"Azərsu", "Biwater" və "Nobel Oil" şirkətləri arasında memorandum imzalandı
12:18 11-11-2015
CƏMİYYƏT
Qorxmaz Hüseynov: "Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaq"
"Azərsu" ASC-də Böyük Britaniyanın "Biwater" və onun yerli tərəfdaşı "Nobel Oil" şirkətləri arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.
"Azərsu"dan "Unikal"a verilən məlumata görə, memorandum "Biwater" və "Nobel Oil" şirkətləri tərəfindən "Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları" layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılmasını nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O, su təchizatı və kanalizasiya infrastrukturlarının dünya standartları səviyyəsində qurulması üçün ən yeni texnologiyalardan istifadə edildiyini xatırladaraq, çirkab sutəmizləyici qurğuların layihələndirilməsində Britaniya şirkətləri ilə əməkdaşlığın faydalı olacağını deyib: "Çirkab sutəmizləyici qurğuların texniki iqtisadi əsaslandırılması sahəsində böyük təcrübəsi olan "Biwater" şirkəti ilə əməkdaşlığın geniş perspektivləri var. Lökbatan və Şüvəlanda təmizləyici qurğuların tikilməsi ilə Abşeron yarımadasında formalaşan tullantı suların əhəmiyyətli hissəsi bu qurğulara yönəldiləcək. Bu layihələrin icrası zamanı tunel və mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi də nəzərdə tutulur. Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaq".
"Biwater" şirkətinin icraçı sədri Edrian Uayt bildirib ki, təmsil etdiyi qurum çirkab suların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır: "Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılmışdır. Şirkətimizin bu sahədə geniş təcrübəsini nəzərə alıb Azərbaycanda tullantı sularının idarəolunması sahəsində irimiqyaslı layihələrinin icrasında yaxından iştirak etmək və bu işləri qısa müddətdə icra etmək niyyətindəyik".
İmzalanma mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq də iştirak edib.
Əməkdaşlıq Haqqında Memorandumu "Azərsu" ASC-nin sədri Q. Hüseynov, "Biwater" şirkətinin icraçı sədri E. Uayt və "Nobel Oil" şirkətinin baş icraçı direktoru Maykl Rinq imzalayıblar. Sənədə əsasən "Biwater" və "Nobel Oil" şirkətləri Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğularının texniki iqtisadi əsaslandırılmasını işləyib hazırlayacaq.
Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi tərəfindən Abşeron yarımadasında çirkab sutəmizləyici qurğuların və kanalizasiya kollektorlarının tikintisinə 800 milyon ABŞ dolları vəsait ayrılması təklif edilib.
Qeyd edək ki, Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planının tövsiyələrinə əsasən yarımadanın yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması üçün hövzələr seçilmiş, hər bir hövzə üçün çirkab sutəmizləyici qurğular kompleksləri və magistral kanalizasiya kollektorları layihələndirilib. Böyük Britaniyanın "Biwater" şirkəti dünyanın müxtəlif şəhərlərində genişmiqyaslı su və çirkab suları təmizləmə texnologiyalarını təqdim edir. Şirkət 90-dan çox ölkədə hidrotexniki qurğularının layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.
"Nobel Oil" şirkəti isə Xəzər regionunda mühəndis-layihələndirmə, qazma və layihələrin idarə olunması, texniki və servis xidmətlərinin göstərilməsi, təchizat, satınalmalar və layların məhsuldarlığının artırılması xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıb.
O.Həsənli
Digər Xəbərlər
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00