Rusiya Qarabağı Azərbaycana qaytarır?
12:17 11-11-2015
CƏMİYYƏT
Erməni mətbuatı Rusiya XİN rəhbəri Sergey Lavrovun Yerevana son səfəri ilə bağlı şok detallar açıqladı...
Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana etdiyi səfərə dair erməni mətbuatında bəzi şok sayıla biləcək iddialar yer alıb. Məsələn, düşmən ölkənin müxalifyönlü "Akakan jamanax" qəzeti Lavrovun səfərinin əsas məqsədinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında Rusiyanın başlatdığı kulisarxası proseslə bağlı olduğunu yazır.
"Söhbət Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılmasından gedir. Hakimiyyətə yaxın dairələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır. Bunun sayəsində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq əldə etmək istəyir. Mənbələr qeyd edir ki, Rusiya xarici işlər nazirinin Ermənistana səfərinin məqsədi məhz bu idi"- deyə qəzet yazır.
"169 jam" qəzeti isə iddia edib ki, Rusiya xarici işlər nazirinin səfərinə dair ekspert çevrələrində bəzən bir-birin zidd fikirlər var. "Lakin əsas versiya ondan ibarətdir ki, Lavrov hansısa ciddi missiya ilə gəlmişdi və Ermənistan rəhbərliyindən hansısa güzəşt qoparmaq istəyirdi"- deyə qəzet yazır.
"Unikal" qəzeti xatırladır ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri qaytarılması qarşılığında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmağa razı salmaq məsələsi yeni deyil və bununla bağlı iddialar bir neçə ay bundan öncə də gündəmə gətirilmişdi. Bununla bağlı bir müddət öncə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Rusiya mətbuatına müsahibəsində: "İşğal edilmiş ərazilər kompleks nizamasalma çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılmalıdır" açıqlaması da maraq doğurur. Qeyd edək ki, amerikalı həmsədr öz bəyanatı ilə Dağlıq Qarabağ ətrafındakı rayonların işğal edilmiş ərazilər olduğunu, işğalçı tərəfin "Qarabağ erməni qüvvələri" deyil, məhz Ermənistan olduğunu bəyan etmişdi.
Həmin bəyanatın səsləndirilməsindən sonra isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya qəfil səfər edərək, rusiyalı həmkarı Sergey Lavrovla görüşmüş və bir çox məsələləri müzakirə etmişdi. Rusiya xarici işlər naziri elə həmin görüşdəcə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtının çatdığını vurğulayaraq Qarabağ ətrafında doğurdan da hansısa planların müzakirə olunduğu ehtimallarını qüvvətləndirmişdi. Ötən gün Ermənistan mətbuatının "Lavrov Qarabağı Azərbaycana qaytarmaq üçün gəlmişdi" tezisini yenidən ictimailəşdirməsi isə məsələni təkrarən gündəmə daşımış oldu.
Maraqlıdır ki, son dövrlər Qərbin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı mövqeyində ciddi dönüş yarandığı müşahidə edilir. Əvvəla, Almaniya işğal altında olan, Ermənistan tərəfindən nəzarətdə saxlanılan ərazilərimizdən danışdı, ardınca da Bundestaq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul etdi. Ermənistanın nəzarəti altında olan Azərbaycan əraziləri demək elə ərazilərimizin Ermənistan tərəfindən işğal olunması deməkdir. Bu hadisələrdən sonra ABŞ-ın mövqeyində də pozitivlik hiss olunmağa başladı. Amerika Dağlıq Qarabağ ərazisindən kənarda olan işğal altındakı Azərbaycan ərazilərinin qeyd-şərtsiz, birmənalı olaraq geriyə qaytarılmasının tərəfdarı kimi çıxış etdi. Belə bir mənzərə yaranır ki, Qərb münaqişənin tənzimlənməsində Rusiyanın aktivliyini görüb Ermənistana təzyiq etmək ərəfəsindədir.
Baş verənlərin fonunda isə Rusiya hər zaman olduğu kimi indi də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində təşəbbüskarlığı ələ almaq istəyir. Azərbaycan-Rusiya münasibətləri də bu məsələdə daha intensiv inkişaf edir. Misal üçün, bu günlərdə Rusiya xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair optimist fikirlər səsləndirib. Qeyd edib ki, münaqişənin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtı çatıb və Rusiya tərəflərin nəticə əldə etməyə hədəfləndiyini nəzərə alaraq, bu prosesə kömək etməyə hazırdır. Bu cür açıqlama, rəsmi Moskvanın davranışları Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidləri bir qədər artırır. Ümumiyyətlə, hər iki ölkə arasında Dağlıq Qarabağ probleminin həlli, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istiqamətində ciddi danışıqlar gedir. Bu danışıqlarda hər bir ölkə öz strateji maraqlarını güdür. Rusiya Azərbaycan kimi beynəlxalq proseslərdə dinamik rol oynayan, getdikcə nüfuzu artan bir ölkəni itirmək istəmir, onu öz yanında görmək istəyir. Deməli, ortada hər iki tərəfin ortaq siyasi iradəsi var. Məhz bu siyasi iradə əsasında hər iki tərəf problemi çözməyə daha çox meyillidir. Bu mənada işğal altındakı rayonların geri qaytarılması kifayət qədər real görünür.
Məsələ ilə bağlı Ermənistan hakimiyyətinin mövqeyindəki dəyişiklik də nəzərdən qaçırılmamalıdır. Son vaxtlara qədər müharibə variantı gündəmdə olub. Hətta ermənilər özləri də müharibə yolu ilə torpaqların geri qaytarılmasını özlərinin ləyaqət məsələsi kimi gündəmə gətirirdilər. Bununla Ermənistanın indiki siyasi hakimiyyəti "torpaqlar döyüşlərdə uduzuldu" tezisini xalqa yeritmək, öz hakimiyyətlərini qoruyub saxlamaq niyyəti güdürdülər. Ancaq indi ermənilərin mövqelərində də dəyişikliklər hiss olunmaqdadır. Onlar Dağlıq Qarabağ ətrafındakı torpaqların döyüşsüz də boşaldılmasına tərəfdar olduqlarını bildirirlər. Yalnız Laçın dəhlizi istisna olmaqla. Bu barədə separatçı rejimin rəhbərliyinə müvafiq göstərişlərin verilməsi, əhali arasında təbliğat aparması barədə göstərişlərin verilməsi barədə məlumatlar da var. İndinin özündə müharibə və sülh variantlarının hər ikisi gündəmdədir. Azərbaycan üçün isə bu məsələ birmənalıdır. Ölkənin ərazi bütövlüyü təmin olunmalı, danışıqlar beynəlxalq hüququn prinsiplərinə uyğun aparılmalı, ədalətli həll ortaya qoyulmalıdır. Azərbaycan bir qarış torpağını da kiməsə güzəştə getmək fikrində deyil. Təbii ki, bu istiqamətdə danışıqlar dalana dirəndiyi zaman Azərbaycan ordusu, Azərbaycan əsgəri öz sözünü deyəcək, müqəddəs vəzifəsini yerinə yetirərək, torpaqlarımızı müharibə yolu ilə işğaldan azad edəcək.
Orxan
Digər Xəbərlər
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11