Qərbdə islamafobiya güclənir, insan haqları isə itir
Bu gün dünyaya az qala demokratiya dərsi keçməyə çalışan Avropanın özündə insan hüquq və azadlıqları ilə bağlı ciddi problemlər yaranıb. Bir tərəfdən faşizm ideologiyasının genişlənməsi, digər tərəfdən islamafobiyanın inkişafı Qərbdə insan haqlarını demək olar ki, iflic hala salıb.
Maraqlıdır, hansı səbəbdən bu gün Qərb dünyasında belə proseslər baş verir? Bununla bağlı "Unikal"a açıqlama verən Ülkər Abdullayeva hesab edir ki, İslamafobiya termini ötən əsrin 80-ci illərində Avropa mətbuatına ayaq açıb. Lakin Avropa islamafobiyasının tarixi daha qədimdir:" Xüsusilə 2-ci Dünya Müharibəsindən sonra müsəlman ölkələrindən Avropaya miqrant köçü əslində bu problemin əsasını qoymuş oldu. Avropa müsəlmanlara qapılarını açaraq multikultural bir cəmiyyətin yaradılmasında maraqlı olduğunu göstərməyə çalışdı. Əslində o vaxtkı Avropa beyin mərkəzlərində düşünürdülər ki, dünyada barışı bərqərar etməyin yeganə yolu hamıya (aborigenlərə və gəlmələrə) bərabər yaşam imkanları, bərabər hüquqlar, öz mədəniyyətini qorumaq və təbliğ etmək imkanlarının verilməsidir. Amma müsəlmanlar çox irəli getdilər. Afrika və Asiya mənşəli müsəlmanlar getdikləri sivil Avropa ölkələrinə öz "mədəniyyətlərini", öz "adət-ənənələrini" gətirməyə çalışdılar. Və bu Avropada yerli əhalinin sıxışdırılması, diskriminasiyası ilə müşayiət olundu. Avropalılar işləyərkən, oxuyarkən, ölkələrini inkişaf etdirərkən, müxtəlif təsisatları genişləndirərkən, gəlmələr işləyən əhalinin hesabına işsizlik müavinəti alaraq keflə yaşayırdılar. Və onlar tədricən Avropanın qanunlarına məhəl qoymamağa başladılar və Avropanı Afrikalaşdırmağa, Asiyalaşdırmağa çalışdılar. Bu arada da İslam Avropada çiçəklənməyə başladı. Avropa alimləri hələ ötən əsrin 90-cı illərində həyəcan təbili çalırdılar ki, 2050-ci ildə Avropa əhalisinin əksəriyyəti müsəlmanlaşmış olacaq. Gəlmələrin hərəkətləri tədricən yerli əhalidə o qənaəti yaradırdı ki, Redyard Kiplinqin "Şərq Şərqdir, Qərb də Qərb. Şərqlə Qərb heç vaxt görüşməyəcəklər" fikri özünü təsdiqləyir. Afrikalı nə qədərAvropada yaşasa da, elə afrikalı olaraq qalır. İslam fundamentalistləri adı ilə ortaya çıxan miqrantların hərəkətləri isə getdikcə daha dözülməz olurdu. Yerli əhaliyə sataşma, qanunlara riayət etməmə, terror aktları törətmə və s. və i.
Soyuq müharibənin başa çatması, 1991-ci ildə SSRİ-nin dağılması Qərbin mübarizə obyektini dəyişdi. Onda kommunizm idi, indi isə İslamdır. Qərb liderləri artıq açıq şəkildə bəyan etməyə başladılar ki, onlar İslam fundamentalizmindən ehtiyat edirlər. Əslində İranın diskriminasiyası, dünyaya terror ixrac edən ölkə kimi təqdim olunması onu göstərirdi ki, Qərb sabiq müttəfiqinin İslam dövlətinə çevrilməsindən rəncidədir. Az qala dünyada baş verən bütün terror hadisələrini İranın ayağına yazırdılar. 2001-ci ilin 11 sentyabrında baş verən olaylarsa yanan ocağa benzin tökdü. Terrorun günah keçisi tapıldı müsəlman terrorçular, Əl-Qaidə. Sonra İslam inancına qarşı təqib, məscidlərin bağlanması, çadraya qadağa... Avropanın əsas liderlərindən biri, Angela Merkel rəsmən bəyan etdi ki, artıq Avropa qapılarını Şərqin üzünə bağlamalıdır. Çünki multikulturalizm Avropaya yalnız baş ağrısı gətirir, onun sivil inkişafını əngəlləyir. Daha əvvəl, Nikolya Sarkozi hələ Fransada daxili işlər naziri olanda miqrantlara qarşı müharibə elan etmişdi. Daxili toqquşmalarda nə qədər Afrika əsilli fransız öldürüldü və həbsxanalara atıldı.
Parisdəki Çarli Ebdo olayı isə Avropada islamafobiyanı pik səviyyəyə çatdırdı. Həmin terror aktının baş verdiyi günlərdə milyonlarla insan Paris küçələrinə axışaraq antiislam, antimiqrasiya çağırışları etdilər. Müsəlman ölkələrindən Avropaya gediş-gəlişə məhdudiyyətlər qoyuldu. Əslində Çarli Ebdo olayının pərdəarxası onu göstərirdi ki, müsəlmanların törətdiyi, yaxud da onların adına çıxılan bütün terror aktları islamafobiyanın artmasına gətirib çıxarır. "Müsəlmanların məsumiyyəti" filmi, Kurt Vestqardın terrorçu Məhəmməd peyğəmbər karikaturası, bu karikaturanın Fransa, Hollandiya, Almaniya, İtaliya, İspaniya, Norveç, Danimarka mediasında manşetləri bəzəməsi, 11 sentyabrın rahib Terri Cons tərəfindən "Quranyandırma" günü kimi qeyd olunması və s. islamafobiyanın təzahürləri idi. ABŞ-ın Pew Research Center sorğu mərkəzi İslam düşmənçiliyinin əsas mərkəzlərini müəyyənləşdirmişdi: İspaniya (52%), Almaniya (50%), Polşa (46%) və s. Fransa başda olmaqla bir sıra Avropa ölkəsində çadranın qadağan olması, müsəlmanların işə götürülməməsi, məktəb və liseylərdə müsəlman uşaqlarına qarşı diskriminasiya, məscidlərin bağlanması insan hüquq və azadlıqlarının beşiyi sayılan Avropada baş verirdi. Azərbaycan kimi ölkələri insan hüquq və azadlıqlarını pozmaqda ittiham edən, "vicdan məhbusları" siyahısı hazırlayaraq bundan bu ölkələr əleyhinə istifadə edən Avropanın əslində islamafobiya ilə daha çox insanın vicdan azadlıqları da daxil olmaqla hüquq və azadlığını pozması absurd, qeyri-səmimi görünür. Soyuq müharibə başa çatdısa da, Qərbin düşmən axtarışları başa çatmadı. Dünyanı bir şəkildə idarə etmək lazımdır. Sular durulanda balıqları tutmaq çətinləşir. Amma bulanıq suda balıq tutmaq asandır. Dünyanı ona görə bulandırırlar ki, hər kəs umduğunu əldə edə bilsin. Azərbaycan kimi zəif dövlətlər hər zaman güclü dövlətlər üçün yemdir. Biz akulaların üstündə dava etdiyi xırda balıqlardan biriyik. Həm də biz nə qədər sivil, demokratik, dünyəvi olduğumuzu bəyan etsək də, akulalar üçün yem olaraq qalırıq. Onlar sivilizasiyaların toqquşmasını süni surətdə qabardırlar. Bu günün tələbi əslində sivilizasiyaların uzlaşdırılmasını tələb edir, toqquşdurulmasını deyil. Qərb Kiplinqin fikirlərinə istinad etməkdə davam edir. Görün iş nə yerə çatıb ki, sivilizasiyalı dünyada çox kiçik paya malik olan Azərbaycan sivilizasiyalararası dialoqa, multikultural dəyərlərə sahib çıxmağa başlayıb. Bu gün Azərbaycanın tolerantlıq ənənələrini təqdir və təbliğ edirlər. Bakıda məscidin, kilsənin və sineqoqun yan-yana dayanmasına avropalıların özləri belə heyranlıqla baxmağa başlayıblar.Onlar məscidləri yıxarkən bizim kilsələri ucaltmağımız avropalıya qəribə gəlir. İndi dünyanı sivilizasiyalardan daha çox iqtisadiyyat və enerji maraqlandırır. Bu bizə elə gəlir ki, dünyanın, insanın ali məqsədi sivilizasiyaların dialoqunu yaratmaqdır. Bu günün ali məqsədi daha çox iqtisadi resurslara, enerji mənbələrinə malik olmaq və hegemoniya yolunda sürətlə irəliləməkdir. Əgər dediyiniz uzaqlaşma olacaqsa, inanın ki, bunun arxasında yalnız və yalnız maddi sərvətlərin əldə edilməsi və bölüşdürülməsi uğrunda mübarizə dayanacaq"."Unikal"a açıqlamasında hüquqşünas Mehman Muradlı da bu gün Qərb dünyasında baş verənlərə, həmçinin Azərbaycana hər addımda zərbə vurmağa çalışan qüvvələrlə bağlı duruma aydınlıq gətirərək aşağıdakıları bildirdi:"Azərbaycan müstəqllik qazanandan sonra nəinki şimal və cənub qonşuları tərəfindən təzyiqlərə məruz qaldı, hətta inandığı Qərb dövlətləri tərəfindən də təzyiqlərə məruz qaldı. Şimal qonşularımızın Azərbaycana olan təzyiqi birbaşa fizikidirsə, yəni Xocalı soyqırımı, terror hadisələri, Qərbin
təzyiqi isə daima psixoloji olub. Qərb əlində "insan haqları" silahından istifadə edir. Azərbaycan Avropa Şurasına üzv qəbul olunanda üzərinə öhdəliklər götürmüşdü və bu öhdəlikləri tamam yerinə yetirib. Lakin Qərb bu öhdəlikləri daha da çoxaldaraq Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. Qərbin öz maraqları var və bu maraqları realizə etmək üçün bütün vasitələrdən istifadə edir. Son Riqa sammiti də buna əyani sübutdur. Azərbaycan haqlı olaraq Riqa sammitinin yekun bəyənnaməsinə imza atmaqdan imtina etdi. Dəfələrlə bu cür təzyiqlər olub və Azərbaycan bu təzyiqlərə duruş gətirə bilib. Qərbin maraqları Azərbaycanın yerləşdiyi coğrafi əraziylə bağlıdı. Sual oluna bilər ki, bu cür təzyiqlər niyə Ermənistana qarşı olmur. Bunun çox asan cavabı var.Baxmayaraq ki,Ermənistan faktiki olaraq Rusiyanın ərazisi sayılır, lakin Qərb Ermənistana münasibətdə çox loyaldı. Hətta Qərb tərəfindən dağıdılmış və viran qoyulmuş Ukraynanın prezidenti Poroşenkonun da Azərbaycana olan münasibətini açıq şəkildə ortaya qoydu. İstənilən təzyiqin arxasında enerji daşıyıcıları durur. Qərb elə fikirləşir ki, Azərbaycana bu cür yersiz təzyiq etməklə nəyəsə nail olacaq. Amma illərin "mübarizəsi" göstərdi ki, bu mümkün deyil və Azərbaycan sözünü kifayət qədər sərt deyə bilir.
Avropa istəyir ki, Azərbaycanda anarxiya baş alıb getsin və onlar çox rahatlıqla öz istəklərinə nail olsunlar. Bu səbədən qatı cinayətkarı siyasi məhbus siyahısına salırlar ki, güya bizdə insan haqları pozulur. İddia eləmək olmaz ki, bizdə hər şey idealdı. Lakin zaman keçdikcə bu çatışmazlıqlar aradan qaldırılır. Yəni bu Qərbin istəyi ilə baş vermir, Azərbaycanın siyasi hakimiyyətinin iradəsi hesabına baş verir. Bu təzyiqlərdən qurtulmaq istəyiriksə onda Azərbaycan gərək Ukraynanın indiki halına düşsün, hər yer dağılmış formada olsun.
Qərbin hər hansı dövltə təzyiq vasitəsi ya iqtisadi olur ya da insan haqları məsələsi olur. Bilirlər ki, Azərbaycanla iqtisadi təzyiq dilində danışa bilmirlər. Bu səbəbdən məcburən insan haqları məsələsini ortaya atır.
Qərbin bu cür mövqeyi haqlı olaraq Azərbaycan tərəfindən ona olan inamın itirilməsinə gətirib çıxardıb. Bunu görməmək mümkün deyil. Azərbaycan prezidentinin Riqa sammitinə qatılmaması, yekun bəyənnaməyə imza atmaqdan imtina etməsi sonra da Qərb dövlətlərinin Azərbaycana minnətçi düşməsi göstərir ki, Azərbaycanın apardığı siyasət düzgündür və sonda müsbət nəticələrini verəcək".
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08