Səlim Müslümov bu ilin ötən dövrünün hesabatını verdi
09:38 15-07-2015
CƏMİYYƏT
Nazir: "Azərbaycanda ayrıca işsizlik sığortası sisteminin qurulmasına ehtiyac var"
"Son 6 ay ərzində məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunub".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib.
Nazir hesabat dövründə 2 120 nəfərə işsiz statusu verildiyini, 2 320 nəfərə işsizlik müavinəti təyin edildiyini, 1 800 nəfərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunduğunu bildirib. Bundan başqa, o, "Əmək Birjaları" tərəfindən 1 480 nəfərin, respublikanın 11 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında isə 650 nəfərin işlə təmin edildiyini əlavə edib.
"Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5%-dir. Bununla belə, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması, eləcə də onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması üçün aktiv məşğulluq tədbirlərinin artırılması zəruridir. Ölkəmizdə ayrıca işsizlik sığortası sisteminin qurulmasına olan ehtiyacı diqqətinizə məruzə edir və bu barədə müvafiq tapşırıqlar verməyinizi xahiş edirəm", - deyə S.Müslümov qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanda qurulan əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə imkan yaradıb: "2015-ci ilin 1 iyul tarixinə həmin sistemə 55 min işəgötürən tərəfindən 1 milyon 262 min aktiv işçi üzrə 2 milyon 360 min əmək müqaviləsi bildirişi daxil edilib".
Xarici vətəndaşlara iş icazəsinin verilməsi məsələsinə toxunan S.Müslümov cari ilin 6 ayı ərzində nazirliyə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 9 357 müraciətin daxil olduğunu bildirib və əlavə edib ki, bu ötən ilin ilk 6 ayına nisbətən 11,8% çoxdur.
"Təəssüf ki, bu müraciətlərin yalnız 7%-ə yaxını yüksək ixtisaslı mütəxəssislərə aid olub. Yüksək ixtisaslı mütəxəssislərin Azərbaycanın əmək bazarına cəlb edilməsi üçün patentləşdirmə sisteminin formalaşdırılması, ixtisassız işçi qüvvəsinə verilən iş icazəsi qaydalarının isə sərtləşdirilməsi barədə təkliflər hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq", - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, ötən 6 ay ərzində respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni, ölkə əhalisinin 5%-nə ünvanlı dövlət sosial yardımı verilib ki, bu da əvvəlki ilə nisbətən 20% azdır.
"Cari ilin ilk 6 ayı ərzində sosial öhdəliklər vaxtında və tam yerinə yetirilib, işsizliyin və yoxsulluğun azaldılması, əlillərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin və sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Hesabat dövründə 414 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 54 min nəfərə Prezident təqaüdləri ödənilib. İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq və birdəfəlik sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənib", - deyə nazir vurğulayıb.
S.Müslümov Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan şəxslərin və şəhid ailələrinin mənzil və fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binasının istifadəyə verildiyini, hazırda isə İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası və 52 rayonda 375 fərdi evin inşası, eləcə də 165 mənzilin alınması işlərinin davam etdirildiyini bildirib.
"Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin və fərdi evin verilməsi təmin ediləcək", - S.Müslümov əlavə edib.
Hüseyn Isgəndərov
Digər Xəbərlər
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20