Riqada insan hüquqları oyunu
Riqa sammiti əslində barış sammiti yox, qarşıdurma sammiti kimi daha çox yadda qaldı. Sammit başlamamışdan öncə Rusiya ilə Avropa arasında siyasi bəyanatlar səsləndirildi, daha sonra isə aydın oldu ki, Avropa İttifaqı öncədən hazırladığı bir bəyanatı Azərbaycana, Gürcüstana, Moldovaya, Belorusiyaya imzalatmaq istəyir. Amma bu sözsüz ki, qəbul olunmadı.
Belə olan halda isə Qərb adı çəkilən dövlətləri insan hüquqlarının pozulması bəhanəsi ilə şantaj etməyə çalışdı. Elə buna görə də Aİ Şurasının prezidenti Azərbaycanı da unutmadı və bəyan etdi ki, Azərbaycanda insan hüquqları pozulub. Amma bu dəfə deyəsən onun dediklərinə önəm verən tapılmadı. Çünki artıq hamı anlayır ki, Qərb insan hüquqları mövzusundan sadəcə olaraq siyasi alver üçün istifadə edir. "Unikal"a açıqlama verən politoloq Elçin Bayramlı da Avropanın bu ittihamlarını gülünc adlandırır:" Nils Mujnieksin bu gülünc açıqlaması əminəm ki, təkcə bizim ölkədə deyil, əksər ölkələrdə təəccüblə qarşılanıb. Son vaxtlar konkret mərkəzdən verilən tapşırıq üzrə bu tip Qərb rəsmiləri ölkəmizə qarşı qara piar kampaniyasına başlayıblar. Özü də maraqlıdır ki, belə aktivləşmələr adətən Azərbaycanın nüfuzu artdığı dövrlərdə, ölkəmizdə beynəlxalq tədbirlərin keçirildiyi bir vaxtda baş verir. Burada məqsəd aydındır- Azərbaycana təzyiq edib öz maraqlarına uyğun şərtlərə riayət etməyə məcbur etmək. Lakin cənab prezidentin dediyi kimi, artıq Azərbaycan zəif dövlət deyil və onu belə ucuz oyunlarla zəiflətmək, nəyəsə məcbur etmək mümkün deyil.Ümumiyyətlə, Qərb, konkret desək ABŞ və Qərbi Avropa dövlətləri Azərbaycanın əməkdaşlıq və inteqrasiya siyasətinə adekvat cavab vermir. Üstəlik, çox uzun müddətdir ki, işğal olunmuş torpaqlar məsələsində də ciddi mövqe ortaya qoymur, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etmirlər. Bunun əskinə, Ermənistanla hər cür əməkdaşlıq edir, hatta Qarabağdakı seperatçı və terrorçu rejimə hər cür açıq və gizli dəstək verirlər.
İnsan hüquqları məsələsi də dəfələrlə dediyimiz kimi, sadəcə siyasi təzyiq alətidir. Hər gün dünya mətbuatında ABŞ və Avropada ən elementar hüquqları kobud şəkildə pozulan vətəndaşlar haqda onlarla məlumatlar yayımlanır. Bunlar insan hüquq və azadlıqlarının davasını yaxşı olar ki, birinci özlərində görsünlər, sonra bizdə problem axtararlar. El arasında deyildiyi kimi, başqasının gözündə tük axtarmamışdan əvvəl öz gözündə tiri görmək lazımdır.
Bunlar Azərbaycanda insan hüquqlarını qorumaq istəyirlərsə buyursunlar. Azərbaycanda ən elementar hüquqları pozulan 1 milyon insan var. Bunlar Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən vəhşiliklə deportasiya edilmiş insanlardır.
Əgər hüququ ən kobud pozulanları görmürlərsə, bunlar hansı hüquq və azadlıqlardan danışırlar? Ölkəmizdə xarici agenturanın etnik, dini, siyasi zəmində sərbəst təxribatlar törətmək hüquqlarını, yoxsa adını müxalifət qoyub onlara işləyən bəzi ölkə vətəndaşlarının süni iğtişaşlar yaradıb Azərbaycanı Suriya, Liviya və ya Ukraynanın gününə salıb xaraba qoymaq hüquqlarını? Bunu açıq şəkildə desinlər, biz də bilək ki, söhbət hansı hüquqlardan, azadlıqlardan gedir.
Bütün dünya bilir ki, Azərbaycan dünyada ən tolerant ölkədir- burda bütün millətlərin, din mənsublarının, siyasi, sosial, mədəni qrupların hüquqları bərabərdir və həm cəmiyyətdə, həm də dövlətin münasibətində heç bir problem yoxdur. Azərbaycan sosial dövlətdir, bütün siyasət əhalinin sosial rifahının gücləndirlməsi üzərində qurulub. Azərbaycan dünyada iqtisadi inkişaf tempinin yüksək olduğu çox az sayda ölkələrdəndir. Azərbaycan 100-dən artıq siyasi partiyanın, 4 mindən çox qeyri-hökumət təşkilatının 5 mindən artıq KİV-in fəaliyyət göstərdiyi azad mətbuat ölkəsidir. Azərbaycan dünyaya sülh, qardaşlıq, əməkdaşlıq təklifləri irəli sürən və ölkəni belə bir məkana çevirən dövlətdir. Başqa nə istəyirlər, yoxsa belə nümunəvi ölkə onları qane etmir, Ukrayna kimi vətəndaş müharibəsi yaranan ölkə görmək istəyirlər?
Fikrimcə, Azərbaycan ABŞ və Avropa ilə münasibətlərini yenidən nəzərdən keçirməli, obyektiv ola bilmədiyi halda özünü beynəlxalq insan hüquqları müdafiəçisi, demokratiya təəssübkeşi kimi dünyaya sırıyan, əslində isə ümumdünya iqtisadi-maliyyə maxinasiyaları və süni alovlandırılan vətəndaş müharibələri vasitəsi ilə 3-cü ölkələri pis vəziyyətə salıb onların sərvətlərini talayan bir qlobal şəbəkədən aralı durmalıdır. Nə vaxt özləri bizə numunə göstərərlər, onda bizdən nə isə tələb etmək haqqı qazanarlar. Hələlik isə, dünyaya nümunəni biz göstəririk. Bizim ədalətsiz, mövqesiz, riyakar, yalnız öz maraqlarını güdən dövlətlərə və "beynəlxalq" təşkilatlara ehtiyacımız yoxdur. Dünya böyükdür və o Qərb dövlətlərinə tabe olmağa məcbur deyil. Azərbaycan dövləti də heç bir beynəlxalq təşkilat qarşısında öz ümummilli və dövlət maraqlarını kənara qoyub, başqa dövlətlərin maraqlarını qoruyacağı haqda öhdəlik götürməyib. Bu səbəbdən düşünürəm ki, belə cəfəng fikirlərə ciddi əhəmiyyət vermək lazım deyil, çünki artıq dünya informasiya dünyasıdır. Bütün dünya kimin kim olduğunu görür, nəyin nə olduğunu bilir. Azərbaycan artıq özünü dünyada nümunəvi ölkə kimi təsdiq etmişdir. Bu ölkənin hansısa məsləhətlərinə ehtiyacı yoxdur". Əksər politoloqlar da hesab edir ki, ümumiyyətlə Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır.Çünki Riqa sammiti bir çox məsələlərə aydınlıq gətirdi. Hətta aydın oldu ki, hər zaman başı sığal görən Ermənistan Riqada diqqəti işğalçılıq siyasətindən yayındırmağa çalışıb. İndi isə qayıdaq Prezident İlham Əliyevin Riqa sammitinə qatılmamasının və Qərbin tutduğu saxta mövqeyə. Millət vəkili Asim Mollazadə bildirir ki, prezidentin Riqaya getməməsinin əsas səbəbi Avropa Parlamentində Azərbaycana qarşı təşkil olunan tədbirdir.
"Bu tədbir təxirə salınmadığına görə Azərbaycan prezidenti bu sammitə qatılmamaq qərarını verib",deyə millət vəkili vurğulayıb.
O, Azərbaycan-Avropa Birliyi strateji əməkdaşlığına toxunaraq deyib: "Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində müvafiq sazişi artıq imzalanıb. Bu saziş Azərbaycan və Avropa arasında mühüm rol oynayır və oynayacaq. Bundan başqa, Azərbaycan Avropa ilə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə hər zaman əməkdaşlığa hazırdır. Sadəcə, Azərbaycan çox istəyir ki, Avropa Birliyi məhz beynəlxalq normalara və hüququn aliliyinə arxalansın".
Ermənistanın Riqa sammitindən nə umduğuna şərh verən A.Mollazadə deyib ki, Ermənistan həmişə olduğu kimi burada da beynəlxalq ictimaiyyətin fikrini tamamilə səhv istiqamətə yönəltmək istəyəcək. "Öz işğalçı siyasətini, beynəlxalq hüquq pozuntularını beynəlxalq qurumların, eləcə də Avropanın gözündən yayındıraraq ört-basdır etməyə çalışacaq. Ermənilərin əsas siyasəti hamını aldadaraq özünü dünya ölkələrinə yaxşı göstərməyə hesablanıb. Bu ölkə hər dəfə dara düşəndə Avropaya inteqrasiyadan qaçaraq öz sahibinin qucağına qayıtmaq yolunu seçib. Ermənistan Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına qoşulandan sonra, gözlənilənlərin əksinə olaraq, Qərb dövlətləri onun haqqında müsbət fikirlər söyləməyə başlayıblar. Fikrimcə, bu məsələlərdə hüququn aliliyi gözlənilməli, Avropanın bir sıra strukturları bu haqda ciddi düşünməlidirlər."
A.Mollazadə prezidentin Riqaya getməmək qərarının Avropa Birliyi — Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyinə aydınlıq gətirərkən deyib: "Azərbaycan Avropa Birliyinin etibarlı tərəfdaşıdır. Hazırda ölkəmizlə AB arasında həm enerji, həm də strateji tərəfdaşlıqla bağlı sazişlər işlənib hazırlanır. Bu plan həm AB, həm də ölkəmiz tərəfdən müsbət qarşılanıb. Ölkə prezidentinin Riqa sammitində iştirak etməməsi tərəfdaşlar arasında heç bir ciddi problemə səbəb olmayacaq."
DİP sədri Avropa Birliyinin Azərbaycana qarşı ikili standartlar siyasəti yeritdiyini də dilə gətirib. Deyib ki, Ukraynanın ərazisinə müdaxilə edən Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr də, 20 ildən çoxdurAzərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı nəinki sanksiya, əksinə tərəfdaşlıq təklif olunur."Amma bir məsələyə də aydınlıq gətirmək vacibdir. Avropanın bəzi qurumlarının Azərbaycana təzyiqinə hüquqi yolla necə cavab vermək olar? Bununla bağlı "Unikal"a açıqlama verən hüquqşünas Mehman Muradlı maraqlı açıqlama verdi: "Avropa illərlə Azərbaycana qarşı qərəzli mövqe göstərib və bunu indi də davam etdirir. Bu münasibət müxtəlif səviyyələrdə olub. Dövlət səviyyəsində olan münasibətə XİN-i nota verməklə məsələnin hüquqi tərəfini həll etmiş olurar. Lakin qeyri hökumət təşkilatı səviyysində olan münasibətə hüquqi aspektdən cavab vermək çətinləşir. Bilirik ki, bu təşkilatlar birbaşa həmin ölkələrin hökumətinə bağlıdır. Lakin bu bəyənatlara hüquqi qiymət vermək mümkün deyil. Onlara ancaq bizim yerli QHT-lər vasitəsi ilə cavabların verilməsi məqsədə müvafiq hesab edirəm".
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01