Erməni girovluğundakı vətəndaşlarımızın hüquqları
Dilqəm Əsgərovun oğlu: "Atamın, Şahbazın öz vətənində Ernmənistan tərəfindən girov saxlanılması insan haqlarının ayaq altına atılaraq tapdanmasının bariz nümunəsidir"
Bir aydan sonra Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpaqlarında girov götürülməsindən bir il keçəcək. Artıq 11 aydır ki, onlar dədə-baba torpaqlarında girov saxlanılır. Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dekabrın 29-da isə işğal olunmuş Xankəndi şəhərində Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulan "məhkəmə prosesi" yekunlaşıb. "Hakim" Anatoli Tadevosyan Dilqəm Əsəgrovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi ilə bağlı "hökm" verib. Beş saat davam edən qondarma prosesdə "hökm" oxunduqdan sonra Azərbaycan vətəndaşları üzü maskalı şəxslərin müşayiəti ilə Şuşa həbsxanasına aparılıblar. Onlar barəsində apellyasiya məhkəməsində də qərar dəyişdirilmədən saxlanılıb. Ən son məlumatlara görə, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş və saxta "məhkəmə" tərəfindən 22 il həbsə məhkum edilmiş Azərbaycan vətəndaşı Şahbaz Quliyev Xankəndindəki xəstəxanaların birində əməliyyat olunub. Azərbaycan hər iki həmvətənimizin öz doğma torpaqlarında girov saxlanılmasının beynəlxalq hüquq normalarına zidd olduğu barədə insan haqlarını qoruyan beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə məlumat versə də, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması istiqamətində beynəlxalq səviyyədə heç bir tədbir görülmür. Elə həmsöhbətimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasının eləcə də, onunla birgə öz yaxınlarının məzarını ziyarət etmək üçün dədə-baba yurdlarına gedən Şahbaz Quliyevin hələ də girovluqda saxlanılmasının beynəlxalq hüquq prinsiplərinə, eləcə də, insan haqları ilə bağlı qanunlara, beynəlxalq konvensiyalara zidd olduğunu söyləyir:
-Atanız az qala bir ildir ki, girov saxlanılır...
- Bu müddət bizə çox uzun gəldi. Elə bilirəm ki, atam illərdir ki, girovluqdadır. Hər gün bizim üçün əzab-iztirabdır. Atamın girovluqdan azad olunacağı günü səbirsizliklə gözləyirik.
- Dilqəm Əsgərovun səhhəti ilə bağlı məlumatınız varmı?
-Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri atamla görüşürlər. Amma onların bizə çatdırdığı məlumat ancaq atamın salamat olması ilə bağlıdır. Atamın səhhətində hansısa problemin olub-olmadığı barədə heç bir məlumat vermirlər bizə. Demək olar ki, "Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları atamın sağlamlıq durumu ilə bağlı bizə dəqiq heç bir söz demirlər. Odur ki, yaxın vaxtlarda yenidən BQXK-ya bununla bağlı müraciət edəcəyik. Baxmayaraq ki, indiyədək olan müraciətlərimizin heç birinə doğru-dürüst cavab verə bilməyiblər.
-Atanızdan məktub alırsınız. Nə yazır səhhəti ilə bağlı?
-Həmin məktublar bizim üçün sadəcə təsəllidir. Bilirik ki, atam o məktubda ürəyindən keçən sözləri, onun saxlanılması, sağlamlığı ilə bağlı həqiqəti əks etdirən heç nə yaza bilmir. Atamı məktubu bu formada yazmağa məcbur edirlər. Bununla belə yenə də ondan gələn bir parça kağız bizə ən azı sağ olması barədə təsəlli verir. Ötən gün də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları bizə zəng edib atamla görüşdüklərini, ondan bizə məktub gətirdiklərini dedilər. Atamın qoxusunu həmin məktublardan alırıq. Baxmayaraq ki, o məktubda atamın ürəyindən keçənlər ətraflı yazılmayıb. Atam o məktubda bəlkə də çox şey yazardı. Amma, onun vəziyyəti elədir ki, ürəyindən keçənlərin hamısını yaza bilmir. Bununla belə atamdan gələn məktubu səbirsizliklə gözləyirik. Atamın əlləri toxunan, nəfəsi dəyən məktub bizə ondan gələn ən böyük sovqatdır. Atamın səhhəti ilə bağlı ciddi narahatçılığımız var. Şahbaz Quliyevin Xankəndindəki xəstəxanaların birində əməliyyat olunmasından sonra bizim atamla bağlı narahatçılığımız daha da artıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişəm. Demişəm ki, mənə atamın videosunu gətirsinlər. Orada necə danışdığını görüm. Onda inanaram ki, vəziyyəti yaxşıdır. Gətirdikləri isə sadəcə kağız parçasıdır.
-Dəfələrlə atanızın saxlanılma şəraiti barədə məlumat verilmədiyindən narahatçılığınızı dilə gətirmisiniz. Bununla bağlı insan haqlarının qorunması ilə məşğul olan beynəlxalq təşkilatlara müraciətlərinizə nə cavab gəlib?
-Atam öz vətənində girov saxlanılır. Çox təəssüf ki, beynəlxalq təşkilatlar hələ də Ermənistana təsir edə bilmir. Atamın hansı vəziyyətdə saxlanıldığını, ona hansı işgəncələr verildiyini bilmirik. Amma bunu təsəvvür etmək çətin deyil. Çünki, ermənilər bizim əsir və girovlara tarixin indiyədək şahidlik etmədiyi, ən ağır işgəncələri veriblər. Martın 10-da məhkəmə zalında atamı və Şahbazı şəkillərdə gördüm. Həmin fotolar da təsdiqləyir ki, atam və Şahbaz çox ağır şəraitdə saxlanılır. Bir dəri-bir sümük qalıb hər ikisi. Bu böyük dərddir bizim üçün. Atamın və Şahbazın həbsxanadakı taleyindən çox narahatıq. Gecə də, gündüz də narahatçılıqdan özümüzə yer tapa bilmirik. Ermənilərin girovları həbsxanada kimlərlə birgə saxlaması barədə Qızıl Xaçdan bizə bir məlumat vermələrini xahiş etmişik. Amma indiyədək onların həbsxanada kimlərlə, hansı şəraitdə saxlanılması barədə bizə bir məlumat verilməyib. Sadəcə dəhşətə gəlirəm. Beynəlxalq təşkilatlar düşmənin əlində olan iki insanın taleyinə necə soyuqqanlı, laqeyid yanaşa bilirlər? Atam da, Şahbaz da Şuşa həbsxanasındadır. O həbsxanada atam, Şahbaz, kimlərlə saxlanılır? Əgər atamı və Şahbazı 20-30 erməninin içində saxlayırlarsa onları, düşünün atamın, Şahbazın vəziyyətini. Onlar sizcə sağ qala bilərmi o ermənilərin içində? Bizə onların kimlərlə saxlanıldıqları barədə təcili məlumat verilməlidir. Təcili olaraq Qızıl Xaç bu məsələyə aydınlıq gətirməli, girovlarımızın ayrı kamerada saxlanılması məsələsini qaldırmalıdır. Beynəlxalq təşkilatlar onların azad edilməsi istiqamətində əməli iş görməlidirlər.
-Dekabrın 29-da işğal olunmuş Xankəndi şəhərində atanız və Şahbaz Quliyevin üzərində qurulan qondarma "məhkəmə prosesi" yekunlaşdı. "Hakim" Anatoli Tadevosyan Dilqəm Əsəgrovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi ilə bağlı "hökm" verdi. Atanızın ömürlük, Şahbazın 22 il azadlıqdan məhrum edilməsi qərarının dəyişdirilməsi üçün insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlardan sizə dəstək göstərən oldumu?
-Atam heç kəsi öldürməyib. Bunu atamın ona atılmış böhtanı inkar etməsi,həm də ermənilərin əlində ola-ola təyziq altında belə inkar etməsi bir daha təsdiqləyir. Yaxşı olar ki, atamı oğlunun qatili adlandıran Sumbatın Çakanyanın anası öz içlərindəki qatilləri axtarsın. İndiyə qədər bizi öz doğma torpaqlarımıza həsrət qoyan, körpə uşaqları analarının gözü qarşısında qəddarlıqla qətlə yetirib ağlar qoyan erməni qatillərini!. O ki, qaldı beynəlxalq təşkilatlara, onlar da biz də bu məhkəmənin qondarma olduğundan onun qərarını qərar hesab etmirik. Amma hesab edirəm ki, bu sözdə olmamalıdır. Atamın, Şahbazın azad olunması üçün həmişə insan haqlarından danışan beynəlxalq təşkilatlar qabağa durmalı, girovların azadlığını tələb etməlidirlər. Hamıya bəllidir ki, bu məhkəmə yox,düşmənin qurama bir oyunudur. Beynəlxalq təşkilatları bu qurama oyuna son qoymaları üçün erməni tərəfə sərt tələb qoymağa çağırıram.
-Atanızın və Şahbazın hələ də girov saxlanılması işğalçı Ermənistanın insan haqlarını kobud şəkildə pozmasının bariz nümunəsidir. İnsan haqlarının qorunması ilə bağlı Azərbaycana tez-tez tövsiyyə verən Qərb dövlətlərindən, eləcə də beynəlxalq təşkilatlardan girovların azad olunması ilə bağlı nəhayət ki, konkret iş görəcəklərinə ümidiniz varmı?
- Ümid sonda ölür deyirlər! Mənim atamın və Şahbazın girovluqdan azad ediləcəyinə ümidim hələ də var... Atamın, Şahbazın öz vətənində Ermənistan tərəfindən girov saxlanılması insan haqlarının ayaq altına atılaraq tapdanmasının bariz nümunəsidir.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01