Dünyanın ən məşhur milyarderindən həyəcanlı çağırış
11:51 23-05-2015
İQTİSADİYYAT
Dünyanın ən məşhur milyarderindən həyəcanlı çağırış
Corc Soros: "Rusiya ilə Çin birləşsə, dünya müharibəsi başlanacaq"
Məşhur ABŞ milyarderi Corc Soros ABŞ və Çin arasında münaqişənin yeni dünya müharibəsinə səbəb olacağı ilə bağlı açıqlama verib. Soros qeyd edib ki, əgər Çin öz iqtisadiyyatını ixraca deyil, daxili ehtiyacların ödənməsinə yönəltsə bu müharibə ssenarisi mümkündür.
Onun fikrincə, bundan qaçmaq üçün ABŞ Çinə böyük güzəştə etməlidir. "Çin yuanı Beynəlxalq Valyuta Fondunun valyuta səbətinin bir hissəsi olmalıdır. Amerika bu məsələdə güzəştə getməlidir" - deyə Soros vurğulayıb.
Əgər belə olarsa, bu zaman Çin yuanı dollara ciddi rəqib olacaq.
Soros bildirib ki, Çin öz növbəsində ölkə iqtisadiyyatının dəyişdirilməsində güzəştə getməlidir. Milyarder bildirib ki, ABŞ-la Çin arasında sazişin əldə olunması çətin olacaq: "Amma bunun alternativi çox pis olacaq".
"Əgər Çin Rusiya ilə birgə hərbi və siyasi ittifaq yaratsa o zaman yeni dünya müharibəsi təhlükəsi real olacaq"- deyə Soros vurğulayıb.
Avropa İttifaqı Rusiyaya səsləndi: "Qonşular üçün cəlbedici ol!"
"Mən "Şərq Tərəfdaşlığı"nın Rusiyaya qarşı yönəldiyini bəyan edənlərə cavab vermək istərdim. Bu belə deyil. "Şərq Tərəfdaşlığı" Rusiya və Aİ arasında gözəllik müsabiqəsi deyil. Lakin səmimi deyim ki, gözəllik faktorunu da nəzərə almaq lazımdır. Əgər Rusiya daha yumşaq, cazibədar, cəlbedici olsaydı, o öz çatışmazlıqlarını qonşuları barəsində bu cür destruktiv və təcavüzkar addımlarla əvəzləməzdi". Bunu Riqada "Şərq Tərəfdaşlığı"nın sammitində iştirak edən Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk bildirib.
Bununla belə, Avropa İttifaqı Şurasının prezidenti bildirib ki, Aİ-nin genişləndirilməsinə dair qərarın tezliklə qəbul edilməsinə çox da böyük ümid bəsləmək gərək deyil. "Biz hamımız səbirsizliklə dəyişikliklərin olmasını gözləyirik, lakin mən əminəm ki, biz hələ də strateji təmkinliyimizi möhkəmlətməliyik. Riqa sammiti böyük irəliləyişlərin elan etdirilməsinə həsr olunmayacaq. Bizim tərəfdaşlığımız, Aİ-nin özünün qurulduğu kimi, addım-addım irəliləyəcək və biz səylərimizi, əsasən, islahatlara yönəldəcəyik",- deyə Tusk qeyd edib.
Ukraynada münaqişənin hər iki tərəfi əsirlərə işgəncə verir?
Ukraynada münaqişə tərəflərinin hər ikisi də "Amnesty International" hüquq müdafiə təşkilatının sərt tənqidinə məruz qalıb. Təşkilat münaqişə tərəflərini hərbi cinayətlərdə, o cümlədən əsirlərə işgəncə verməkdə və onları öldürməkdə ittiham edib.
Təşkilatın bu ilin yazında tərtıb etdiyi 36 vərəqəlik hesabatında toplanmış məlumatına görə, əsirləri sümükləri əsilincə döyürlər, elektroşoker vasitəsilə əzab verir, bıçaqla xəsarət yetirir, asılı vəziyyətdə saxlayır, yuxusuz qoyur, habelə müntəzəm olaraq hədələyir və tibbi yardım göstərmirlər.
Məruzə qondarma DXR və LXR-in (Donetsk və Luqansk "xalq respublikaları") silahlı tərəfdarlarının əsirliyində olan 17 hərbçinin və Ukrayna ordusu, hüquq mühafizə orqanları və təhlükəsizlik xidmətinin əsirliyində olan 16 hərbçinin ifadələrinə əsaslanır.
Təşkilatın məlumatına görə, Ukrayna hərbçilərinin əsirlərlə rəftarı DXR və LXR silahlı tərəfdarlarının rəftarından yaxşı deyil
Məruzədə xüsusilə "Sağ sektor" nümayəndələrinin əsirliyində köhnə uşaq düşərgəsində saxlanılan hərbçinin hekayəti qeyd olunur. Əsirin sözlərinə görə, orada onunla saxlanılan onlarla mülki vətəndaşa "amansızcasına əzab verilirdi" və "onlardan və onların ailə üzvlərindən böyük məbləğdə pul qoparırdılar"
"Amnesty İnternational" münaqişənin hər iki tərəfinin "heç bir cinayət törətməmiş, lakin başqa tərəfə rəğbət bəsləyən" mülki şəxsləri əsir aldıqlarını qeyd edib.
Putinin daha
bir qələbəsi?
"Böyük Britaniyanın yeni energetika naziri Ember Radd keçən həftə "Centrica" şirkətinin "Qazprom"un tədarük etdiyi qazın ixracatını güclü şəkildə artırmaq niyyətini bəyənib. Bununla belə, London son aylarda Rusiyaya münasibətdə sərt sanksiyalar uğrunda qızğın şəkildə çıxış edir. Almaniya və Fransada çoxları sanksiyaları mənasız hesab edir. Deyəsən, indi London da onlara sarı vurnuxur". Bunu ABŞ-ın nüfuzlu "The Financial Times" nəşri yazıb.
Məqalədə daha sonra bildirilir: "Əslində, "Centrica" heç bir pis iş görməyib. Lakin Rusiyanın qaz strategiyasının necəliyni Britaniya hökumətinin anlayıb-anlamadığı məlum deyil. Moskvanın iki hədəfi var: Rusiya qazı üçün dünya bazarında pay yeri nişanlamaq və işləri elə qurmaq ki, qaz Qərbi Avropaya Ukraynadan və yaxud rahatsızlıq yarada bilən ölkələrdən yan keçsin.
"Qazprom" Hollandiya və Böyük Britaniyaya "ilmələr" atmaqla "Quzey axını"nı çoxdan uzatmaq istəyir. Planlaşdırılmış bütün qaz kəmərləri çəkiləndə Avropanın bütün əsas qaz bazarlarına ucuz qaz gələcək. Bazarda Rusiyanın payı qalacaq, Ukrayna tranzit ödənişindən məhrum olacaq və qazın pulunu əvvəlcədən ödəmək üçün vəsait axtarmalı olacaq.
Raddın "Centrica"nın sövdələşməsini bəyənməsi bütün bu planların gerçəkləşməsini xeyli yaxınlaşdırır. Radd bu qəraraı qəbul edənə qədər avropalı və hökumətdəki həmkarları ilə məsləhətləşibmi?
Mən bu arqumenti tam şəkildə başa düşürəm ki, Rusiya ilə ticarət, onu beynəlxalq kommersya strukturlarına cəlb etmək və bununla da açıq münaqişə ehtimalını azaltmaq yaxşı işdir. Lakin buna qarşı asılılığa düşmək riski durur. Britaniya əsasən Rusiya qazını işlətməyə başlasa, nə olar?
Əgər bu sövdələşmə Ukrayna uğrunda mübahisənin ciddi şəkildə nizamlanmasının elementidirsə, Rusiya ilə münasibətlərin bərpası, Ukraynanın neytral və federativ dövlətə çevrilməsi, heç bir tədarükçünün bazarda həddindən artıq çəki əldə etməməsi üçün Avropa və Böyük Brtitaniyaya müxtəlifyönlü qaz tədarükü baş tutsaydı, onda sövdələşmə məqbul və hətta ürəyimizdən olardı. Lakin bu sövdələşmə sanksiyalar siyasətini sarsıdır və Rusiyanın azğın gücünün doğurduğu təhlükənin Böyük Britanıyanı rahatsız etmədiyinə işarə vurur və BritaniyaRusiya strategiyası haqda heç nə bilmir.
Yəqin ki, Moskvada indi kimsə bığaltı qımışır..."
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05