Vətəndaş cəmiyyəti olmayan ölkələrin təhlükəsi
Bu gün Ermənistan düşdüyü durumdan çıxmaq üçün yollar aramaqdadır. Çünki dövlət quruculuğunu çoxdan unutmuş, vətəndaş cəmiyyətini dəfn edən hakimiyyət artıq dalana çatdığının fərqindədir. Elə bu səbəbdən də Ermənistan ətraf ölkələrlə sərt münasibət saxlayır, əhalisi psixoz durumda və ölkə iqtisadiyyatı tam olaraq Rusiyanın təsirindədir. "Unkal"a açıqlama verən psixoloq Samirə Abdullayeva hesab edir ki, ümumiyyətlə tək Ermənistanda yox, əksər ölkələrdə vətəndaş cəmiyyəti sıradan çıxarılırsa o ölkələrdə əhalinin psixoloji tarazlığı da pozulur:" Bu gün Ermənistan bir dövlət yox, təşkilat halına düşüb. İnsanların sabaha inamları yoxdur. Çünki vətəndaş cəmiyyətinin heç bir detalı bu obyektdə yoxdur. Belə olan halda insanlarda aqressiya artır, hakimiyyətlər isə sadəcə olaraq toplunu aldatmaq üçün müxtəlif addımlar atırlar. Qeyd edim ki, Ermənistan bu gün daha təhlükəli bir əraziyə çevrilib. İstənilən an bu ölkə Azərbaycana və Gürcüstana hərbi müdaxilə belə etməyə hazırdır. Nəyə görə? Ən azından ona görə ki, mövcud hakimiyyət öz toplusunu aldatmaq, hədəfdən yayındırmaq üçün başqa hədəflər tapmalı, münaqişələr yaratmalıdır. Fikir verirsinizsə həmişə Ermənistanda siyasi vəziyyət gərginləşən kimi atəşkəs pozulur, Dağlıq Qarabağ savaşı qızışdırılır. Bununla da toplunun diqqəti mövcud problemlərdən uzaqlaşdırılaraq başqa istiqamətə yönəldilir. Amma bu uzun müddət davam edə bilməz. Çünki vətəndaş cəmiyyətinin mövcud olmadığı ölkələr məcburdur ki, təcrid olunmuş şəkildə yaşasınlar. Amma qloballaşmanın mövcud olduğu bir zamanda təcrid olunmuş şəkildə yaşamaq sadəcə mümkünsüzdür. Bu gün isə Ermənistanda vətəndaş cəmiyyətinin formalaşması sadəcə mümkün deyil. Deməli bu ölkə daha da aqressiv siyasət yürüdəcək. Ermənistan hakimiyyəti isə öz xalqını aldatmaq üçün yeni mövzular fikirləşəcək". Deyəsən "Unikal"a açıqlama verən Samirə Abdullayevanın dediklərini artıq Ermənistan hakimiyyəti təkrarlamaqdadır. "BRİKS, ŞƏT və AİB-in birgə sammitində Ermənistan prezidenti Serj Sərkisyanın çıxışı Ermənistanın müasir vəziyyətinin üstünə işıq saldı. Blef ustası olan Serj Sərkisyan Qərbi çıxmaq şərti ilə dünyanın ən güclü dövlətlərini birləşdirən qurumların sammitində Ermənistanı mühüm əhəmiyyətli ölkə kimi təqdim etdi. Sanki Çində və Rusiyada siyasi analitikanın mövcud olmaması barədə prezident S.Sərkisyanın dəqiq məlumatı var".Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, S.Sərkisyan vaxtilə Qərbdə istifadə etdiyi blef mexanizmlərini ŞƏT və AİB müstəvisinə ekstrapolyasiya etdi: "Təxminən 15-20 il bundan qabaq ermənilər Qərbdə özlərini belə təqdim edirdilər. Guya ən vacib tranzit ölkə Ermənistandır, Ermənistanın geosiyasi resursları hədsiz çoxdur. Hətta Polşa prezidentlərindən biri Əfqanıstana gedən yolun Ermənistan üzərindən keçdiyini təsəvvür edirdi və yolüstü tranzit kimi Ermənistan ərazisindən istifadə etdi".
M.Əhmədoğlu qeyd edib ki, hər halda Ermənistanda ümid edirlər ki, vaxtı ilə Qərbi aldada bildikləri kimi indi də Şərqi aldada biləcəklər: "Serj Sərkisyanın "İran-Ermənistan Dəmir Yolu" və "İpək Yolu" barədə dediklərindən 3 etirafı aydın görünür:
* Ermənistanın indiki vəziyyətdən çıxması üçün özünün resursu yoxdur.
*Ermənistan bütün müttəfiqlərinin resurslarını xərcləyib, onlardan yeni resurs gözləmir.
* Ermənistanın ümidi yalnız nüvə danışıqlarını uğurla başa vuran İranadır. Ermənistanın inkişafı üçün onun Türkiyə və Azərbaycanla münasibətini dəyişəcəyinə ümid etməyə əsas yoxdur".
Mərkəz rəhbəri hesab edir ki, Rusiyanın Abxaziya ilə son imzaladığı müqavilələr Gürcüstanla Abxaziyanın birgə əməkdaşlıq etmək imkanını sıfıra endirdi: "Rusiya Abxaziyanın müstəqilliyini tanıyıb, müxtəlif addımlarla o, Abxaziya siyasətini daim gücləndirir və Abxaziyanın müstəqilliyinin tanınmasından imtina edilməyəcəyini dəfələrlə bəyan edib. Gürcüstan özünü müvəqqəti uduzmuş hesab edir. Rəsmi Tbilisinin bütün hesablamaları Qərblə əməkdaşlıq edərək Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq üzərində qurulub. Bəzi rusiyapərəstlər isə dərin əməkdaşlığa gedərək Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyirlər. Gürcüstanda Abxaziyanın müstəqilliyini tanımağa hazır olan qüvvə yoxdur və yaxın zamanlarda da görünmür. Abxaziya isə dəmir yolu ilə danışıqlarda yalnız müstəqil tərəf kimi görünmək niyyətindədir".
Politoloq sonra vurğulayıb ki, Rusiyanın Ermənistandan ötrü Abxaziyanı sındırmaq niyyəti yoxdur: "Rusiya hazırda Ermənistanla dəmir yolu əlaqəsi üçün Mehri dəmir yolunun açılması barədə düşünə bilər. Rusiyanın bəzi hərəkətlərindən bunu sezmək olur. Rəsmi Gürcüstan gürcü-abxaz dəmir yolunun fəaliyyətə başlamayacağı ilə bağlı dəfələrlə bəyanat verib. Bütün gürcü ekspertləri yaxın zamanlarda gürcü-abxaz dəmir yolunun açılmasının qeyri-mümkünlüyünü bildiriblər. Hətta erməni siyasətçilərinin də bu mövzuda entuziazmı azalıb. Belə vaxtda S.Sərkisyan dünyanın yeni qütbünün rəhbərləri qarşısında yalan danışdı".
M.Əhmədoğlu deyib ki, S.Sərkisyan dünyanın yeni qütbünün başçılarına hörmətsizlik nümayiş etdirdi: "Bu artıq S.Sərkisyanın ağlını itirdiyini və dəli olduğunu göstərir. Yox əgər dəli deyilsə, Gürcü-abxaz dəmir yolunun açılmasına inanırsa, deməli, yaxın vaxtlarda Gürcüstanda təlatümlü hadisələr proqnozlaşdırılır. S.Sərkisyan prezidentdir, deməli, məlumatlı şəxsdir. Belə inamı məlumata söykənirsə, mümkündür ki, Gürcüstanda müharibənin başlamağından xəbəri var. Amma Rusiya Gürcüstana qarşı indi müharibəni özü başlamayacaq. Abxaziyanı da Gürcüstana qarşı müharibəyə qızışdırmayacaq. Gürcü-abxaz dəmir yolunun açılması üçün Gürcüstanın mövqeyinin dəyişməsi Ermənistana lazımdır ki, Ermənistan özü Rusiyanın imkanlarından istifadə edərək Gürcüstan üzərinə hücuma keçsin".
Mərkəz rəhbəri sonra əlavə edib ki, ermənilər dəfələrlə sübut ediblər ki, özlərinin cüzi maraqlarının təmin olunması üçün qonşularında böyük faciənin olmasının tərəfdarıdırlar: "Amma müharibənin olması da İran-Ermənistan dəmir yolunun fəaliyyətə başlaması anlamında deyil. Çünki müharibənin nəticələrinin aradan qaldırılması, işğalçı müharibədən sonra investorların tapılması müşkül məsələdir. Prezident S.Sərkisyanın İran-Ermənistan dəmir yolunun texniki iqtisadi əsaslandırılmasının hazır olması barədə dedikləri isə blefin ikinci serialıdır. Bu texniki əsaslandırmanı hazırlayan "Rasia" şirkətinin prezidenti Cozef Borkovski blef yaratmaq qabiliyyətinə görə, təxminən S.Sərkisyanla eyni səviyyədədir. Amma o texniki əsaslanmanı hazırladıqdan sonra layihənin reallaşması üçün bir sıra şərtlər irəli sürdü. O şərtlərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, digəri isə gürcü-abxaz münaqişəsinin tənzimlənməsinə aiddir. Heç bir münaqişənin tənzimlənməsində hələlik irəliləyiş yoxdur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş isə yalnız Ermənistandan asılıdır. Özündən asılı olan işi etmədən Gürcüstandan bunu tələb etmək S.Sərkisyanın tərbiyəsinin yol verdiyi məsələdir. Amma gürcülər də Qafqaz xalqıdır".
Sosioloq Aysel Qasımzadə də "Unikal"a açıqlamasında bildirdi ki, yaxın 10 il ərzində Ermənistan hakimiyyəti hansısa yollarla toplunu aldada biləcək: "Amma unutmayaq ki, belə despot cəmiyyətlər gec-tez daxili münaqişələrlə üzləşir və belə cəmiyyətlərin dövlətçilik ənənələri alt-üst olur. Bu gün Ermənistanı faktiki olaraq bir qrup mafioz, kilsə və lobbi idarə edir. Onlarda dövlətçilik ənənələri, institutları yoxdur və vətəndaş cəmiyyəti alt-üst olub. Bu isə o deməkdir ki, sabah toplu belə ayağa qalxmasa da mafioz qüvvələrin özləri bir-biri ilə toqquşacaq və ciddi fəsadlar yaranacaq. Prezident İlham Əliyev məhz buna görə Azərbaycan ordusunun güclü olmasına çalışır. Çünki sabah bu başı pozuq dəstə Azərbaycanı yenə hədəfə alacaq və o an imkanımız olacaq ki, Ermənistanın işğal etdiyi əraziləri geri qaytara bilək. Bir məsələni də nəzərinizə çatdırım ki, artıq Avropada da Ermənistana inam qalmayıb və bu da Ermənistanın tam təcrid olmasıyla tamamlanacaq. Bu gün erməni lobbisi hansısa Qərb dövlətlərini aldadıb nəyəsə nail olurlarsa, sabah artıq bu şansları olmayacaq və onda Azərbaycan istədiyinə nail olacaq. Buna görə də biz indidən vətəndaş cəmiyyətimizin daha da formalaşmasına çalışmalı, ordumuzun döyüş qalibiyyətini artırmalıyıq".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16