Vətəndaşların mülkiyyət hüququ dövlət tərəfindən necə qorunur?
Hüquqşünas Nemət Ağalarov Mülki Məcəllənin Azərbaycan vətəndaşlarına tanıdığı hüquqların izahını verib
Hər bir cəmiyyətdə insanlara tanınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. İlk baxışdan insan həyatı üçün əhəmiyyətli sayılmasa da, mülkiyyət hüququ bəzi məqamlarda müqəddəs dəyərlərdən sayılır. Çünki insanlar adətən mülkiyyətlərini qorumaq və bu hüquqlarının tapdanmaması üçün ən kəskin mübarizəyə belə girirlər.
Azərbaycan qanunvericiliyində də mülkiyyət hüququnun qorunması ilə bağlı önəmli məqamlar təsbit olunub. Azərbaycan vətəndaşlarının hər birinin mülkiyyət hüququ dövlət səviyyəsində qourunur və yarana biləcək hər hansı bir problemin çözülməsi də qanunlarla həll olunur. Ekspertlər hesab edirlər ki, istər iqtisad, istərsə də hüquq elmi müxtəlif münasibətlərin olmasına baxmayaraq mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi baxır. Beləliklə, iqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və sərəncam verməklə əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilmiş iqtisadi münasibətlər başa düşülür. Bu münasibətlər hüquqla mühafizə edildikdə mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti, yəni iqtisadi münasibətləri möhkəmləndirir və mühafizə edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Bu barədə fikirlərini "Unikal"la bölüşən hüquqşünas Nemət Ağalarov deyib ki, mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür. Onun sözlərinə görə, onlar obyektiv və subyektiv mənada ortaya çıxır: «Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ dedikdə isə mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququ başa düşülür. Demək, mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir. Sahiblik hüququ - əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Söhbət əgər faktiki sahiblikdən gedirsə, bu o demək deyildir ki, sahibkar əşya ilə bilavasitə təmasda olsun. Məsələn, uzunmüddətli məzuniyyətdə olan şəxs onun evində olan əmlakın sahibi olaraq qalır. Deməli, əşyaya faktiki sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Əmlak üzərində sahiblik qanuni və qanunsuz ola bilər. Əşya üzərində sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul sahibliyi deyilir. Hüquqi əsasları olmayan sahiblik qanunsuz və yaxud titulsuz sahiblik adlanır. Əmlak, ümumi qayda üzrə o adamların sahibliyində olur ki, bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə hallarda mübahisəli məsələlərə faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə baxılır. Başqa sözlə, əmlakın faktiki sahibinin əmlak üzərindəki sahibliyinin əksi sübuta yetirilməzsə, tanınır. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir".
Hüquqşünas onu da nəzərə çatdırıb ki, qanunsuz sahiblik öz növbəsində iki yerə, vicdanlı və vicdansız sahibliyə ayrılır. Onun fikrincə, Mülki Məcəllənin 166-cı maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal edilməsindən bəhs edilir: «Həmin maddəyə uyğun olaraq daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir. Əşyanın vicdanlı sahibi isə öz ehtimal edilən hüququna uyğun olaraq əşyadan fayda götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərərçəkən şeyin əvəzini ödəməyə borclu deyildir".
Müsahibimiz insanlara tanınan sahiblik hüququna da toxunub. Hüquqşünas deyib ki, istifadə hüququ - əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır: «Ola bilsin ki, bəzi əşyalar həm şəxsi, həm də təsərrüfat məqsədilə istifadə edilsin. Məsələn, tikiş maşını ilə nəinki ailə üzvləri üçün, habelə haqqı ödənilməklə digər şəxslər üçün də paltar tikilə bilər. İstifadə hüququ, adətən sahiblik hüququna söykənir. Lakin sahibi olmadığın əşyadan da istifadə etmək olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak kirayəsi müqaviləsinə görə kirayəçi, nəinki əmlakın müvəqqəti sahibi, o, həmçinin, əmlakın istifadəçisi hesab edilir. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməsi və ya ona qulluq olunması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanın başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər".
Qanunvericilikdə önəmli hüquqlardan biri də sərəncam hüququdur. Bu barədə də fikirlərini bildirən həmsöhbətimiz deyib ki, sərəncam hüququ əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır: «Mülkiyyətçi öz əmlakını satmaq, kirayə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edir. Bir qayda olaraq, əmlak üzərində sərəncam mülkiyyətçiyə məxsus olur. Mülkiyyətçi olmayanın əmlak üzərində sərəncam verməsi yalnız qanunda göstərilən hallarda ola bilər. Bu, kreditorun borcunu ödəmək məqsədilə mülkiyyətçinin əmlakının məcburi satılmasında və s. hallarda özünü göstərir. Məsələn, vətəndaşlar özlərinə məxsus olan bu və ya digər əmlaklarını ssuda almaq məqsədilə lombardlara təhvil verirlər. Əgər onlar göstərilən müddətdə aldıqları pulu geri qaytarmasalar lombardlara verilən əmlak satılır. Sonra verilmiş ssuda götürülür, qalan hissə isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə edildikdə onlar öz varlığını itirir, məhv olurlar. Bununla əlaqədar olaraq mülkiyyət hüququ xitam edilir. Deməli, mülkiyyətçi tərəfindən əmlakın məhv edilməsi də sərəncam hesab edilir. Lakin əmlakını məhv edən mülkiyyətçinin fəaliyyətinin hüquqi tənzimini vermək nəzərə çarpacaq dərəcədə mürəkkəbdir. Əgər mülkiyyətçi əmlakı məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını birtərəfli qaydada əqdin baş verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına və yaxud bu hüquqdan imtina olunmasına yönəldilmişdir. Yox, əgər əmlakdan bir dəfə istifadə olunmaqla mülkiyyət hüququna xitam verilirsə, onda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına deyil, əmlakdan faydalı xassələrin hasil edilməsinə yönəlir. Deyilən misalda əmlak üzərində sərəncam hüququnun deyil, istifadə hüququnun həyata keçirilməsi baş vermiş olur".
Nemət Ağalarov onu da vurğulayıb ki, mülkiyyət hüququnun anlayışının açılması mülkiyyətçinin malik olduğu səlahiyyətlərlə başa çatmır. Onun qənaətincə, eyni səlahiyyətlərə həm mülkiyyətçi, həm də digər şəxslər malik ola bilər. «Bunun üçün məhz mülkiyyətçinin səlahiyyətlərini əks etdirən spesifik əlamətlər müəyyən olunmalıdır. Bu əlamətlər ondan ibarətdir ki, mülkiyyətçi öz səlahiyyətlərini öz mülahizəsinə görə həyata keçirir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünümüdafiə tədbirlərindən də istifadə edə bilər. Lakin mülkiyyətçinin əmlak üzərində sahibliyini nəhayətsiz hesab etmək olmaz. Qanuna görə mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, xüsusilə dövlətin qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir. Mülkiyyətçinin sahiblik və istifadəsində olan əmlak üzərində hüquqlarını həyata keçirmək üçün təkcə o lazımdır ki, üçüncü şəxs həmin əmlaka təcavüz etməsin. Lakin həmişə belə olmur. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə hüquq münasibətinə girir. Mülkiyyətçi bu zaman öz hüquqlarını həyata keçirsə də, bəzən həmin hüquqların tənzimlənməsi mülkiyyət hüququnun hüdudlarından kənara çıxır, o, özü isə satıcı, kirayə verən, girov qoyan kimi çıxış edir. Belə hallarda mülkiyyət hüququ pozulmuşsa, onda hər şey bu hüququn saxlanıb saxlanılmamasından asılı olur. Əgər bu hüquq saxlanmışsa, pozulmuş hüquqların bərpası mülkiyyət hüququ institutu normaları ilə baş verir. Əgər mülkiyyət hüququ qalmamışsa, onda pozulmuş hüquqların bərpası digər hüquq normaları ilə mümkün olur. Beləliklə, mülkiyyət hüququ normaları digər hüquq normaları ilə daimi əlaqədə və qarşılıqlı fəaliyyətdədir", -deyə hüquqşünas fikrini tamamlayıb.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03