Açıq cəmiyyət elə bir ictimai mühitdir və belə bir fakta əsaslanır ki, heç kim həqiqət üzərində mütləq monopoliyaya malik deyil, müxtəlif adamların müxtəlif nəzər- nöqtələri ola bilər, ayrı-ayrı qurumlar insan hüquqlarını mütləq müdafiə etməlidirlər, bütün insanlara sərbəst və əmin-amanlıq şəraitində yaşamaq imkanı verilməlidir. Ümumilikdə, açıq cəmiyyət qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin varlığını, müxtəlif təbəqələrin olmasını qəbul edən, ictimai azlıqlara və onların hüquqlarına hörmətlə yanaşan bir cəmiyyət kimi xarakterizə olunur.
KİV-in bu dövrdə konstruktiv rolu, əsasən, açıq cəmiyyət azadlıqlarının əldə edilməsindən və saxlanılmasından ibarətdir. İnformasiya plüralizmi, informasiya məkanının tam prinsipial açıqlığı, KİV-in dövlət təsirinin hüdüdlarından kənarda da geniş yayılması açıq cəmiyyətin formalaşmasının əsas və aparıcı şərtidir. Bu cəmiyyətin prinsiplərinə görə, demokratik hökumət onu tənqid edənləri, müəyyən əks mülahizə yürüdənləri nəzarətdə saxlamamalı və məzəmmət etməməlidir. Demokratiya yeni ideya, məlumat, fikir və düşüncələri qeyri-adi, qeyri- məhdud axından qidalanan vətəndaşların enerjisi hesabına çiçəklənir.
Vətəndaşları hökumətin təzyiqindən qorumaq üçün hökumətin təklifləri qanunverici orqanda qanun şəklinə salınmalı, KİV vasitəsi ilə ictimaiyyətin müzakirəsinə verilməli, ictimai nəzarət təmin edilməlidir. Neçə onilliklər öncə açıq cəmiyyət ideyası mücərrəd fikir, fantastik mülahizə təsiri bağışlaya bilərdi. Lakin qloballaşma dövrünün coşqun proseslərini, son 40- 50 ildə dünyada baş verən əhəmiyyətli dəyişiklikləri nəzərə alsaq, açıq cəmiyyətin qanunlarının çox qısa zaman kəsiyində ictimai- siyasi münasibətlərdə və bütövlükdə cəmiyyətdə aparıcı vasitəyə çevriləcəyi şübhə doğurmamalıdır. İnformasiya–kommunikasiya texnologiyalarının günbəgün deyil, saatbasaat inkişaf etməsi, dünyada demokratik proseslərin dönməz xarakter alması, sivilizasiyanın modernləşməyə meyli bütün bəşəriyyətin üzünün tərəqqiyə və açıq cəmiyyətə çevrilməsindən xəbər verir.
Qloballaşma şəraitində Azərbaycanın açıq cəmiyyət quruculuğuna qədəm qoyması faktının strateji nəticələrini proqnozlaşdırmaq, mətbuatın ölkə üçün bu taleyüklü inkişaf mərhələsində maarifçilik, təşkilatçılıq və aşkarlıq , şəffaflıq vasitəsi kimi rolunun fövqəladə şəkildə artması müstəvisində fəaliyyət prinsiplərini araşdırmaq başlıca məqsəd kimi qarşıya qoyulmuşdur. İstər müxalifət, istərsə də iqtidar kütləvi informasiyaları bir amalda - dövlətçiliyi möhkəmləndirmək, milli ideologiyaya xidmət etmək, milli mənafeyi qorumaq, informasiyanı çatdırmaq məqamında birləşməlidir. Necə deyərlər, əsl mətbuat kimlərəsə yox, milli mənafeyə xidmət etməlidir.
Hazırkı çətin və mürəkkəb şəraitdə, müstəqilliyimizə qarşı yönəlmiş təhlükələrin tam aradan qalxmadığı dövrdə mətbuatın ictimai şüuru Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək və daha da inkişaf etdirmək istiqamətində kökləməkdən vacib və gərəkli vəzifəsi ola bilməz. Azərbaycanın azad mətbuatı təkcə informasiya vermək, ölkəyə və dünyaya həqiqətləri çatdırmaq, ictimai rəyi formalaşdırmaq və ictimai şüuru milli istiqamətdə inkişaf etdirməklə kifayətlənməməli, xalqın maariflənməsində, milli mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dövlət siyasətinin əsas mahiyyətinin xalqa çatdırılmasında, cəmiyyəti düşündürən problemlər haqqında məlumatın verilməsində, milli mənəviyyatın inkişafında da mühüm rol oynamalıdır. Ölkənin iqtisadi qüdrətinin artdığı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu indiki dövrdə mətbuatın üzərinə daha ciddi məsuliyyət düşür. Milli təəssübkeşlik, problemlərə vətəndaş mövqeyindən yanaşma hər bir mətbuat orqanının keyfiyyət göstəricilərinə çevrilməkdədir.
Ölkə Prezidenti İlham Əliyevin azad medianın inkişafı sahəsində gördüyü tədbirlər hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına da əsaslı təsirini göstərməkdədir.
Demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesində kütləvi informasiya vasitələrinin xüsusi yeri və rolu var. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra senzura ləğv edildi, azad söz, azad fikir bəqrərar oldu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində "Məlumat azadlığı" bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır.
Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən bu sahəyə dövlət xüsusi diqqət verdi. Söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Çıxışlarının birində Ulu Öndər dövlətin informasiya siyasəti haqqında deyirdi: "Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında tətbiq olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir".
Ulu Öndər azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyinin və azadlığının təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü: "Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, demokratik islahatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir".
Məlum olduğu kimi, müasir informasiya, vətəndaş cəmiyyətinin, eləcə də, azad medianın əsas dəyərləri fikir, söz, məlumat azadlığıdır. Cəmiyyət demokratikcəsinə inkişaf etdikcə informasiya cəmiyyətinə keçid sürətlənir, informasiya mühitinin texnoloji komponentləri, informasiya resurslarının formalaşması, yayılması və istifadə sistemləri, informasiya telekommunikasiya infrastrukturu yaranır və inkişaf edir. Cəmiyyəti doğru, düzgün, obyektiv informasiyalarla məlumatlandıran, kütləvi informasiya vasitələri dövlətin informasiya siyasətində həlledici təsisatlarından olub, bir növ dördüncü hakimiyyət funksiyasını həyata keçirir. Dövlət orqanlarının informasiya, media sahəsində gördüyü tənzimləyici tədbirlər dövlət informasiya siyasətinin əsas mahiyyətini təşkil edir. İnformasiya sektorunda kütləvi informasiya vasitələri qəzet, jurnal, televiziya, radio kanalları, informasiya agentlikləri, telekommunikasiya informasiya sistemləri habelə, hər növ informasiyanın - xəbər, elmi, işgüzar, əyləncəli və s. məlumatların qorunması, istifadə edilməsi, ötürülməsi ilə bağlı istehsalçı münasibətlərinin məcmusu daxildir. Dövlət informasiya siyasətinin əsas vəzifələrindən biri "Kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilatın və texnoloji tədbirlərin müəyyən edilməsidir.
Ölkə Prezidenti İlham Əliyevin dövlət informasiya sahəsində gördüyü tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatının bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq kütləvi informasiya vasitələrindən də yan keçməmişdir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda keçirilmiş mühüm tədbirlərdəndir.
H.İsgəndərov
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16