Əkbər Hacıyevin dövranı başa çatır
13:06 13-11-2015
CƏMİYYƏT
«Unikal»ın yazdıqları təsdiqləndi: «Azəriqaz» «şef»i də səlahiyyətsiz qalır, Bakıda qaz idarələri ləğv edilir
"Azəriqaz" İstehsalat Birliyinin Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Səbayel, Suraxanı və Yasamal rayon qaz istismar sahələri ləğv edilir. Artıq əmr imzalanıb. Bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, "Azəriqaz" növbəti struktur dəyişikliyi ilə bağlı əmr verib. "Azəriqaz" İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin maddi-texniki bazalarında Bakı Reqional Qaz İstismarı Departamenti və Bakı Reqional Qazın Satışı Departamenti yaradılır.
M.Qəhrəmanlı qeyd edib ki, rayon qaz istismar sahələrinin hər birində təxminən 80-100 nəfər işçi çalışır. Buna görə də 1000-ə yaxın işçinin ixtisara düşəcəyi gözlənilir: "Təşkilata daxil olan məlumata görə işçilərə noyabrın 16-da bildirişlər veriləcək. Bu işçilərin işlə təmin edilib-edilməyəcəyi isə bəlli deyil. Hazırda onlar təşvişdədir. İşçilərin arasında ixtisara düşənlər olacaq".
Əmr noyabrın 10-da imzalanıb. Strukturların ləğv edilməsi və digər məsələlərin icrası ilə bağlı komissiya yaradılıb.
"Azəriqaz" İstehsalat Birliyi (İB) də qurumda həyata keçirilən son struktur dəyişiklikləri barədə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İB üzrə mövcud xərclərin optimallaşdırılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasının davamı olaraq, 10 noyabr tarixindən İB-in tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbayel, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.
Bu məqsədlə artıq işçilərə Əmək Məcəlləsinə uyğun olaraq rəsmi xəbərdarlıq məktublarının paylanılmasına başlanılıb. Ləğv edilmiş Abşeron və Bakı şəhəri üzrə Qaz İstismarı Sahələrində çalışan işçilər haqqında məlumatlar, eyni zamanda yeni yaradılan departamentlərin ştat cədvəli SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinə (İRD) təqdim edilib.
Həmin işçilərin peşəkarlıq səviyyəsi müvafiq qanunvericiliyə əsasən şəffaf şəkildə İRD tərəfindən yoxlanılacaq, biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər. Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan departamentdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq İB-in İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcək. İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən vergi tutulmur. Birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin isə "SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair" Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə müraciət ediləcək. Artıq 10 noyabr, 2015-ci il tarixdən adı çəkilən proqrama qoşulmaq üçün ərizə qəbuluna başlanılıb. Sərbəstləşən işçilər 1 ay müddətində proqrama qoşulmaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, sərbəstləşmə əsasən idarəetmə aparatının işçilərinə şamil olunacaq.
Test imtahanından və yeni strukturda yerləşdirmə prosesindən narazı olan vətəndaşların şikayətləri "Azəriqaz" İB və İRD tərəfindən operativ şəkildə araşdırılacaq və nəticə barədə vətəndaş məlumatlandırılacaq.
Qeyd edək ki, «Unikal» qəzeti bir müddət əvvəl «Azəriqaz» «şef»i Əkbər Hacıyevin «vurulacağı» barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, hökumətdə adıçəkilən İstehsalat Birliyinin fəaaliyyətindən ciddi narazılıqlar var. Narazılıqların kökündə duran ölkənin qazlaşdırılması ilə bağlı işlərin sürətli aparılmaması və «Azəriqaz»dan vətəndaşların şikayətlərinin kütləvi xarakter daşımasıdır. İstehsalat Birliyində müəyyən yeyintilərin olması da gələn bilgilər arasındadır.
Bu da adıçəkilən qurumda ciddi islahatları qaçılmaz edib. Əldə etdiyimiz məlumata görə, start verilən reformların növbəti dalğasında «Azəriqaz» rəhbərinin əvəzlənəcəyi istisna olunmur.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18