I Avropa Oyunları Azərbaycana təkcə medallar qazadırmadı

İlk Avropa Oyunları ölkəmiz üçün mühüm praktiki nəticələr verdi: dostlar sevindi, düşmən kədərləndi...

Artıq ilk Avropa Oyunları tarixə qovuşdu. 17 gün ərzində 253 dəst mükafat uğrunda mübarizə aparan 50 ölkə təmsilçisinin yarışı sona çatdı. Azərbaycan paytaxtında ən yüksək səviyyədə reallaşan bu tədbir isə ölkəmiz üçün təkcə idman nailiyyətləri baxımından yox, həm də digər parametrlər üzrə mühüm nəticələri ilə yadda qaldı. Avropanın müxtəlif ölkələrini təmsil edən atletlər ayrı-ayrı idman növləri üzrə yarışaraq, ən güclüləri müəyyənləşdirdilər. Yayın bu isti günlərində Avropanın ürəyi Azərbaycanda döyündü. Azərbaycan uzun illər xatırlanacaq bir turnirə ləyaqətlə ev sahibliyi edərək, üzərinə götürdüyü öhdəlikləri artıqlaması ilə yerinə yetirdi.

Artıq tarixə çevrilmiş Oyunlarla bağlı uzun müddətdir müzakirələr gedir. Bu tədbirin ölkəmiz üçün müstəsna əhəmiyyəti şəksizdir. Amma bəzi ağzıgöyçəklərin xeyli müddətdir Avropa Oyunlarının perspektivsizliyindən bəhs edən açıqlamalarını gördük.
Artıq Oyunlar başa çatıb və biz bir çox məsələlərə praktik cavablar tapmaq imkanına malikik. Əlbəttə ki, Azərbaycan hələ yarışların ölkəmizdə keçirilməsi üçün müraciət edərkən hər şeyi ölçüb-biçmiş, imkanları götür-qoy etmişdi. İndi - Oyunlar başa çatdıqdan sonra məmnunluqla demək olar ki, hər şey planlaşdırılan kimi oldu. Avropa Oyunlarının yüksək səviyyədə təşkilatçılığı ilə çoxlarını susdurduq...
Azərbaycan sübut etdi ki, istənilən böyük tədbirə ev sahibliyi etmək iqtidarındadır. Özü də başqalarının 5-7 ilə etdiklərini 2 il yarıma reallaşdırmaqla. Bütün işləri də yüksək səviyyədə, yüksək keyfiyyətdə, adına layiq etdi. Böyük idman arenaları tikildi, infrastruktur yaradıldı. Yarışların keçirildiyi 18 idman obyekti tam hazır vəziyyətə gətirildi. Kristal Zal, Heydər Əliyev adına İdman Arenası, Bakı Atıcılıq Mərkəzi, Milli Gimnastika Arenası, Tofiq Bəhramov adına Stadion, Olimpiya stadionu kimi obyektlər göz oxşadı.
Oyunların gedişi zamanı təhlükəsizlik ən yüksək səviyyədə qorundu, şəhər infrastrukturu, nəqliyyatın idarəedilməsi peşəkarcasına oldu. Məhz bunun nəticəsində 17 gün ərzində heç bir problem yaşanmadı. Diqqət yetirsək, görərik ki, Oyunlarda iştirak edən 6000 idmançıdan, məşqçi heyətindən, texniki personaldan olan heç kim təşkilatçılıqla bağlı kiçicik də olsa tənqidi fikir söyləmədi. Çünki hər şey zərgər dəqiqliyi ilə planlaşdırılmışdı.
Avropa Oyunlarının yüksək səviyyəli təşkilatçılığı ilə Azərbaycan sübut etdi ki, sabit, iqtisadiyyatı inkişaf etmiş, təhlükəsizlik standartlarına cavab verən dövlətdir. Bəzilərinin təqdim etdiyi kimi, geridə qalmış, sivil dünyadan uzaq düşmüş ölkə deyil.
Azərbaycan sübut etdi ki, müstəqilliyinin yaşı çox olmasa da, əsl idman ölkəsidir. 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medala yiyələnən millimiz yalnız Rusiyadan geri qaldı. Beləliklə, idmançılarımız Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə kimi böyük ölkələri qabaqladılar. Bunlar sadəcə, rəqəm deyil. Bu göstəricilərin arxa planında illərlə görülən işlər, illərin əziyyəti, dövlətin idmana qoyduğu böyük investisiyalar durur. Bu göstəricilər bir daha açıq şəkildə deyir ki, Azərbaycan Avropanın hegemon idman dövlətinə çevrilməkdədir.
Bu Oyunlar Azərbaycana özünü dünyaya daha geniş tanıtmaq imkanı da yaratdı. Möhtəşəm açılış və bağlanış mərasimləri mədəniyyətimizin, tariximizin, milli ornamentlərimizin dünyaya çatdırılması üçün yaxşı bir tribuna oldu. Dünyanın dörd bir yanında gerçəkləşən canlı yayımlarda Bakının gözəlliyindən, füsunkarlığından danışıldı. Muğamımız, xüsusi fərqləndirilmə ilə "Qarabağ şikəstəsi", "Sarı gəlin", düşmənlərimizin ələ keçirməyə çalışdıqları kamanımız, Simurq quşu əfsanəmiz canlandırıldı, lazımi ünvanlara mesajlar çatdırıldı. Bir sözlə, möhtəşəm açılış və bağlanış mərasimləri başdan-başa Azərbaycanın təbliği oldu.
Birinci Avropa Oyunlarının ortaya çıxardığı gerçəkliklərdən biri də istedadlı Azərbaycan gəncliyi oldu. Oyunların könüllüləri əvvəldən axıra kimi fövqəladə arzu və istəklə, peşəkarlıqla, onlara həvalə edilən işlərin öhdəsindən layiqincə gələrək alqış qazandılar. I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi bağlanış mərasimindəki çıxışında dediyi kimi, onlar olmadan bu tədbirin keçirilməsi çox çətin olardı.
Oyunlara böyük tamaşaçı marağının olması da təqdirəlayiq idi. Demək olar ki, bütün yarışlar böyük tamaşaçı dəstəyi ilə keçirildi. Arenalarda tamaşaçı qıtlığı yaşanmadı. İnsanlar saatlarla bilet növbəsinə durub ailələri ilə birlikdə idman yarışlarını izləmək üçün imkan əldə etməyə çalışdılar. Bu, Azərbaycan insanının idmana, sülhə, əmin-amanlığa nə qədər bağlı olduğunu göstərmiş oldu.
Təbii ki, hələ Oyunlar başlamamış Azərbaycanın önə çıxdığını görən məlum dairələr tərəfindən qara piar, gözdənsalma kampaniyası da aparıldı. Amma bunlar hamısı gözlənilən idi. Meydana oyun qaydalarına əməl etmək iqtidarında olan, gücünü ortaya qoya bilən bir rəqib gəlirsə, ənənəvi güclərin müqaviməti də qaçılmaz olur. Xoşbəxtlikdən bu müqavimət bizi dayandıra bilmədi, əksinə, daha da birləşdirdi, daha da monolitləşdirdi. Xalqla dövlət daha da sıx birləşərək, əvvəlcədən müəyyənləşdirilən yoldan zərrə qədər də sapma olmasına imkan vermədi. Qarayaxanlar isə özləri dediklərini ancaq özləri eşitdilər.
Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki də rəsmi bağlanış mərasimindəki çıxışında açıq şəkildə vurğuladı ki, Avropa Oyunlarının gələcəyi parlaqdır. Oyunların Bakıdan alovlandırılan məşəli hələ çox ölkələri gəzəcək və hər dəfə də Odlar yurdu Azərbaycan xatırlanacaq.
Bütün bunları ümumiləşdirsək, artıq başa çatmış ilk Avropa Oyunları Azərbaycan üçün bir qürur mənbəyi və gələcək üçün vizit kartıdır. Bu Oyunları keçirməklə biz özümüzə olan inamı artırdıq, idman infrastrukturumuza investisiya qoyduq. Ölkəmizin təbliği ilə ciddi şəkildə məşğul olduq, həm də böyük bir təcrübə topladıq.
Bir az da ümumiləşdirsək, artıq başa çatmış ilk Avropa Oyunları Azərbaycanın inkişaf etməkdə olan sabit bir Avropa ölkəsi olduğunu ortaya qoymuş oldu. Qəbul etsələr də belədir, etməsələr də. Azərbaycan onu Suriya, Liviya kimi görmək istəyənlərə mesaj verdi ki, heç də Almaniyadan, Fransadan, Böyük Britaniyadan geri qalan ölkə deyil. Ən azı, həmin ölkələr kimi böyük idman yarışlarına ev sahibliyi etmək iqtidarındadır.
Bizə isə bu uğurlardan qürur duymaq və xalqımıza daha böyük layihələrə imza atmağı arzulamaq qalır. Azərbaycan bundan da böyük qələbələrə layiqdir…
Şahin