Vətəndaş cəmiyyətinin sosial əlaqələr sistemində rolu
"Vətəndaş cəmiyyəti" dedikdə cəmiyyətin xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir. Hələ XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti" anlayışı insanların digər birlik formalarından ayrıca öyrənilməyə başlanıb.
Bu cəmiyyətin gerçəkləşməsi üç mərhələdən keçib: XVI-XVII əsrləri əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və ideoloji zəmini formalaşıb. XVIII-XIX əsrləri əhatə edən ikinci mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində inkişaf edib. Bu dövrdə suveren, hüquqi, demokratik dövlətlər, parlamentlər yaranıb, vətəndaş cəmiyyəti üzvlərinin hüquq və azadlıqları qorunub. Vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Bu dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem formalaşdı. Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Vətəndaş cəmiyyəti dar mənada "mülki cəmiyyət" kimi də qeyd olunur. Mülki cəmiyyət dedikdə, qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə məruz qalmayan, azad və bərabərhüquqlu adamların cəmiyyəti başa düşülür. Burada azad sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir. XX əsrin sonlarında Şərqi Avropa və postsovet məkanında baş verən köklü dəyişikliklər totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgəyaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır. Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: iqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr və s.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sahəsində struktur elementlərini isə aşağıdakı şəkildə təsnif etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar və hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər (kilsə, sinaqoq və s.), sosial qruplar, siniflər, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları və s. Bu sahədə sosial konfliktlərin həlli, vətəndaşların maraqları konstitusiya və qanunlar vasitəsilə qeyri-zorakı və sivil formada tənzimlənir, konsensus mühiti yaranır.
Vətəndaş cəmiyyətinin mənəvi sahəsinə aşağıdakı elementləri aid etmək olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması. Vətəndaş cəmiyyətinin həm də aşağıdakı prinsiplərini göstərmək olar:
1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.
2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması.
3. Qanun qarşısında hamının bərabərliyi.
4. Demokratik və legitim hakimiyyətin mövcudluğu.
5. Hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşması.
6. Siyasi, ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu. 7. Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığı.
8. Dövlətin şəxsi və ictimai həyata müdaxilə etməməsi, vətəndaş və dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət və öhdəlikləri.
9. Milli barışıq, sinfi konsensus, kompromis, qarşılıqlı əməkdaşlıq.
10. Şəxsiyyətin ləyaqətli həyatını təmin edən səmərəli sosial siyasət. Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır. Vicdan azadlığı problemi bəşəriyyətin inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. Geniş mənada vicdan azadlığı, vətəndaşların bu və ya digər əməllərə (ədalət və ədalətsizlik, yaxşı və pis) qiymət verməkdə mənsub olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət etməkdə azad olmaq imkanıdır. Sözün dar mənasında, vicdan azadlığı kateqoriyası insanların dinə münasibətə tam sərbəstliyini nəzərdə tutur. Vicdan azadlığı istənilən dini seçib ona riayət etmək və heç bir dinə inanmamaq, yəni ateist mövqedə durmaq hüququnun təmin edilməsi kimi iki vacib prinsiplə müəyyən edilir.
AMEA İnsan Hüquqları İnstitutu Din və İctimai Təhlükəsizlik şöbəsinin müdiri, siyasi elmlər doktoru Gülzar İbrahimovanın fikrincə, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır. Kantın da dediyi kimi: "Vətəndaş cəmiyyətindəki insanlar dövlətdən asılı deyil və tam sərbəstdirlər".
Vətəndaş cəmiyyətinin inkişafı üç mərhələdən keçib. Üçüncü mərhələ indi yaşadığımız müasir dövrü əhatə edir və məhz bu mərhələdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət anlayışı ümumbəşəri dəyərə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi: "Demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər".
G.İbrahimova onu da deyib ki, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır: "Kanta görə, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Onun fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir. Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir".
G.İbrahimova onu da vurğulayıb ki, vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir: "Hüquqi dövlətdə bazar münasibətləri və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir və orada siyasi elitanın "söz keçirməsi" cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir və demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir. Kantın da dediyi kimi: "Ümumdünyəvi vətəndaş cəmiyyətinin formalaşması demokratiyanın yaranması deməkdir". Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil. Fransız politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə oynadığı rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət anlayışını bütün adamlar üçün aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da hər bir vətəndaşın şüuruna çatdırır".
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01