Keçmiş

Keçmiş deputatın obyektində rüşvət skandalı
Nizami İsgəndərovun ticarət mərkəzində sahibkarlara zülm edilir

İyulun 16-da sabiq millət vəkili Nizami İsgəndərova məxsus "Sumqayıt Ticarət Mərkəzin"də çalışan bir qrup sahibkar mətbuata şikayət məktubu göndəriblər. Şikayət məktubu göndərən sahibkarlar bir vaxtlar onlardan depozit kimi yığılan pulların geri qaytarılmamasından narazıdır.
Şikayət məktubunda deyilir: «Biz Sumqayıt şəhərində yerləşən "Sumqayıt Ticarət Mərkəzin"də neçə ildir yer arendaya götürüb işləyirik: "Bu yer keçmiş deputat Nizami İsgəndərova məxsusdur. Yer arendaya götürəndə hər birimizdən min manat depozit kimi pul aldılar ki, siz burdan çıxanda bu pul sizə qaytarılacaq. Hazırda bu pulu bizə qaytarmırlar.
Pulları bizdən Nizami İsgəndərovun müavini İltimat Bayramov almışdı. Pulu alarkən də bizə heç bir sənəd verilmədi. İndi biz yer pullarını ödəməyə çətinlik çəkdiyimizdən "Cavid" ticarət mərkəzini tərk edəsi olduq. Ödədiyimiz pulları geri tələb edəndə isə, "ödənilmir, gedin nə edirsiniz edin" kimi sözlərlə qarşılaşdıq. İndi bilmirik nə edək. Dəfələrlə ticarət mərkəzinin rəhbərliyi ilə görüşsək də bir xeyri olmadı.
İltimat Bayramov dedi ki, gedin nə edirsiniz edin. Hara və kimə şikayət edirsinizsə bizə dəxli yoxdur. O pullar "şapka" idi. "Şapka" da geri qaytarılmır. Bizim bu problemimiz media vasitəsi ilə öz həlini tapmasa, prezident İlham Əliyevə, Baş Prokurorluğu, Daxili işlər Nazirliyinə şikayət edəcəyik.
Cənab prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, sahibkarlara şərait yaradılsın, onlara işləsinlər. Hər birimiz vergi verən insanlarıq. Amma gəlin baxaq bunlar vergi verən sahibkarları hansı hala salırlar? Süründürməçilik, rüşvətxorluq heç kimi saymamaq. Sanki Sumqayıt ölkənin ən ucqar yeridir, Nizami İsgəndərov da buranın ağası. İstədiyi hərəkəti edir, istədiyi cür sahibkarlarla davranır. Bizdə hər ay yer pulu kimi 500 manat yer pul yığırdılar, amma 120 manatlıq qəbz verirdilər. Bəyəm bu dövləti, onun prezidentini aldatmaq deyilmi? Bu qədər vergidən yayınmaqmı olar? Bu pulları Nizami İsgəndərov cibinə gedir. Biz burdan Vergilər Naziri Fazil Məmmədov cənablarına müraciət edirik. Gəlib yoxlama aparsınlar. Hər il milyonlarla pul dövlət büdcəsindən gizlədilir. Bu adam milyonlarla pulla doymayıb hələ bir sahibkarları da incidir".
Şikayət edən sahibkarlardan olan Əliyev Fəqani bildirir ki, ondan min manat depozit kimi, min manat isə mağazadan qapı açılması üçün alınıb. Digər sahibkarlar olan Canıyev Şahin, Mirzəyev Abbas, Məmmədov Farizdən min manat Mirzəliyev Rövşəndən isə üç min manat alınıb. Məsələ diqqətimizdə olduğunudan, növbəti yazılarımızda "Sumqayıt Ticarət Mərkəzin" ilə bağlı başqa məlumatları da oxucularımıza çatdıracağıq.
T.Əliyev