Paytaxtda vətəndaşların qeydiyyatsız yaşamağının yol açdığı problemlər...
Müzəffər Baxışov: "Vətəndaşların paytaxtda qeydiyyata düşməsinə mane olan səbəb, Bakıda sənədsiz evlərin çoxluq təşkil etməsidir"
Paytaxt Bakıda qeydiyyatsız yaşayanların sayının günü-gündən artdığı hər kəsə bəllidir. Urbanizasiya nəticəsində rayonlardan paytaxta axın Bakıda eləcə də Bakıətrafında qeydiyyatsız yaşayanların sayı sürətlə artır.
Maraqlı məqam isə ondadır ki, paytaxta gələnlərin çoxu Bakıda özünə ev-eşik qursa da onların qeydiyyat problemi elə problem olaraq qalır. Bu isə özü-özlüyündə vətəndaşların bir sıra problemlərlə üzləşməsinə, bəzən hüququnun pozulması hallarına da gətirib çıxardır. Tutaq ki, vətəndaş rayonlardan hansındasa qeydiyyatdadırsa, Bakıda yaşasa da, tibbi müayinədən pulsuz keçməsi üçün qeydiyyatda olduğu yerdə poliklinikada tibbi xidmətdən yararlana bilər. Yaxud da əgər təcili hansısa xəstəliyə görə cərrahi əməliyyat olunmalıdırsa, mütləq qeydiyyatda olduğu yer üzrə xəstəxanada pulsuz tibbi xidmət ala bilər. Əks halda mütləq qeydiyyatda olduğu rayonun xəstəxanasından göndəriş almalıdır və sair. Qeydiyyatsız yaşamağın problemlərini saymaqla qutarmaq mümkün olmadığından qanunvericiliyin tələbini aydınlaşdırmaq qərarına gəldik. Bəs görəsən, qanunla vətəndaşların ölkə ərazisində bir yerdən digər yerə köçdükdə qeydiyyatı hansı formada aparılır? Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Hüquqi Dövlət Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, bütün bu məsələlər isə 1996-cı ildə qəbul edilmiş "Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının Qanunu"na əsasən tənzimlənir.
M.Baxışovun sözlərinə görə, Konstitusiyaya görə də Azərbaycan Respublikasının vətəndaşları ölkə ərazisinin istənilən yerində qeydiyyata düşə bilər. Ana qanunumuzun 28-ci maddəsinin tələbinə görə, hər bir şəxs Azərbaycan ərazisində müstəqil hərəkət edə, özünə yaşayış yeri seçə bilər. M.Baxışov deyir ki, bununla belə "Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının Qanunu"nun tələbinə görə, vətəndaş olduğu yer üzrə qeydiyyata düşməlidir: "Sözsüz ki, qanunda bununla bağlı yerli və xarici vətəndaşlar üçün müəyyən müddət də nəzərdə tutulur. Amma ümumilikdə sözügedən qanunun 1-ci maddəsinə görə, ölkə vətəndaşları üçün qeydiyyat məcburi sayılmır".
Ekspert deyib ki, vətəndaşların yaşayış yerini dəyişərkən olduqları yerdə qeydiyyata düşməsi çox vacibdir. Onun sözlərinə görə, əslində "Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu"na uyğun olaraq qeydiyyata düşmək vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaradır: "Bu "Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu"n 5-ci maddəsi ilə tənzimlənir. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması maddəsinə görə, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər".
M.Baxışov deyir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsaslarına görə, ölkə vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar: "Bəziləri bu qeydiyyat məsələsinə dırnaqarası yanaşır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi ölkədə yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz".
Hüquqşünas deyir ki, Bakıda qeydiyyatsız yaşayanların qeydiyyata düşməsinə mane olan səbəb, paxtaxtda sənədsiz evlərin çoxluq təşkil etməsi əsas rol oynayır. Həmsöhbətimiz deyib ki, sənədsiz tikililər sənədləşdirilməyənədək vətəndaşların paytaxtda qeydiyyata düşməsi mümkünsüz olacaq: "İndi insanların bir-birinə etibarı da azalıb. O zaman deyil ki, kiminsə öz evinə müvəqqəti qeydiyyata düşməsinə razılıq verəsən. Hətta qohum olsa belə, bu məsələdə insanlar olduqca tərəddüd edirlər. Düzdür, sovet dövründə sənədsiz evlərdə qeydiyyatsız yaşayan insanlar məhkəmənin qərarı ilə yaşadıqları ünvanda qeydiyyata düşə bilirdilər. Amma indi mövcud qanunvericilik buna imkan vermədiyindən vətəndaşlar sənədsiz mənzillərdə qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər. Ona görə də bu məsələ ancaq qanunsuz tikililərin sənədləşdirilməsindən sonra həll oluna bilər".
M.Baxışov deyir ki, bəzən yaşayış yeri və olduğu yer anlayışları ilə bağlı hüquqpozmalara da rast gəlinir: "Şəxsin yaşayış yeri, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunla müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır".
Müsahibimizin sözlərinə görə, qanun bəzən qeydiyyata almanı məhdudlaşdıra da bilər: ""Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının qanunu" 4-cü maddəsinə görə, sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər".
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01