Xaricdə dini təhsil Azərbaycana nə verir?
09:28 13-08-2015
CƏMİYYƏT
Faktlar nə deyir, perspektivdə hansı gələcək görünür...
Son zamanlar hüquq mühafizə orqanlarının həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında terrorçuluğa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən bir sıra Azərbaycan Respublikasının vətəndaşları saxlanılıb. Artıq məhkəmə istintaqı zamanı saxlanılan şəxslərin müxtəlif radikal dini qrupların tərkibində ölkədə təxribat xarakterli hərəkətlərə cəhd etmək niyyətləri təsdiqini tapıb. Məsələ orasındadır ki, həmin şəxslərin əksəriyyəti ya xarici ölkədə dini təhsil alıb, ya da kəşfiyyat orqanlarının təsiri altına düşüblər.
Aparılan araşdırmalar zamanı isə müəyyən edilib ki, saxlanılan şəxslər Azərbaycan Respublikasında şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq məqsədilə mütəşəkkil dəstə yaradaraq, özlərinə "əmir" təyin ediblər. Məqsədlərinə çatmaq üçün qarşılarına ölkə ərazisində ictimai-siyasi sabitliyi pozmaq, təxribat-pozuculuq və terror aksiyalarını törətmək niyyətini qoyublar. Dəstə üzvləri "cihad" üçün əvvəlcə pul vəsaiti əldə etmək məqsədilə Azərbaycan Respublikasında yaşayan, "kafir" hesab etdikləri, "qanını və malını" özlərinə "halal" bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və əldə olunacaq vəsait hesabına hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlərin və ölkə ərazisində müxtəlif yerlərdə terrorçuluq aksiyalarının həyata keçirilməsini planlaşdırıblar.
Məlumat üçün qeyd edək ki, ölkədə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, partlayış, yanğın və ya digər hərəkətlər törətmə kimi cinayət əməllərinə əl atanlar sırasında xaricdə dini təhsil alan şəxslər də mövcuddur. Məhz həmin şəxslər Azərbaycan gənclərinin xarici ölkələrin silahlı birləşmələrində döyüşmələrini təşkil etməklə məşğuldurlar. Bəs, hazırkı şəraitdə, ölkədə kifayət qədər dini təhsil ocaqlarının olduğu bir halda Azərbaycan vətəndaşlarının xarici ölkələrdə dini təhsil almalarına nə dərəcədə ehtiyac var?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycandan dini təhsil üçün xaricə getmək dövlətin maraqlarına, ümummilli maraqlara uyğun deyil və bu, qadağan olunub. Komitə sədri qeyd edib ki, bununla yanaşı, dövlət bəzi tələbələrin - Bakı İslam Universitetində və yaxud müəyyən mədrəsələrdə təhsil alanların bir sıra ölkələrə gedərək təcrübə keçməsinə də etiraz eləmir: "Amma birmənalı olaraq, xüsusi göndərilmənin tərəfdarı deyilik. Bunun da səbəbi odur ki, milli-mənəvi dəyərləri qorumalıyıq və Azərbaycanda kimlərsə başqa ölkələrdə olduğu kimi məscidlərarası, məzhəblərarası qarşıdurma yaratmasına imkan verməməliyik. Bu səbəbdən xaricə dini təhsil ardınca gedilməsinin tərəfdarı deyilik".
Məlumat üçün qeyd edək ki, belə dini qruplaşmalar hətta azyaşlı uşaqların radikal dini cərəyana cəlb edilərək Suriyaya göndərməkdən belə çəkinmirlər. Bir müddət öncə aparılan araşdırmalarla Tərtər rayonu ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilmişdi. Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülmüşdü. Bu kimi faktlar deməyə əsas verir ki, xarici ölkələrdə dini təhsil alan şəxslər Azərbaycana təhsil aldıqları ölkənin modelini ixrac etməyə çalışırlar. Ancaq nəzərə almaq lazımdır ki, həmin şəxslər maraqlı qüvvələr tərəfindən ciddi şəkildə təlimatlandırılır, silah və sursatla təmin olunurlar. Odur ki, fərdi qaydada xaricdə dini təhsil alan Azərbaycan vətəndaşları ilə bağlı ciddi tədbirlərin görülməsi zərurəti meydana çıxır.
Millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycanın daxili vəziyyətini zəiflətmək istəyən çoxlu sayda xarici qüvvələr var. İnandırıcı deyildir ki, bəlli mərkəzlərdən idarə olunan beynəlxalq QHT qurumları Azərbaycanla bağlı münasibətlərini tez bir zamanda dəyişəcəklər. Çünki, bu məsələdə dini faktor xüsusi rol oynayır: "Təbii ki, söhbət xarici ölkələrdə dini təhsil alan şəxslərdən gedir. Məlumdur ki, ölkədə dini təbliğati işlərin sayı və keyfiyyəti artıb, müvafiq institutların fəaliyyətləri inkişaf edib, Dini İşlər üzrə Komitə, eləcə də məscidlər aktiv fəaliyyəti həyata keçirir. Ancaq hesab edirəm ki, bu fəaliyyətin içərisində bizim diqqət etmədiyimiz bir məqam var ki, o da xaricdə təhsil almış şəxslərlə bağlıdır". Millət vəkili qeyd edib ki, aşkar edilmiş Suriya və İraqla əlaqəli olan 30 nəfərdən 2-si xaricdə təhsil alan şəxslərdir: "Biz 2009-cu ildə haqlı olaraq bu məsələyə düzəlişlər edərək qərara aldıq ki, yalnız müvafiq qurumun göndərişindən keçən şəxslər xaricdə təhsil almaq üçün tələbə adını qazana bilərlər. Eyni zamanda, xaricdə təhsilini başa vurub Azərbaycana qayıdanlardan müxtəlif dini ayinlərin icrası kimi səlahiyyətlər əllərindən alındı. Amma gercəklik ondan ibarətdir ki, bu insanlar yenə də öz fəaliyyətlərini davam etdirməkdədirlər. Nəticədə Misirdə təhsilini başa vurmuş şəxs bu ölkəyə Misir modelini, Səudiyyə Ərəbistanında bitirmiş, Türkiyə və İranda dini təhsil almış şəxslər də həmin ölkələrin modelini gətirmək istəyirlər. Məsələ orasındadır ki, xarici ölkələrdə dini təhsil almış şəxslər o ölkələrin dövlətçilik modelini ixrac etmək istəyirlər. Paralel olaraq onların arasında olan ixtilaflar da sanki Azərbaycana daşınmış olur. Nəzərə almaq lazımdır ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə xaricdə təhsil almağa gedənlərin sayı azdır. Konkret olaraq Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici ölkələrdə dini təhsil alanların sayı 6 min nəfərdən yuxarıdır. Belə halda fərdi qaydada xarici ölkələrdə dini təhsil alan şəxslərlə siddi iş aparılması tələb olunur. Ona görə də düşünürəm ki, bütün insanlarımız üçün xaricdə dini təhsil birmənalı olaraq qadağan olunmalıdır". Onun sözlərinə görə, bu məsələ həm də təhsil qanununun predmetidir: "Odur ki, bu məsələni eyni zamanda təhsil qanununda təsbit etməliyik ki, kimsə xaricdən öz dini modellərini Azərbaycana ixrac edə bilməsin. Çünki onların ad və soyadlarının azərbaycanlı olmasına baxmayaraq diplomu xarici olduğu üçün sanki digər gənclərdən fərqlənməyə meylli olurlar".
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22