Bərbad təhsil sistemimiz... Çixış yolu varmı?
Kibernetik Məhəmməd Əliyev: "Normal dövlətin təhsil konsepsiyası ölkənin bütün sahələrində çalışan mütəxəssislər hazırlamaqdır"
Hərdən orta məktəb şagirdlərinə baxanda onlara yazığım gəlir. Çünki onlar uşaqlıq yaşamırlar... Çarxın içinə qoyulmuş oyuncaq dələ kimi evdən məktəbə, məktəbdən evə, evdən repetitor yanına və repetitor yanından da yatağa (evə) ...
Bu uşaqlar, doğrudan da, uşaqlıq yaşamırlar, valideyn təkəbbürünün və dövlət laqeydliyinin qladiatorluğunu yaşayırlar...
"Uşağım ali təhsil almalıdır. Mən kimdən əskiyəm!"
Bizim valideyinlərin övlada münasibətdə konkret nadanlığının konkret təzahürü bu kəlmələrdədir.
Dövlət isə... Bunu anlamaq üçün təhsil naziri Misir Mərdanovun nur yağan sifətinə, dahiyanə alnına valeh olmaq, cəfakeş və xalqın balalarının maariflənməsi yolunda özünü fəda etməyə hazırlıqdan xəbər verən məzlum baxışlarına nəzər yetirmək və onun elm-təhsil barədə müdrik kəlamlarına qulaq asmaq kifayətdir.
Əldə etdiyimiz məlumatlara görə, nəhayət, bu maarif fədaisi fəxri istirahətə göndəriləcək, yəni Azərbaycan təhsil sisteminin canı onun əlindən qurtaracaq.
Mənbə bildirir ki, ölkədə yeni bir nazirlik yaradılacaq - elm və təhsil nazirliyi. Və hər il 5-6 qalın-qalın fəlsəfi kitablar yazan fəlsəfə mütəxəssisi Səlahəddin Xəlilov bu nazirliyin başına gətiriləcək....
Biz ölkədəki təhsilin vəziyyəti ilə bağlı AMEA Kibernetika İnstitutunun əməkdaşı Əliyev Məhəmməd Məhərrəm oğluna üz tutduq.
Alimin sözlərinə görə, "Tarixi inkişaf nəticəsində bəşəriyyət cəmiyyət halına gəlib çıxmış və öz varlığını ictimai-iqtisadi-təbii bir sistem şəklində davam etdirməkdədir. Bir çox etnoslar və xalqlar birləşərək (iqtisadi həyat birliyi) millət əmələ gətirir. Müasir sosial fəlsəfə milləti - insanların dil, ərazi, iqtisadi həyat birliyi, mədəniyyət ümumiliyinə malik olan tarixi birliyi kimi anlatmaqdadır.
Bu anlayış millətin formal olaraq təzahür edən əlamətləridir. Bundan başqa millətə yaşamaq uğrunda birgə mübarizə aparan insan qürupu kimi funksional tərif də vermək olar.
Dövlət isə - millətin yaşamaq uğrunda mübarizəsinə rəhbərlik edən bir idarəetmə sistemidir. Aydındır ki, marksist fəlsəfənin dövlətin ölüb getməsi haqqında sayıqlamaları çox gülüncdür".
Məhəmməd Əliyevin fikrincə, "Dövlət cəmiyyətin idarə olunmasında əsas səlahiyyətləri öz əlində topladığı üçün, cəmiyyət qarşısında səlahiyyətləri qədər də məsuliyyət daşıyır. Dövlət həyatın mühüm sahələrin idarə edilməsində səlahiyyət və məsuliyyət daşıyır. Səlahiyyəti mənimsəyib, məsuliyyət daşımaqdan imtina edən dövlətlər siyasi əxlaqsız dövlətlər hesab edilir. Dövlətlərin yarandığı gündən elm və təhsil sahələrinə ehtiyacı olmuş, onlar təhsil və elm müəssisələri açmış, öz problemlərini həll etmək üçün təhsil sistemi vasitəsilə dövlətin idarə edilməsində iştirak edən mütəxəssisləri yetişdirmişlər.
Normal dövlətin təhsil konsepsiyası ölkənin bütün sahələrində çalışan mütəxəssisləri hazırlamaqdır. Bu mütəxəssislərə qoyulan əsas konseptual tələblər bunlardır: 1) yüksək peşəkarlıq və öz işinin müasir dünya səviyyəsində ustası olmaq; 2) vətənə və millətə sədaqət; 3) yüksək insani əxlaq və cəmiyyətdə yüksək səviyyədə davranış (etika).
Dövlətin əsas idarəetmə obyekti milli iqtisadiyyatdır. Milli iqtisadiyyat, milli ərazidəki (Ana Vətən) məhdud resurslardan səmərəli istifadə edərək, milli tələbatın səmərəli ödənməsinə xidmət edən maddi-ictimai sistemdir. Bu kompleksə istehsal resursları, maliyyə, istehlak, texnologiya, istehsal obyektləri və bunları hərəkətə gətirərək zəruri istehlak malları və xidmət sahələrini istehsal edən sistemi idarə edən vətəndaşlar daxildir.
Milli tələbat dedikdə - hərbi-ekoloji təhlükəsizlik, asayiş, zəruri istehlak malları və zəruri xidmət sahələri, vətəndaşların daha yüksək səviyyədə geniş təkrar istehsalını gerçəkləşdirən təlim-tərbiyə-təhsil nəzərdə tutulur.
Tarixə nəzər salsaq görərik ki, dövlətlər öz problemlərini həll etmək üçün akademiyalar və elmi institutlar açmış və öz problemlərini bu beyin mərkəzləri vasitəsilə akademik səviyyədə həll etməyə çalışmışlar. Buna misal olaraq qədim Misirdə Kahinlər akademiyasını, Moğol imperiyasında Yunan-Şi akademiyasını, Fransa elmlər akademiyasını, Rusiya elmlər akademiyasını və s. göstərmək olar.
Dövlətin əsas elmi konsepsiyası - elmi müəssisələrdə öz idarəetmə, iqtisadi, ekoloji, hərbi, texnoloji və humanitar problemlərini akademik səviyyədə nəzəri olaraq həll etmək və praktiki olaraq nəticələri tətbiq etməkdir.
Tarixdə ancaq yüksək idarəetmə və texnoloji mədəniyyəti olan millətlər yaşayacaq. Aşağı səviyyəli millətlər isə yaşamaq uğrunda mübarizə meydanından əriyib yox olub gedəcəkdir.
Bütün bu deyilənləri nəzərə alaraq Azərbaycan Respublikasındakı vəziyyəti normal dövlətlərin elm və təhsil konsepsiyası ilə müqayisə edərək özümüzə aşağıdakı sualları verək və onların cavabını axtaraq".
1.Dövlətimiz öz problemlərini elmi müəssisələri vasitəsilə həll edə bilirmi?
2.Təhsil sistemimiz lazımi səviyyədə olan mütəxəssislər yetişdirə bilirmi?
Əgər yox - onda səbəbləri araşdırıb aradan qaldıraq".
Gültəkin
Digər Xəbərlər
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:00
2024-12-25 14:20:39