Usubov 155 polisi mükafatlandırdı

Usubov 155 polisi mükafatlandırdı

DİN-də Avropa Oyunları zamanı nümunəvi xidmətə görə fərqlənən əməkdaşlara mükafat verilib

İyulun 14-də Daxili İşlər Nazirliyində (DİN) I Avropa Oyunları zamanı ictimai asayişin qorunmasında qarşıya qoyulan tapşırıqların və təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşa mükafatların təqdim olunmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, mərasimi açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində ötən ay respublikamızda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilini məmnunluqla xatırladıb. I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşın və hərbi qulluqçunun qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsl vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdikləri vurğulanıb.
Dövlət başçısının tapşırığı ilə I Avropa Oyunları zamanı xidməti vəzifələrini nümunəvi yerinə yetirdiklərinə, ictimai qaydanın və təhlükəsizliyin təminində yüksək peşəkarlıq göstərdiklərinə görə daxili işlər nazirinin müvafiq əmrləri ilə 2145 əməkdaş və hərbi qulluqçunun mükafatlandırıldığı, eyni zamanda, ərazi polis orqanlarından Nazirliyin rəhbərliyinədək olan səviyyədə isə, ümumilikdə, təxminən 7 min nəfər barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu diqqətə çatdırılıb.
Nazir nümunəvi xidmətə görə bütün şəxsi heyətə təşəkkürünü bildirib.
Sonra Baş Kadrlar İdarəsənin rəis müavini, polis polkovniki Səfər Əliyev mərasimə dəvət olunmuş 155 əməkdaşın siyahısını elan edib.
Nazir Ramil Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, hər bir təltifin yüksək məsuliyyət doğurduğunu xatırladıb, onlara xidməti fəaliyyətdə uğurlar arzulayıb.
Fuad