Süni uşaq qidalarının təbliği, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanunun tələblərini pozur
Eyyub Hüseynov: "Bu, Körpələrin və erkən yaşlı uşaqların qidalanması hüququnun pozulması ilə sonuclanır
Ötən gün bütün dünyada olduğu kimi, Azərbaycanda da 1 iyun "Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi" günü qeyd edildi. 365 günün yalnız bir gününü uşaqların hüquqlarının müdafiəsinə həsr etsək də, əslində demək olar ki, hər gün uşaqların hüquqlarının qorunmasından, onların öz hüquqlarını qorumaq yaşına çatanadək müdafiə etməyin vacibliyindən danışır, bu istiqamətdə işlər görürük.
Azərbaycan uşaqların hüquqlarının müdafiəsi istiqamətində çoxsaylı işlər görsə də, hələ də uşaq hüquqlarının pozulması, qanunvericiliyin uşaqların hüquqlarını qorumağa yönəlik imkanlarından lazımınca istifadə edilməməsi, yaxud da süni istifadə edilməsi hallarına rast gəlinir. Bu dəfə isə əsas diqqəti "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunun tələbinə, bu qanunun uşaqların hələ doğulduğu andan qidalanması zamanı hüquqlarını qoruyan qanunverici aktın necə pozulmasına yönəldəcəyik. Öncə qeyd edək ki, bu qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Ölkəmizdə "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanun xeyli vaxtdır qəbul edilsə də Azərbaycanda anaların 50 faizi körpəsinə ana südü vermir. Bu sözləri ölkənin baş pediatrı Nəsib Quliyev də təsdiqləyir. N. Quliyev körpələrin göstəriş olmadan süni uşaq yeməyi ilə qidalandırılmasının "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanuna zidd olduğunu bildirir: "Qanunda göstərilib ki, körpə 1 yaşına qədər ana südü ilə qidalandırılmalıdır. Amma bu qanunun tələbinə məhəl qoyulmur".
N. Quliyev deyir ki, pediatrlar daim analara ana südü ilə qidalandırmanı təbliğ etməlidirlər. Süni qidanın fəsadları barədə analar məlumatlandırılmalıdır. Baş pediatrın sözlərinə görə, süni qida keyfiyyətsiz, köhnə olarsa, körpələrdə mədə-bağırsaq pozğunluqları yaradır: "Aparılan tədqiqatlar göstərir ki, süni uşaq yeməyi ilə qidalanan körpələrdə ishal xəstəlikləri ana südü ilə qidalananlara nisbətən 17 faiz çox olur. Hətta süni uşaq yeməkləri ilə qidalanan körpələrdə ölüm riski 3,9 dəfə çox olur. Süni uşaq yeməkləri körpələrin intellektual, fiziki inkişafına da mənfi təsir göstərir".
Baş pediatr bu səbəbdən körpələrin ana südü ilə böyüdülməsinin vacib olduğunu, genefondumuzun qorunması üçün süni qida bazarının daim nəzarətdə saxlanılmalı oldğunu söyləyir: "Əgər həkimlər anaya süni qidaları təklif edirsə, o zaman onlar "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunu pozmuş sayılırlar. Bu qanun körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının təbliği və müdafiəsinin başlıca istiqamətlərini, süni qida məhsullarının istehsalı, idxalı, reklamı və satışına nəzarətin təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, bu gün həkimlər tərəfindən süni uşaq qidaları ana südündən çox reklam edilir: "Bizə verilən məlumatlara görə, ana doğum evindən çıxıb öz evinə çatan gün ona gizli nömrədən telefon zəngi gəlir. Dəstəyi qaldıran zaman telefonda bir xanım ananı körpəsi olması münasibətilə təbrik edir. Daha sonra ondan uşağına hansı qidanı verdiyini soruşur. Ananın körpəsini hansı qida ilə qidalandırdığını dəqiqləşdirdikdən sonra sağollaşıb dəstəyi asır. Bizə tez-tez belə məlumatlar daxil olur. Bütün bunlar göstərir ki, yeni övlad dünyaya gətirən analara zəng edənlər süni uşaq qidası satışı ilə məşğul olan firmaların işçiləridir. Onlar ananın uşağına hansı qidanı verdiyini dəqiqləşdirməklə öz məhsullarının nə qədər satılacağını planlaşdırırlar. Bu zaman sual çıxır ki, görəsən bu firmalar həmin şəxsin yenicə ana olduğunu və onun mobil telefonunun nömrəsini haradan bilirlər?
Ananın adı, ünvanı, telefon nömrəsi doğum evində onun üçün açılmış "kartiçka"da göstərilir. Ana evə çıxarkən ona uşağa hansı südü verməyi isə doğum evindəki pediatr məsləhət verir. Elə firmalar da ananın xəstəxanadan öz evinə yollandığı barədə məlumatı doğum evindən alırlar. Hər gün nə qədər ananın doğum evindən öz evinə çıxdığını bilən bu firmalar eyni zamanda ananın mobil telefonunun nömrəsini də götürürlər. Beləcə asanlıqla öz məhsullarını evə çıxan analara məsləhət görülməsi barədə razılığa gəldikləri pediatrlardan hansının nə dərəcədə bu sövdələşməyə əməl etdiklərini üzə çıxarırlar. Bu yolla da süni uşaq qidası satan firma həmin pediatrlara müəyyən faiz ödəyir".
E. Hüseynov belə halda ana südü ilə qidalanmanın faizini artırmağın mümkünsüz olduğunu bildirir: " "Azərbaycanda "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanun var. Həmçinin respublikamız uşaqların ana südü ilə qidalanmasına dair BMT-nin çərçivə sazişinə qoşulub. Həm ölkə qanunvericiliyində, həm də beynəlxalq konvensiyalarda yazılır ki, qida distributerləri pediatrlarla əlaqəli olmamalıdır. Hətta pediatrlar qida distributerlərinin sponsorluğu ilə gəzintilərə, səfərlərə, ekskursiyalara getməməlidir. Amma Azərbaycanda pediatrların bir hissəsi süni qida satışı ilə məşğul olan şirkətlərin təsiri altındadır. Onların vəsaiti hesabına da səfərlərə, ekskursiyalara gedir. Bizim təşkilatda məlumat da var ki, qida distributerləri arasında kimin daha çox pediatrı təsir altına alması uğrunda mübarizə gedir. Respublikamızda isə bu hallara barmaqarası baxılır. Distributorlar yalnız pediatrları yeni elmi texniki nəticələr barədə maarifləndirməli və onlara məlumat verməlidirlər. Onların həkimlərə sponsorluq etməsi, konfranslara göndərməsi qadağandır. Körpə qidaları satan distributorların pediatrlarla çox sıx əməkdaşlıq etməsi dəhşətli haldır. Bizdə olan məlumatlara görə, analar doğum evində olan zaman onlara pulsuz körpə qidaları verilir və oradaca körpələr süni qidalara alışdırılır. Doğum evlərinin müdirlərinin birbaşa körpə qidalarının satışı üzrə distributorla əlaqəsi var".
AİB sədrinin sözlərinə görə, həmçinin bu gün süni uşaq qidaları cəlbedici reklam edilir: " "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunun bir sıra tələblərinə əməl olunmur. Süni uşaq qidalarının həm reklamı, həmçinin də markalanmasında ciddi nöqsanlara yol verilir. Qanunla uşaq qidasının üzərində şən, gülərüz uşaq şəkli ilə diqqəti çəkmək qadağandır. Amma uşaq qidalarının reklamında bu qadağalara məhəl qoyulmur. Analar müxtəlif cəzbedici reklam şitləri ilə süni uşaq qidasına cəlb edilir".
E. Hüseynovun sözlərinə görə, uşaq qidasını daşıyan avtomobillərin üzərində də bu cür qanunsuz reklamlara yol verilir: "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanunun 10-cu maddəsində süni qida məhsullarının reklamına qoyulan tələblər var. 0.1. bənddə bildirilir ki, qida formulları barədə məlumatlar yalnız elmi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdə verilə bilər. 10.2. bəndə görə, istehsalçılar və distribütorlar süni qida məhsulları barədə informativ, tədris və elmi xarakterli materialları yazılı, audio, video və digər formada tibb işçilərinə təqdim edə bilərlər. 10.3. bənddə qeyd olunub ki, bu qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulan məlumatlar elmi mətnlərlə məhdudlaşdırılmalı, süni qidalanmanın ana südünə bərabər və ya ondan üstün olması təsəvvürünü yaratmamalıdır. 10.4. bəndin tələbində süni qida məhsullarının körpə şəkillərinin təsviri ilə reklamının qadağan olduğu bildirilir. 10.5 bənddə qeyd olunub ki, süni qida məhsullarının satış-sərgisini və xüsusi nümayişini reklam məqsədi ilə təşkil etmək qadağandır. 10.6. bəndin şərtinə görə, süni qida məhsullarının reklamında ana südünün üstünlüyü mütləq qeyd olunmalıdır".
E. Hüseynov deyir ki, çox təəssüf ki,bəzən bu qanunun mövcud tələbinə məhəl qoyulmur, bu isə körpələrin və erkən yaşlı uşaqların qidalanması hüququnun pozulması ilə sonuclanır.
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08