İnsan haqlarının qorunmasının Azərbaycan modeli
10:10 30-06-2015
SİYASƏT
İnsan haqlarının qorunmasının Azərbaycan modeli
Elşən Musayev: "Avropa Oyunlarından əvvəl Azərbaycana qarşı qərəzli fikirlərin səslənməsinin müxtəlif səbəbləri vardı"
Bir neçə gün öncə Azərbaycanda Milli İnsan Hüquqları günü qeyd olundu. Qeyd edək ki, 18 iyun- İnsan Hüquqları günü Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ölkəmizdə təsis olunub.
Bu günün təsis olunmasında Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsinin və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmasıda da böyük rolu olub. Ölkəmizdə insan hüquqlarının qorunması yönündə kiçik nöqsanlar olsa da, ümumilikdə Azərbaycanda insan haqlarının müdafiəsi istiqamətində ciddi işlər aparılıb. Bu gün Azərbaycan dinindən, irqindən, milliyətindən asılı olmayaraq öz ərazisində yaşayan bütün xalqların hüquqlarını eyni dərəcədə qoruyur. Demək olar ki, hər bir ölkə vətəndaşı hüququ pozulduğu an aidiyyatı instansiyalara müraciət edərək öz hüquqlarını bərpa etmək imkanına malikdir. Elə hüquq müdafiəçiləri də son zamanlar Azərbaycanda insan haqları ilə bağlı vəziyyətə bəzi qüvvələr tərəfindən kölgə salmaq cəhdləri olsa da, ölkəmizdə siyasi baxışlarına görə təqib olunan insanların olmadığını, Azərbaycanın demokratiyanın tələblərinə uyğun şəkildə davrandığını söyləyirlər.
Millət vəkili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyir ki, Azərbaycanda bu günün təsis olunması bir daha ölkəmizin insan haqlarının qorunmasında demokratik yol seçdiyinin göstəricisidir: "Konstitusiyamız ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Ölkəmizdə həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. Ombudsman təsisatının yaradılmasını, hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı kimi də qiymətləndirmək olar. Ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamında ölkəmizin hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmaqla yanaşı, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. Buna misal kimi BMT və Azərbaycan hökuməti arasında imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" Memorandumu göstərmək olar".
Ç.Qənizadənin sözlərinə görə, bu gün regionlarda da, insan hüquqlarının müdafiəsi istiqamətində müsbət istiqamətdə tədbirlər görülür: "Regionlarda da İnsan Hüquqları üzrə Müvəkkilin regional mərkəzləri açılıb. Bu mərkəzlər əhalinin ombudsmana müraciət etməsini asanlaşdırıb. Bütün bunlar isə ölkədə insan hüquqlarının qorunmasına xidmət edir". Ç.Qənizadə bildirir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işləri beynəlxalq təşkilatlar da yüksək qiymətləndirir. Xüsusilə Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizənin uğurla davam etdirilməsi alqışlanır. Bununla belə Ç. Qənizadə hələ də bəzi təşkilatların ölkəmizdə insan haqlarının qorunması istiqamətində gördüyü işləri görməzdən gəldiyini deyir: "Nədənsə, bəzi xarici təşkilatlar, Azərbaycanın hansısa vətəndaşının hüququnun pozulmasını, yaxud polisin haqlı tələbinə tabe olmayan, qanunları kobud şəkildə pozan birisinin məsuliyyətə cəlb edilməsini əlində bayraq edir. Azərbaycan elə bir ölkədir ki, istənilən vətəndaş, istənilən əcnəbi rahat şəkildə Azərbaycanda yaşaya, gəzib-dolaşa bilər. Burada hər bir kəsin azadlıqları qanun çərçivəsində qorunur, dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda azad cəmiyyət var, inkişaf və tərəqqi var. Təbii ki, bu reallıqları görüb qəbul edənlərlə yanaşı, uğurlarımıza şərik çıxmayan, buna qısqanclıqla yanaşanlar da var. Belələrinin qeyri-obyektiv mövqeyi, haqsız iradları isə qərəzdən, təzyiq vasitəsindən, ikili standartlardan başqa bir şey deyil".
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də ölkəmizdə insan haqlarının qorunması sahəsində elə də ciddi problem olmadığını deyir. E. Musayev bildirir ki, bununla belə xüsusilə Avropa Oyunları öncəsi ölkəmizdə insan haqları sahəsində vəziyyət məqsədli şəkildə pislənir: "Avropa Oyunlarından əvvəl Azərbaycana qarşı qərəzli fikirlərin yayılmasının müxtəlif səbəbləri vardı. Proseslərin içərisində Azərbaycanın radikal müxalifəti də var. Radikal müxalifət Azərbaycan hakimiyyətinin gördüyü işləri qara çərçivəyə salır və dünyaya təqdim edir. Bunu "Avroviziya" mahnı müsabiqəsindən əvvəl də gördük. Azərbaycan dövləti gördüyü işlərlə öz fəaliyyətini qabardır. Lakin Azərbaycanı sevməyən daxili qüvvələr öz fantaziyalarından doğan məlumatları xarici dairələrə çatdırırlar. Həmin qüvvələrin Azərbaycana qarşı aktivləşəcəkləri əvvəlcədən gözlənilən idi. Azərbaycan dövlətinin uğurlarını və iqtisadi inkişafını həzm edə bilməyənlər beləcə fəallaşırlar. Azərbaycana qarşı böyük şəbəkə qurmaq istəyirlər. Bu şəbəkədə dini radikal qruplaşmalar, Azərbaycan daxilində olan siyasi radikallar, erməni diasporundan maliyyələşən və dünyanın müxtəlif yerlərinə səpələnən Azərbaycanın düşmənləri də var. Azərbaycan dövləti və hakimiyyəti isə kifayət qədər güclüdür. Azərbaycan Avropa Oyunlarına bu qədər sərmayə qoyubsa, deməli özünə güvənir. Bu yarışın açılışında Azərbaycanın gücü və çəkdiyi zəhmət özünü göstərdi. Amma bəzi qüvvələr maliyyə məsələsini qabartmaqla belə ölkəmizdə insan haqlarının qorunmadığını diqqətə gətirməyə cəhd edirlər".
Onun sözlərinə görə, bəzən ölkəmizdə vergi borclarına görə, barəsində cinayət işi açılan QHT rəhbərlərinin həbsi siyasiləşdirilir. Onun sözlərinə görə, son günlər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun 10 aydır gizləndiyi İsveçrə səfirliyinin binasını Azərbaycan və İsveçrə hakimiyyətləri arasında əldə edilmiş razılıq sayəsində tərk etməsi də dırnaqarası hüquq müdafiəçiləri tərəfindən geniş müzakirə mövzusu olub. E. Musayev deyir ki, Emin və Mehman Hüseynov qardaşları Azərbaycanın ictimai-siyasi həyatında ən antikvar tipajlardan biridir.Onun sözlərinə görə, bu iki qardaşı birləşdirən bir məsələ var ki, onlar bütün fəaliyyətləri boyu Azərbaycan dövlətçiliyinə, maraqlarına zidd, ölkə adına neqativ, kölgə salacaq işlərlə məşğul olublar. E. Musayev deyir ki, bu onların sanki bir həyat missiyasına çevrilib: "Konkret olaraq Emin Hüseynovun İsveçrə səfirliyi tərəfindən himayə olunması, bir müddət səfirlik tərəfindən gizlədilməsi, diplomatik korpusun fəaliyyəti, öhdəlik və prinsiplərinə, diplomatik qaydanın nizamnaməsinə uyğun olmayan bir formada, Azərbaycan qanunlarına qarşı çıxaraq belə fəaliyyətlərini davam etdirməsi Azərbaycan dövləti tərəfindən həmişə qınanılıb. Bu məsələ ilə bağlı səfirliyə də nota verilib, dövlətə də xəbərdarlıq edilib. Amma buna rəğmən Azərbaycan yenə də bu məsələdə dərinə getmirdi. İsveçrə səfirliyinin Emin Hüseynovu ölkədən çıxarması ilə bağlı təşəbbüsünə qədər. Bütün hallarda Emin Hüseynov və onu müdafiə edən qüvvələrin insan hüquq və haqlarından danışmağa ən azından haqları yoxdur. Çünki, Azərbaycanın hüquq mühafizə orqanları Emin Hüseynovun konkret cinayət qanunvericiliyinin maddəalarını pozması ilə bağlı ortaya faktlar qoyub. Söhbət 160 min manat civarında vergi cinayətindən gedir. Emin Hüseynov özü də bunu etiraf edir. Son olaraq qeyd edir ki, borcu ödəyib. Amma hüquq-mühafizə orqanları tamamilə başqa şey deyir. Söhbət 160 min manat vergidən gedirsə, deməli bu milyonlarla dollar civarında böyük bir məbləğin vergisidir. Bu hələ bizə məlum olanıdır. Əslində xarici dövlətin bir QHT rəhbərinə bu qədər maliyyə ayırması və onun hesabatını verməməsi özü absurd məsələdir. Emin Hüseynov konkret cinayət maddəsilə məsuliyyətə cəlb olunmuşdu. İndi də Emin Hüseynovla bağlı məsələ şişdiyindən onu himayə edən qüvvələr hansısa bir şəkildə onu müdafiə etməyə çalışacaq".
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38