Mərkəzi və yerli icra orqanlarında
yaradılan İctimai şuralar nə iş görəcək?
Azər Allahverənov: "İctimai Şuralar həmin qurumlarla ictimaiyyət arasında bir körpü olacaq"
Ölkədə vətəndaş cəmiyyətinin inkişafında Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolu əvəzsizdir. Hətta deyirlər ki, QHT-lər olmasa, vətəndaş cəmiyyəti qurmaq çətin olar. QHT-lər ölkədə demokratik cəmiyyətin qarantı hesab olunurlar. Artıq yaxın zamanlarda QHT-lər mərkəzi və yerli icra orqanlarında da təmsil olunacaqlar.
Yəni mərkəzi və yerli icra orqanları vətəndaş cəmiyyəti institutlarının sözünü dinləməyə, onların tövsiyəsinə qanuna müvafiqdirsə əməl etmək məcburiyyətində qalacaqlar. "İctimai iştirakçılıq haqqında" ölkə başçısının təsdiqlədiyi qanunun tələbinə görə artıq mərkəzi icra orqanlarında ictimai şuraların yaradılmasına başlanılıb. Bu günki həmsöhbətimiz isə həmin ictimai şuralardan birinin sədri, eyni zamanda "Həyat" Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənovdur. Qeyd edək ki, yaxınlarda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki keçirilib. Azər Allahverənov səsvermə yolu ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib.
-Azər müəllim öncə sizi Dövlət Miqrasiya Xidməti yanında yaradılan İctimai Şuranın sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Ümumiyyətlə maraqlıdır, Mərkəzi və yerli icra orqanlarında yaradılan İctimai Şura üzvlüyünə seçki keçirilir? Bu seçkinin şəffaf keçirilməsinə, yəni həmin qurumlara yaxın şəxslərin bu İctimai Şuralarda təmsil olunmasını əngəlləmək üçün keçirilən seçkiyə nəzarət hansı formada aparılır?
- "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə ölkə başçısının 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq 20 may 2015-ci il tarixdə saat 15.00-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki keçirildi. Seçkidə vətəndaş cəmiyyəti institutlarının 36 nümayəndəsi seçici qismində iştirak edirdi. Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açıldı və səslər Komissiya üzvlərinin iştirakı ilə və müşahidəçilərin nəzarəti altında hesablandı. Səsvermənin nəticəsinə görə seçicilər tərəfindən namizədlərdən mənə 25 səs, Bağırov Kənana 29 səs, Dadaşova Şərqiyəyə13 səs, Əmirhüseynova Mahirəyə 15 səs, Kətanov Məmmədə 27 səs, Məmmədova Kəmaləyə 23 səs, Məmmədov Sahibə 28 səs və Pənahova Natavana 9 səs verilib. Beləliklə, səsvermə nəticəsində səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplayaraq mən "Həyat" Beynəlxalq Humanitar Təşkilatının sədri olaraq, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və Liderlik Məktəbi baş məsləhətçi Bağırov Kənan, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri Kətanov Məmməd, Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Məmmədova Kəmalə və Vətəndaşların əmək hüquqlarını müdafiə liqası təşkilatının İcraiyyə Komitəsinin sədri Məmmədov Sahib Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri seçildik.
-Şura ilk iclasını keçiribmi?
- Mayın 20-də Dövlət Miqrasiya Xidmətində seçki keçirildi və ictimai şuranın üzvləri seçildi. Ötən ayın 8-də isə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirildi. İclasda İctimai Şuranın iclaslarının reqlamentinin müəyyən edilməsi haqqında, həmçinin təşkilati məsələlərə baxıldı. Şuranın üzvü, olaraq mən səsvermə yolu ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçildim. Xidmətin struktur bölmə və sisteminə daxil olan qurum rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev də iştirak etdi. Xidmət İctimai Şuranın Dövlət Miqrasiya Xidmətinin əsas prioriteti olan müraciət edənlərin məmnunluğunun təmin edilməsi, operativlik, şəffaflıq kimi prinsiplərin daha mükəmməl şəkildə reallaşdırılmasına öz töhfəsini verəcəyinə inandığını bildirdi.
-Azər bəy, iclasdan söz düşmüşkən, sizin bu iclaslarda müzakirə edəcəyiniz məsələlər icimaiyyət üçün də maraqlıdır. Çünki, sonucda siz İctimai Şura olaraq ictimaiyyətin maraqlarından çıxış edən məsələləri, problemləri qabardacaqsınız. Bəs biz KİV olaraq bu problemlərin nədən ibarət olduğunu ictimaiyyətə çatdırmaq üçün o tədbirlərə dəvət alacağıqmı? Yəni, İctimai Şuraların iclasları mətbuata açıq olacaqmı? Ümumiyyətlə İctimai Şuraların iclasları ilə bağlı qanunvericilikdə qaydalar necədir?
-Bu məsələ "İctimai iştirakçılıq haqqında" qanunun 8-ci maddəsində öz əksini tapıb. Göstərilib ki, İctimai şuranın iclasları ildə dörd dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar ictimai şura sədrinin təşəbbüsü və ya üzvlərinin üçdəbir hissəsinin təşəbbüsü ilə çağırılır. 8.2 bəndə görə,İctimai şuranın iclasları açıq keçirilir. 8.3. bənddə göstərilir ki, İctimai şuranın iclasının gündəliyinin layihəsi ictimai şura sədrinin və üzvlərinin təklifləri əsasında formalaşır və iclasda təsdiq olunur. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı ictimai şuranın müzakirəsinə məsələlər təklif edə bilər. İctimai şura üzvlərinin yarısından çoxu iştirak etdikdə iclaslar səlahiyyətlidir. İctimai şuranın iclaslarını onun sədri aparır. Sədr olmadıqda isə iclasa sədrlik onun müavini tərəfindən həyata keçirilir. İctimai şuranın aktları iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir və sədrlik edən tərəfindən imzalanır. Səslər bərabər olarsa sədrin səsi həlledici olur. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanının nümayəndələri ictimai şuranın iclaslarında iştirak edə bilərlər. Eləcə də mətbuat da bu iclaslarda iştirak edə bilər.
-Bəs İctimai Şuraların vəzifələri nədən ibarət olacaq?
-İctimai şuranın hüquqları və vəzifələri barədə 7-ci maddədə göstərilib. Qanunun 7.1 bəndində qeyd olunub ki, İctimai Şuraların hüquq və vəzifələrinə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq daxildir. Bura eyni zamanda ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək, müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək, müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər (ictimai müzakirələr, dinləmələr, seminarlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər) təşkil etmək; ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək; hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək; şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını, ekspertləri və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrini, ayrı-ayrı mütəxəssisləri cəlb etmək; öz məqsədlərini həyata keçirmək üçün daimi və müvəqqəti işçi orqanlar (komitələr, komissiyalar, ekspert qrupları, işçi qruplar və s.) yaratmaq daxildir. İctimai şura üzvlərinin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yerləşdiyi binaya müvafiq orqan tərəfindən müəyyən olunmuş qaydada daxil olmaq hüququ da var. İctimai Şuraların vəzifələrinə gəlincə, vəzifələrə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, habelə digər normativ hüquqi aktlara riayət etmək; şuranın fəaliyyəti barədə əhalini məlumatlandırmaq; öz fəaliyyətinə dair illik hesabat hazırlamaq və dərc etdirmək; müzakirə olunan məsələlərə qərəzsiz yanaşmaq daxildir.
-Sizcə İctimai Şuralar yerli və mərkəzi icra orqanlarından asılı, onların sözünü deyən bir təşkilata çevrilməyəcək ki?
-İctimai Şuralar həmin qurumlarla ictimaiyyət arasında bir körpü olacaq. Biz İctimai Şura olaraq cəmiyyətdə miqrasiya ilə bağlı məlumatları toplayacaq, ictimaiyyəti bu sferada narahat edən məlumat bazası yaradacağıq. Eyni zamanda həmin məsələlərin həlli yolları ilə bağlı qanunun imkan verdiyi həddə Dövlət Miqrasiya Xidmətinə
təkliflər verəcəyik
-Bu işdə sizə uğurlar arzulayırıq.
-Biz də sizə minnətdarıq ki, KİVDF-nin bu cür layihələri vasitəsilə cəmiyyətə İctimai Şuraların yaradılması, onların görəcəyi iş barədə məlumat verirsiniz.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16