Millət vəkili Fazil Mustafa: "AXCP sədri Əli Kərimlinin İranı müdafiə etməsi Azərbaycan dövlətçiliyinin milli və cari maraqlarına köklü şəkildə ziddir"
12:36 25-05-2012
SİYASƏT
Millət vəkili Fazil Mustafa: "AXCP sədri Əli Kərimlinin İranı müdafiə etməsi Azərbaycan dövlətçiliyinin milli və cari maraqlarına köklü şəkildə ziddir"
Xəbər verildiyi kimi, AXCP sədri iki gün öncə bildirib ki, İranla Azərbaycan arasında əlaqələrin gərginləşməsi onu narahat edir: "Azərbaycanla İran arasında obyektiv problemlər var. Unutmaq lazım deyil ki, İran əhalisinin böyük hissəsi, 40 faizdən çoxu türklərdir. Bunu İran rəsmiləri özləri bəyan edib".
Ə. Kərimli Xəzərin dibinin bölünməsi məsələsində də narazılıqlar olduğunu deyib: "İctimai Palata Azərbaycanın gələcəyini Avropa ailəsində görsə də, İran və Rusiya ilə də əlaqələrimizin normal olmasını istəyirik".
Ə. Kərimli son vaxtlar münasibətlərin süni şəkildə gərginləşdirilməsi cəhdlərinin artdığını vurğulayıb: "Münasibətlərin gərginləşməsi heç bir ölkənin xeyrinə deyil. Şəxsi məsələlərlə bağlı iki ölkə arasında gərginlik yaradılması da düzgün deyil".
Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın sözlərinə görə, AXCP sədri Əli Kərimlinin İranı müdafiə etmək məzmununda yaydığı bəyanat Azərbaycan dövlətçiliyinin indiki maraqlarına köklü şəkildə ziddir: "Əli bəy bilməmiş deyil ki, söhbət Azərbaycan iqtidarından deyil, Azərbaycan dövlətinə qarşı İranın sərt təhdidindən gedir və burada ikinci və ya üçüncü bir mövqe ola bilməz".
Millət vəkilinin şərhinə görə, "Hazırda İran-ABŞ münasibətləri birincinin nüvə proqramına görə ən pik həddinə çatıb. İran Azərbaycanı hədəfə götürməklə Amerikaya bildirmək istəyir ki, "Əgər sən məni hədəfə götürübsənsə, mən də sənə yaxın dövlətləri asanlıqla sıxışdıra bilərəm. Son zamanlar heç bir əsas olmadan şairlərimizin, mülki vətəndaşlarımızın İranda həbs edilməsi və bütün rəsmi sorğulara baxmayaraq onlar barədə Azərbaycan tərəfinə hələ də heç bir cavab verilməməsi normal qonşuluq münasibətlərinə sığan addım deyil".
Partiya başqanının fikrincə, "İndiyə qədər İran həmişə Azərbaycanla ultimativ dildə danışırdı, eyni üslubu Azərbaycan ona qarşı nümayiş etdirən kimi İran cığallığa başladı. Əslində İran bu jestlərlə Amerika və İsrailə daha çox cavab verir, nəinki Azərbaycana. Bu baxımdan yanaşanda AXCP sədrinin bəyanatını anlamaq çətindir. O bir yandan bildirir ki, Azərbaycanı Qərb ailəsində görmək istəyir, digər yandan isə Qərbə və Amerikaya hücum edənin yanında yer alır".
KAXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, "AXCP sədri Əli Kərimlinin sözügedən mövzu ilə bağlı fikrilərini şərh etmək mənim səviyyəmin predmeti deyil. Amma hazırda antiinsani, antiislami məzmuna malik "İran"adlandırılan ərazidən Azərbaycan dövlətinə, ümumən Azərbaycan türklərinə qarşı yürüdülən mənfur siyasətə gəldikdə deməliyəm ki, İranın bizim xalqımıza qarşı aqressiv siyasəti ilk dörlərdən bəlli idi".
Partiya sədrinin fikrincə, "Hələ 1993-cü ildə İran Azərbaycanın böyükelçisini Tehranda təhqir edəndə Azərbaycan susmamalı və bir dövlət kimi kəskin reaksiya verməli idi. Bunu etmədilər. Azərbaycanın müdafiə naziri Tehrana rəsmi səfərə gedəndə Tehranda bilə-bilə Azərbaycanın dövlət bayrağını tərsinə asdılar. Nazir də susdu, Azərbaycan tərəfi də. Yenə də heç bir reaksiya vermədilər. Bu gün iki vətəndaşımız, yəni iki şairimiz İranda heç bir rəsmi əsas elan edilmədən həbs edilib. Görün, Təbrizdəki konsulumuz nə deyir? "Ki, mən o standartlığa bu barədə müraciət etmişəm, hələ ki cavab yoxdur". Bu, diplomat danışığı, diplomat davranışı deyil. Bu, dövləti təmsil etmək demək deyil. Əslində konsul da günah yoxdur. Azərbaycanın İrandakı konsulunun və ya səfirinin bu günə qədərki işi ancaq bundan ubarət olub ki, Bakıdan Vasif Talıbovun, ya da Bakıda olan kiminsə adına Naxçıvana göndərilən neftin İrandan sağ-salamat keçməsinə nəzarət eləsin. Bu cür davranış sayəsində İran da başlayıb Astaradan Dərbəndə qədər fitva verməyə. Ettelat Lənkərandan Salyana qədər at oynadır. Elə bil Azərbaycan hökuməti son zamanlar bundan xəbər tutub başladı bir neçə əməliyyat keçirməyə".
Mirmahmud Mirəlioğlu hesab edir ki, "Bu gün İran adlı ərazidə formalaşan rejimin müqəddəs İslama heç bir aidiyyəti yoxdur və sırf antiislami məzmundadır. Orada əyləşən başı əmmaməlilər müqəddəs Qurani-Kərimin ayələrini mürtəce bir dövlətin ideologiyasına uyğun şəkildə təsfir etməkdən başqa heç nə bacarmırlar. Azərbaycan türkü də başqa xalqlar kimi Allahın yaratdığı şah əsərlərdən biridir. Və Allahın yaratdığı o taylı-bu taylı 50 milyonluq bir xalqı həmişə aşağılamaq, ləyaqətini alçaltmaq bu antiinsani, antiislami rejimin əsas hədəflərindən biridir. Allahın yaratdığını alçaldan Allahın düşmənidir və Allaha asidir. İrandakı molla rejiminin mahiyyəti ancaq və ancaq bundan ibarətdir".
Mirmahmud bəy hesab edir ki, "Son günlər Azərbaycan rəsmilərinin İrana qarşı etdiyi bəyanatlar yerində olsa da, bir xeyli gecikib. Amma qəti olaraq bu fikirdəyəm ki, kimliyindən asılı olmayaraq - lap iranlı molla, ayətullah olsa da - toxunan ifadələrə yol vermək olmaz".
Savalan
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40