Vətəndaş cəmiyyətinin inkişafında könüllülük fəaliyyətinin rolu
09:29 13-08-2015
KRİMİNAL
Rauf Zeyni: "Əgər QHT-lərin daxilində minlərlə könüllünün fəaliyyət göstərdiyini nəzərə alsaq, bu qanunun çox böyük əhəmiyyətə malik olduğunu söyləyə bilərik"
Son illərdə Azərbaycanda könüllülük fəaliyyətinin təşviqi, vətəndaşlarımızın bu istiqamətdə maarifləndirlməsi mövzusunda olan QHT layihələrinin sayında da artım müşahidə olunur. Təqdirəlayiq haldır ki, bu QHT layihələrinin dəstəklənməsində yerli donorlar da fəallıq nümayiş etdirir.
İndi elə QHT-lər, vətəndaş cəmiyyəti institutları var ki, onların hər birində onlarla könüllü fəaliyyət göstərir. Milli QHT Formunun prezidenti Rauf Zeyni deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qeyri-hökumət təşkilatlarının azad fəaliyyəti, sərbəst şəkildə yaradılması, fəaliyyəti üçün müxtəlif qanunlar qəbul edildi. Bunlardan biri də "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsinin qəbul edilməsi idi: "Əgər QHT-lərin daxilində minlərlə könüllünün fəaliyyət göstərdiyini nəzərə alsaq, bu qanunun çox böyük əhəmiyyətə malik olduğunu söyləyə bilərik. Qanun Azərbaycanda ictimai və humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdırdı. Ümumiyyətlə beynəlxalq aləmdə könüllülük fəaliyyəti söz, yığıncaq və birləşmək azadlığının ayrılmaz tərkib hissəsi hesab edilir".
R. Zeyninin sözlərinə görə, "Könüllü fəaliyyət haqqında" qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir: "Qanunun 2-ci maddəsində göstərilib ki, könüllü fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Eyni zamanda əvəzi ödənilməyən fəaliyyət – əmək haqqı ödənilməyən fəaliyyətdir".
R. Zeyninin sözlərinə görə, könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir: "Əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə,qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması. Hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı,xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi də könüllü fəaliyyət istiqamətlərinə daxildir. Həmçinin tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə kömək edilməsi və ölkə qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri də bu istiqamətə aid edilir".
Həmsöhbətimizin sözlərinə görə, şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Həmçinin qanunla könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Eləcə də, kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər ölkə qanunvericiliyinə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. R. Zeyni deyir ki, yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər: " Qanunun 4.7 maddəsində göstərilib ki, yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır".
Həmsöhbətimizin sözlərinə görə, bəhs etdiyimiz qanunun könüllü fəaliyyətin təşkilatçılarının hüquqlarını da qoruyur: "Könüllü fəaliyyətin təşkilatçıları bu Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək, müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllülərlə bağlanmış müqaviləyə xitam vermək,könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq,. könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək hüququna malikdir.
Amma qanunvericilik eyni zamanda könüllü fəaliyyətin təşkilatçılarının üzərinə vəzifələr də qoyur. R. Zeyninin sözlərinə görə, bura könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq,könüllülərə onların hüquq və vəzifələrini izah etmək, onları təlimatlandırmaq, könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək, könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar vermək, könüllüləri yerinə yetirəcəkləri işin həyat və sağlamlıq üçün təhlükəli olması barədə məlumatlandırmaq,könüllünün həyat və sağlamlığını sığorta etmək, könüllüləri həyat və sağlamlıq üçün təhlükəli işlərə göndərərkən onların texniki təhlükəsizliklə bağlı müvafiq təlim keçmələrini təmin etmək, könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək, könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək, könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək aiddir.
R. Zeyninin sözlərinə görə, qanunun 7-ci maddəsində könüllülərin hüquqları öz əksini tapıb. Belə ki, müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək könüllünün hüququdur. Könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək, könüllü fəaliyyət haqqında informasiya yaymaq,könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq, könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək haqqı var. Könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq hüququ da var. Qanunda əks olunub ki, sığorta olunmaq,öz əmlakından istifadəyə görə kompensasiya almaq, şəxsin könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona işsizlik müavinətinin ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur.
Ekspertin sözlərinə görə, qanunla könüllülərin vəzifələrinə işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq, qanunvericiliyə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək, fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək aiddir. Könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat təqdim etmək, könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək, vurduğu maddi ziyana görə məsuliyyət daşımaq könüllünün vəzifəsi sayılır. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq da könüllünün vəzifəsidir.
Bununla belə R. Zeyni deyir ki, könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənməlidir. Həmin müqavilədə tərəflər haqqında məlumatlar, tərəflərin hüquq və vəzifələri, görüləcək işlər və göstəriləcək xidmətlər, müqavilənin müddəti, tərəflərin məsuliyyəti,müqaviləyə xitam verilməsi qaydası, könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə bu Qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də nəzərdə tutula bilər.
Həmsöhbətimiz deyir ki, bu müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Həmçinin müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir.
Digər Xəbərlər
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55