindən az edir. Bu tendensiya Almaniya (5,8%) və B.Britaniyada (4,8%) da təkrarlanır. Hətta hazırkı demoqrafik artım göstəriciləri belə 2030-cu ildə Avropa qitəsindəki bütün müsəlmanların əhalinin 8%-ni təşkil edəcəyini göstərir. Bu rəqəmlər "müsəlmanların yaxın gələcəkdə Avropanı ələ keçirəcəyi ideologiyasının əsassız olduğunu göstərir.
Avropa cəmiyyətində müsəlmanların inteqrasiyasına münasibətdə də eyni vəziyyət təkrarlanır. Araşdırma nəticələrinə görə Fransa vətəndaşı olan müsəlman üçün Fransaya bağlılıq, onun milli və dini mənsubiyyətindən daha öndə gəlir. Bu və yuxarıda sadalanan digər faktlar Avropa cəmiyyətində gerçəkliklə ictimai rəy arasında nə qədər dərin uçurumun mövcud olduğunu göstərmiş olur. Bu isə müsəlmanlara qarşı diskriminasiyanın arxasında məqsədli manipulyasiyanın olduğu nəticəsinə gəlməyə əsas verir
- Bu gün sanki Avropa ölkələri ilə AŞPA, Avropa İttifaqı kimi qurumlar arasında bir haçalanma müşahidə olunur. Bunun səbəbi nədir?
AŞPA, Avropa İttifaqı kimi qurumlar öz nüfuzlarını demək olar ki, tamamilə itiriblər. Onların verdiyi qərarlar, qətnamələr hər ölkə üçün özünəməxsus şəkildə icra edilir. Bu təşkilat son zamanlar spekulyativ fəaliyyətlə məşğuldur. Deyək ki, Xocalı soyqırımı kimi əsrin faciəsi günü, yəni 26 fevralda AŞPA-nın sədri Ann Brasser Azərbaycana müraciət edərək "insan haqlarını" bərpa etməyi məsləhət görüb. Bu təsadüfmüdür. Əlbətdəki xeyir. Erməni lobbisinin maliyyə imkanları bu təşkilatı tək bizim deyil, bir çox Avropa ölkələrinin gözündən salıb. Bundan başqa qondarma erməni soyqırımı ilə bağlı AŞPA-nın mövqeyi hər birimizi çox sarsıltdı. Bu təşkilatlar əslində bərabərlik prinsipinin qorunması üzrə nəzarət mexanizminə malikdirlər. Lakin hər kəsdən öncə özləri bu prinsipə zidd gedirlər.
- Çox maraqlıdır ki, ABŞ-da da irqi ayrıseçkilik kifayət qədər genişlənir. Sizcə bunun kökündə nə dayanır?
Bu gün Avropada və ABŞ-da dini – irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması nədənsə hər hansı bir beynəlxalq təşkilatın hesabatında öz əksini tapmır. Yalnız bir dəfə Beynəlxalq İnsan Haqları Təşkilatı olan "Amnesty İnternational", 2010-cu il yanvar ayından etibarən son 4 ildə 111 ölkədə qeydə alınan insan haqları ilə bağlı hesabat dərc etmişdir. Həmin hesabatda ABŞ, Almaniya, Rusiya, Çin və Avropa ölkələrində qeydə alınan insan haqları sərt tənqid edilmişdir. Göründüyü kimi, dünyaya demokratiya dərsi keçmək istəyən ölkələrdə insan haqlarının pozulmasının dözülməz həddə çatdığı bildirilmişdir. Bu hesabatda ABŞ daha sərt şəkildə tənqid olunmuşdu. Qeyd olunmuşdu ki, Ağ ev rəhbərliyi dünyada qəddarlığı ilə ad qazanmış Quantanamo əsir düşərgəsini bağlamaqla insan haqlarının qorunması sahəsində irəliyə doğru addım atdığını sübut etmək istəmişdi. Ancaq son illər bu ölkədə baş verən hadisələr, bu sahədə heç nəyin dəyişmədiyini, sadəcə olaraq, görüntü xarakteri daşıdığını əks etdirir. ABŞ-da yaşananlar elə-belə, adi olaylar deyil. Həmin hadisələr, yüzlərlə insanın döyülməsinə və qətlinə yol açan kütləvi etirazlar, cinayətlər və iğtişaşlardır. Belə hadisələr Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə də mütəmadi olaraq baş verir. Həmin dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, hakimiyyəti haqlı tənqid edən kütləvi informasiya vasitələrinin və jurnalistlərin sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. ABŞ isə yaxın müttəfiqi olan dövlətlərdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını heç vaxt görmür.
Ümumiyyətlə ABŞ siyasətini qəbul edən dövlətlər az qala dövlətçilik ənənələrini itirirlər. Məsələn, Fransada baş verən hadisələrə diqqət yetirək. Bu ölkədə "erməni soyqırımı"nı inkar edənlər həbs edilməlidir", "çarşabla ictimai yerlərdə görünmək olmaz" kimi qadağalar, İslam dininə aid təriqətlərin fəaliyyətinin nəzarətə götürülməsi hansı demokratiyanın və ədalətin göstəricisidir? Azərbaycanda isə məxsusi fransız məktəbi açılır, bu xalqın dili və mədəniyyəti təbliğ edilir.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16