Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu
11:53 24-07-2015
KRİMİNAL
Bu gün sirr deyil ki, istər dövlətçilik ənənəsinin yaradılması, istər vətəndaş cəmiyyətinin formalaşması üçün ən vacib məsələ bu ölkənin müstəqil mediaya sahib olmasıdır. Media inkişaf edərsə vətəndaş cəmiyyətinin formalaşması prosesi də sistemli olar. Başqa cür desək medianın vətəndaş cəmiyyətinin formalaşmasına təsiri aşağıdakılardır.
1. Müxtəlif fikirlərin cəmiyyətdə mövcudluğunu təmin etmək
2. Cəmiyyətin informasiya ilə təmin edilməsi
3. İnsanların öz fikirlərini cəmiyyətə təqdim etməsini təmin etməsi
4. QHT-lərin fəaliyyətinin işıqlandırılması
5. Məmur özbaşınalıqlarının ifşa edilməsi
6. Maarifləndirmə işlərinin təmini
7. Milli dəyərlərimizin qorunmasına dəstək vermək
Məhz bu amillərə görə media dördüncü hakimiyyət adlandırılır və bu dördüncü hakimiyyət vətəndaş cəmiyyətinin formalaşmasına təsirini göstərir. Görünür bu səbəbdən prezident İlham Əliyev fəaliyyətinin ilk anından mediaya xüsusi diqqət ayırdı və istər elektron , istər yazılı medianın inkişafı üçün dövlət tərəfindən vəsaitlər ayrıldı. Bu günün özündə KİVDF-nin qəzetlərə maliyyə ayırması buna misaldır. Beynəlxalq miqyasda da bildirilir ki, o dövlətdə vətəndaş cəmiyyəti güclü olar ki, o dövlətin mükəmməl mediası olsun. Bu gün Azərbaycanda da vətəndaş cəmiyyəti ilə medianın vəhdəti təmin edilib. Elə prezident İlham Əliyev də media nümayəndələri ilə görüşündə bu ştrixlərə diqqət ayırdı:"Bu gün Azərbaycan mətbuatı, deyə bilərəm ki, yeni səviyyəyə qalxa bilmişdir. Mən burada ilk növbədə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. Artıq 12 ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir. Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan ictimaiyyəti də görür və hesab edirəm ki, yüksək qiymətləndirir. Çünki Şura yaranana qədər Azərbaycan mətbuatında gedən proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksiyanı öz üzərinə götürmüşdü. İlk növbədə, jurnalistlərin hüquqlarını qorumağa başlamışdır. Hesab edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə çata bilmişdir. Zənnimcə, məhz buna görə, bu gün jurnalistlərimizin mütləq əksəriyyəti Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirir. Eyni zamanda, Mətbuat Şurası iqtidarla mətbuat arasında bir körpü idi. Mətbuat Şurası bu funksiyanı bu gün də uğurla icra edir.
O ki qaldı dövlət siyasətinə, hesab edirəm ki, bunu jurnalistlər yaxşı bilir, görür. Bizim siyasətimiz istənilən sahədə səmimidir və birmənalıdır. Azərbaycan cəmiyyəti bizim siyasətimizlə bağlı fikirləri vaxtaşırı təbii ki, eşidir. Bizim hər bir məsələ ilə bağlı mütəmadi qaydada konkret yanaşmamız var. Hesab edirəm ki, istər siyasi və iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə, ölkə daxilində gedən proseslərlə, o cümlədən mətbuatın inkişafı ilə bağlı Azərbaycan iqtidarının mövqeyi cəmiyyət üçün artıq bəllidir". Prezident çıxışında daha sonra bildirdi ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin: "Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir.
Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər.
Əlbəttə, siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir. Çünki əks təqdirdə uğurlarımız yarımçıq olar. Bildiyiniz kimi, iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, insanların rifah halı yaxşılaşır və Azərbaycan öz taleyini özü müəyyən edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir. Müstəqillik dövründə biz sözün əsl mənasında müstəqil siyasət aparırıq. Bu siyasətin mərkəzində Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının maraqlarıdır. Bu maraqlar bizim üçün hər şeydən üstündür. Həmçinin milli dəyərlərimiz də bizim üçün hər şeydən üstündür.
Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm".Elə Milli Mətbuat Günündə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da cənab prezidentin dediklərini təsdiqlədi. Prezidentin köməkçisi deyib: "Bilirsiniz ki, Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubileyi ilə bağlı xüsusi Sərəncam imzaladı. Sərəncama əsasən tədbirlər planı təsdiq olundu və mətbuat nümayəndələrinin bilavasitə iştirakı, Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Prezident Administrasiyasının təşkilatçılığı ilə mühüm tədbirlər keçirildi".
Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın inkişafındakı xidmətlərindən danışan Prezident Administrasiyasının rəsmisi deyib: "Ümummilli Lider 1998-ci ildə postsovet məkanında ilk dəfə media üzərindən bütün tənzimləyici mexanizmləri, senzuranı ləğv etdi, Azərbaycanda yeni nəsil medianın təməlini qoydu. Ulu Öndər müstəqil Azərbaycanda jurnalistikanın inkişafı üçün bütün lazımi şəraiti yaratdı. Bundan sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz medianın inkişafı üçün bütün zəruri işləri görür".
"Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz problemləri kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir. Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir", - deyə Əli Həsənov bildirib. Beləliklə aydın olur ki, Azərbaycan hakimiyyəti mətbuatın inkişafına nail olmaqla vətəndaş cəmiyyətinin də formalaşmasına təsir edə bilir və bu təsir son proseslərdə daha maraqlı şəkil aldı. Belə ki, prezident İlham Əliyev bir daha sübut etdi ki, o daha çox tərəfsiz medianın yaranmasında maraqlıdır və qəzetlərə siyasi xətlərinə görə fərq qoymur. Elə buna görə də prezident tərəfindən təltif edilən yazarlar arasında müxalifətdən olanlar da vardı və bu cəmiyyətdə də xoş qarşılandı. Tərəfsiz mətbuat, mətbuata siyasi xəttinə görə fərq qoymamaq isə özlüyündə artıq vətəndaş cəmiyyətinin formalaşmasından xəbər verir. Sonda bunu da xatırladaq ki, vətəndaş cəmiyyətinin yaranması həm də xarici düşmənlərdən qorunmaq və onlara qarşı sistemli savaş aparmaq deməkdir. Bu baxımdan inanırıq ki, Azərbaycan mediası bu sahədə də vətəndaş cəmiyyətinə yardımçı olacaq. Digər tərəfdən unutmaq olmaz ki, bu gün Azərbaycan müharibə vəziyyətindədir və daima atəşkəs pozulur. Digər tərəfdən torpaqlarımızın 20 faizi işğal altındadır və hər an müharibə labüddür. Deməli Azərbaycanda formalaşan media da, vətəndaş cəmiyyəti də daha çox milli təhlükəsizliyin qorunması təmayülündə formalaşmalıdır. Və bunu dəfələrlə prezident İlham Əliyev bəyan edib və müdafiədən hücum taktikasına keçidi təmin edib.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16