Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü dövlətin inkişafında iştirak etməlidir.
Bu, iştirak müxtəlif formalarda özünü göstərə bilər: seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin qorunmasında. Azərbaycanda da cəmiyyəti narahat edən problemləri aradan qaldırmaq, ictimai maraqları uzlaşdırmaq, mənəvi tələbatları ödəmək məqsədilə vətəndaşların müxtəlif ictimai birliklər yaratmaq ənənəsi tarixən mövcud olub.
Ancaq etiraf edilməlidir ki, tarixin müxtəlif mərhələlərində hələ vətəndaş cəmiyyəti kimi tam formalaşmamış ictimai birliklər müxtəlif siyasi qüvvələrin təsiri altına asanlıqla düşə biliblər. Vaxtilə bəzi qeyri-hökumət təşkilatlarının dəqiq missiyası və fəaliyyət planı olmadığından vətəndaş təşəbbüslərində fəal iştirak edə bilmirdilər. Əksər vətəndaş cəmiyyətlərin şəxsi maraqlara üstünlük vermələri onları ictimai-siyasi proseslərdən kənar qoymaqla barələrində xoşagəlməz fikirlərin yaranmasına rəvac verirdi.
Azərbaycanda yeni siyasi sistemin, o cümlədən vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir. Məhz ümummilli lider vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Bu baxışın nəticəsi olaraq ölkədə müxtəlif ideologiyalara malik siyasi partiyaların fəaliyyəti bərqərar oldu. Müasir vətəndaş cəmiyyətinin əsas elementi anlamında isə qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib. Artıq QHT-lər milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər ki, bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən amillərdəndir. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı QHT-lər qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində ixtisaslaşıblar. Siyasi hakimiyyət uğrunda mübarizədən çəkinmələri onların birbaşa nizamnamə fəaliyyətinə şərait yaradıb. Bu isə ölkənin demokratikləşməsi prosesində qeyri-hökumət təşkilatlarının rolunu xeyli dərəcədə artırıb.
Hazırkı şəraitdə cəmiyyətin demokratikləşməsində QHT-lərin rolunu inkar etmək, demokratik institutların inkişafında onların rolunu danmaq vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətsiz yanaşma kimi dəyərləndirilə bilər. Çünki QHT- lər ölkədə demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırıblar. Sözsüz ki, burada QHT-lərin əsas vəzifələri ölkə Konstitusiyası ilə təsbit olunmuş əsas hüquq və azadlıqların təminatı sahəsində ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. Demokratiyanın təməl prinsiplərindən hesab olunan bərabərlik, azadlıq, yaşamaq, şəxsi toxunulmazlıq, vicdan, tətil, şərəf və ləyaqətin müdafiəsi, fikir və söz azadlığı, sərbəst toplaşmaq və sair kimi hüquqların həyata keçirilməsində ictimai birliklərin rolu danılmazdır. Bunu nəzərə alan QHT-lər hər bir vətəndaşın dövlətin idarə olunmasında iştirakı, bu hüququn həyata keçirilməsinin əsas elementləri olan seçki hüququ, birləşmək və müraciət etmək kimi siyasi hüquqlarının təminatında ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməyə cəhd göstərir. Etiraf edilməlidir ki, ölkədə vətəndaş cəmiyyətlərinin çoxşaxəli fəaliyyəti, xüsusən Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki gördüyü işlər Azərbaycan dövləti tərəfindən də dəstəklənir. Bu məqsədlə 27 iyul 2007-ci ildə prezident QHT-lərə dövlət dəstəyi konsepsiyasını təsdiq etdi və dekabrın 13-də Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla artıq QHT-lər üçün yeni bir mərhələyə qədəm qoymuş oldu. Bununla da vətəndaş cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qalxmış oldu. QHT-lərə dövlət dəstəyinin digər bariz nümunəsi kimi qanunvericilik təşəbbüsündən istifadə edən Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələrinin parlamentə təqdim edilməsidir.
Eyni zamanda, QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Artıq ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir Azərbaycan modeli formalaşıb. Çox təəssüf ki, beynəlxalq aləmdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələri ölkədə belə bir vəziyyətin yaranmasından xoflanaraq əsassız ittihamlar irəli sürməkdə davam edirlər.
Baxmayaraq ki, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinə qanunla lazımi şərait yaradılıb, ancaq təəssüflər olsun ki, çox zaman bu fəaliyyətlər Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur. Bəzən beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq qrant layihələri verən təşkilatların Azərbaycanda öz maraqlarının reallaşdırılmasının şahidi oluruq. Beynəlxalq qeyri-hökumət təşkilatları, müəyyən beynəlxalq mərkəzlər və eləcə də aparıcı dövlətlər tərəfindən idarə olunan proseslər çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha açıq şəkildə büruzə verir və biz öz mövqeyimizin doğruluğunu isbat etmək üçün çox mücadilə aparmalı oluruq, bəzi hallarda da onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar. Bu baxımdan, qeyri-hökumət təşkilatlarının xarici donorlardan asılılığını aradan qaldırmaq və haqlı olaraq onların fəaliyyətinə müəyyən qanuni və digər məhdudiyyətləri daha da ciddiləşdirmək məsələsi gündəmə gəlir. Bütün bunlara baxmayaraq etiraf edilməlidir ki, inkişafda, tolerantlıqda olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində də bir Azərbaycan modeli var. İndi qarşıda duran əsas məsələlərdən biri bu modelin üstün cəhətlərindən istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın yollarını axtarmaqdır. Bu isə QHT əməkdaşlığının yeni aspektlərinin müəyyən edilməsi ilə baş tuta bilər. O da faktdır ki, istənilən ölkədə hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Daha dəqiq, hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir. Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. Sirr deyil ki, müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi.
Məlumdur ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Artıq qətiyyətlə söyləmək olar ki, Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər əldə edən, miqyaslı məhkəmə-hüquq islahatlarını həyata keçirən, vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatları formalaşdırıb. Demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilib. Milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır.
Konstitusiyanın qəbulundan sonra ölkədə aparılmış məhkəmə–hüquq islahatı nəticəsində bütün hüquq təchizatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar qəbul eilib. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi dövlətin prioriteti kimi qəbul edilib. Tarix göstərir ki, iqtisadi sahədə inkişaf etməmiş dövlətlərdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel davam etdirilməsi şərtilə real hesab edir: "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır".
Digər Xəbərlər
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20