İŞİD-ə qarşı mübarizədə Azərbaycan Türkiyəyə dəstək verməlidirmi?
09:37 29-07-2015
CƏMİYYƏT
İŞİD-ə qarşı mübarizədə Azərbaycan Türkiyəyə dəstək verməlidirmi?
"Bu terror dalğası gec-tez Azərbaycana da gəlib çatacaq..."
Türkiyənin Şanlıurfa vilayətindəki son terror olayından sonra rəsmi Ankaranın İŞİD-ə qarşı açıq cəbhədə yer alması, Suriya ərazisindəki İŞİD hədəflərinin vurulması bütün dünyada böyük marağa və müzakirələrə səbəb olub. Şübhəsiz, Türkiyənin təhlükəsizliyini təhdid edən istənilən faktorun neytrallaşdırılması qardaş ölkənin maraqları baxımından təbii və başadüşüləndir. Lakin bəzi ekspertlər hesab edir ki, Türkiyənin bütün dünya üçün ciddi başağrısına çevrildiyi İŞİD-ə qarşı bilavasitə hərbi əməliyyatlar həyata keçirməsi tamamilə əks effekt də verə bilər.
Mütəxəssislərin fikrincə, rəsmi Ankaranın İŞİD-lə bağlı siyasəti sözügedən terror təşkilatını daha da qəzəbləndirə bilər ki, bu da Türkiyəni İŞİD-in əsas hədəfinə çevirə bilər. Sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, Türkiyə istənilən halda İŞİD-in hədəfindədir və hərbi əməliyyatlara qədər baş verən proseslər də göstərdi ki, adıçəkilən terror təşkilatı Türkiyə daxilində qarışıqlıq yaratmaqda maraqlıdır:
"Türkiyə artıq İŞİD-in hədəfindədir. Çünki İŞİD özü əsla müstəqil bir təşkilat deyil. O, terroru dəstəkləyən müəyyən dövlətlərin əlində sadəcə bir vasitədir. İŞİD-in Türkiyə daxilində terror aktları törətməsi göstərdi ki, artıq İŞİD ən azından kürdlərlə qarşıdurma məsələsini İraqdan, Suriyadan Türkiyənin daxilinə keçirməyə çalışır. Çalışır ki, bununla Türkiyənin daxilindəki siyasi sabitliyi pozsun. Türkiyəni Suriya, İraq kimi bir dövlətə çevirsin. Ona görə də hesab edirəm ki, Türkiyənin İŞİD-ə qarşı açıq mübarizəyə keçməkdən başqa seçimi yox idi. Hər iki cəbhədə - həm ölkə daixlində, həm də ölkə xaricində İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamalı idi. Türkiyə üzərinə düşəni etdi və bu əməliyyatı başlatdı. Hesab edirəm ki, bu, hələ bir qədər gecikmiş əməliyyatdır. Hədəfə gəlmək məsələsində isə deyə bilərik ki, Türkiyə artıq hədəfdədir".
Politoloq son günlər İŞİD və PKK-nın Türkiyə daxilində həyata keçirdiyi terror olaylarına da münasibət bildirdi. Ekspertin fikrincə, əsasən güc orqanı təmsilçilərinə qarşı həyata keçirilən hücumların çoxluğuna rəğmən, Türkiyə hüquq-mühafizə orqanlarının peşəkarlığının yetərincə olmadığını, onların bu hücumlar qarşısında aciz olduğunu iddia etmək olmaz:
"Bütün bu baş verənləri Türkiyənin hüquq-mühafizə orqanlarının zəifliyi kimi qiymətləndirmək düzgün olmaz. Terrordan heç bir ölkə sığortalanmayıb. Dünyanın ən güclü polis və kəşfiyyat xidmətinə malik olan ABŞ, İsrail, Almaniya, Böyük Britaniya kimi dövlətlər Türkiyədən qat-qat ciddi terror təhlükəsi ilə üzləşib. Terror elə bir fəaliyyət növüdür ki, onun qarşısını profilaktiki olaraq almaq o qədər də asan məsələ deyil".
Ekspertin qənaətincə, bir-birinə düşmən olan İŞİD və PKK-nın Türkiyəyə qarşı terror siyasətində qərarlı olması, hər iki terrorçu təşkilatın eyni mərkəzdən idarə olunduğunu sübut edir:
"İŞİD-lə PKK-nın həm bir-birlərinə, həm də Türkiyənin güc orqanlarına qarşı törətdiyi terror aktları onu göstərir ki, hər iki terror təşkilatının sponsorları eynidir. Bu onu göstərir ki, hər iki terror təşklatının fəaliyyəti eyni mərkəzdən koordinasiya olunur.
Demək olmaz ki, Türkiyənin güc orqanları zəifdir və ya terrora qarşı mübarizə təcrübəsi qeyri-qənaətbəxşdir. Türkiyənin yetərincə anti-terror təcrübəsi var. Amma terror özü-özlüyündə asanlıqla mübarizə aparılacaq sahə deyil".
Ekspert hazırkı situasiyada Azərbaycanın sərgiləməli olduğu mövqe ilə bağlı da maraqlı fikirlər səsləndirib. Ə.Oruclu hesab edir ki, bu gün Azərbaycan tərəfi həm anti-terror və döyüş təcrübəsinə yiyələnmək, həm də Türkiyəyə dəstəyini ifadə etmək üçün İŞİD-ə qarşı hərbi əməliyyatlara dəstək verməli, məhdud sayda da olsa Azərbaycan hərbçisinin bu prosesdə yer almasını təmin etməlidir:
"Azərbaycanın Türkiyəyə hərbi dəstəyi hərbçilərimizin praktiki döyüş təcrübəsinə yiyələnməsi baxımından zəruridir. Bu, Türkiyəyə beynəlxalq siyasi arenada dəstək vermək baxımından da əhəmiyyətlidir.Çünki nə qədər acı da olsa etiraf etməliyik ki, bu terror dalğası gec-tez Azərbaycana da gəlib çatacaqdır. Buna görə də həm bu təhlükənin qarşısını zamanında almaq, həm döyüş və anti-terror təcrübəsinə yiyələnmək, həm də Türkiyəyə dəstək baxımından zənnimcə bu, çox vacib addım olardı".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22