General oğlunun hərəkəti "qai" işçilərini qorxuya salıb
10:58 11-07-2015
CƏMİYYƏT
General oğlunun hərəkəti "qai" işçilərini qorxuya salıb
İşdən qovulan yol polisi əməkdaşı: "… atamı, anamı söydü, ölümlə hədələdi"
Son günlər yol polisi əməkdaşları ilə bəzi məmur və məmur övladları arasında münaqişələrin yaranması halları intensivləyib. Üçgün öncə axşam saatlarında kobud qayda pozan sürücü ilə yol polisi arasında dava düşüb.
"Unikal"ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Lətif oğlu Qasımov avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayaraq, ondan sənədləri tələb edib. Bu zaman o, sənəd əvəzinə ağır söyüşlər "alıb".
Bundan əsəbiləşən polis əməkdaşı daha ağır ifadələrlə sürücünü təhqir edib və tərəflər arasında dava düşüb. Yalnız ətrafdakıların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Sonda sürücü sənədlərini təqdim etmədən ərazini tərk edib. Yol polisi səhər işə gəldikdə sürprizlə qarılaşıb. Məlum olub ki, axşamkı hadisəyə görə onu işdən azad ediblər. O da məlum olub ki, saxladığı sürücü general-polkovnik, Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur. Məlumat üçün bildirək ki, N.Sadıqovun iki oğlu var. Kiçik oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. Böyük oğlu isə Xarici İşlər Nazirliyində çalışır.
Vaqif Əsədovdan özünüqoruma açıqlaması
Ancaq məsələ ilə bağlı rəsmi mövqe veriləndən sonra situasiya dəyişib. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün bəzi kütləvi informasiya vasitələrində "General oğluna görə yol polisini işdən çıxardılar" başlıqlı yazı ilə bağlı açıqlama verib. DYP-nin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, istənilən yol polisi əməkdaşı təhkim edildiyi ərazidə xidmət apararkən vətəndaş-polis münasibətlərinə diqqətlə yanaşmalı, fəaliyyəti ilə bağlı yüksək nizam-intizam göstərməlidir: "Əlbəttə, bütün bunlara rəhbərlik tərəfindən müxtəlif texniki nəzarət edilir və həmin əməkdaşların fəaliyyətinə qiymət verilir. Yolda xidmət aparan yol polisi əməkdaşı işində nöqsana yol verirsə onunla bağlı dərhal şikayət daxil olur və araşdırma aparıb tədbir görürük. Ona görə ki, yol polisi əməkdaşı kimliyindən asılı olmayaraq qayda pozan hər bir vətəndaşa qarşı gördüyü tədbir qanuna əsaslanmalıdır".
O ki qaldı yol polisi əməkdaşı Cavanşir Lətif oğlu Qasımovun işdən çıxarılmasına, Vaqif Əsədov bildirib ki, həqiqətən də belə bir əməkdaş işdən azad olunub: "Lakin onun işdən azad olunması son aylar həmin əməkdaşla bağlı daxil olmuş materiallarla bağlıdır. Həmin materiallar və inspektorun yaş həddi nəzərə alınaraq onun təqaüdə göndərilməsi barədə qərar verilib".
İşdən qovulan polis "açdı sandığı, tökdü pambığı"
Ən maraqlısı isə odur ki, işdən qovulan polis əməkdaşı açıqlama verərək biabırçı faktları üzə çıxardı. şdən qovulan yol polisi Cavanşir Lətif oğlu Qasımov hadisə ilə bağlı açıqlama verib: "Gecə təxminən 01:00 radələri olardı, Mərdəkan-Buzovna yolunda içkili sürücülərlə bağlı reyd aparırdıq. Gördük ki, bir maşın manevr qaydasını pozdu, üstəlik işıqlı yolda uzaqvuran işıqdan istifadə edir. Saxlayanda təhlükəsizlik kəmərini də taxmadığını gördüm. Özümü təqdim etdim. Elə sözümü bitirməmiş mənə dedi ki, "nə istəyirsən əəə, nə düşmüsüz yenə yollara?" İş başında olduğumu xatırlatdım və qayda pozan sürücünü saxlamağın vəzifə borcum olduğunu bildirdim. Dedi ki, kəmər taxmamışam, yaxşı eləmişəm, küçük. Mən də ağsaqqal adama qarşı nalayiq sözlər işlətməyin ayıb olduğunu bildirdim. Bundan sonra o, bir az da özündən çıxdı, düşdü maşından, təkrarən məni təhqir etməyə başladı, ailəmi, anamı, atamı söydü. Üstümə hücum çəkdi, hətta məni ölümlə hədələdi, dedi ki, maşınla üstündən keçərəm. Amma yanımdakılar araya girdi, imkan vermədilər... Sonra avtomobilinə minib, sürdü getdi".
Sabahı günü işə gələn C.Qasımov Bakı şəhər Baş Polis İdarəsindən onu axtardıqlarını eşidib: "Sonra rəisimiz mənə dedi ki, sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu? Dedim ki, o vətəndaşdır, qayda pozuntusuna yol verib, mən də borcumu yerinə yetirib saxlamışam. Mənim kimi dövlətə, dövlətçiliyə sadiq, işinə məsuliyyətli və vicdanlı polisi işdən çıxardılar. Məcburiyyət qarşısında qalıb təqaüdə çıxdım. Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun. Onun atası generaldır, mənim atam isə 2-ci qrup böyük vətən müharibəsi əlili. Mən nə edə bilərəm? Əlacım ona qaldı ki, ərizəmi yazıb təqaüdə çıxım".
Cavanşir Qasımov onu işdən çıxartıranın Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqov olduğunu bildirib. Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. O, qayda pozuntusunu 10 NP 020 dövlət nömrə nişanlı "Range Rover" markalı maşınla törədib.
Ölkə başçısının
xəbərdarlığını eşitməyənlər
"Unikal" olaraq, xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə məmur və məmur övladlarının qanunsuz hərəkətləri və onlara qarşı qanini tədbir görməyənlərlə bağlı xəbərdarlıq edib. Prezident yüksək vəzifə tutan məmurların övladlarının harın hərəkətlərinin yolverilməz olduğunu və belə hal baş verərsə həmin şəxslərin işdən qovulacağını bildirmişdi: "Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim".
Ancaq görünən odur ki, bəzi məmurlar və onların övladları Prezidenttin bu tələblərini və xəbərdarlığını unudublar. Təəssüfləndirici məqamlardan biri də odur ki, hansısa məmurun, yaxud məmud övladının qanunsuz hərəkətlərinə görə qanunu keşiyində dayanan şəxslər cəzalandırılır. Generalın oğluna görə qanunun tələblərini yerinə yetirən polis əməkdaşının aqibəti isə digər həmkarlarını qorxuya salıb.
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59