Füzuli Ələkbərovun varisləri məlum oldu
11:46 05-06-2012
İQTİSADİYYAT
Füzuli Ələkbərovun varisləri məlum oldu
Nazirin gedəcəyi dəqiqləşdi, onların yerinə namizədlər də məlumdur
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun görəvindən uzaqlaşdırılacağına dair məlumatlar öz təsdiqini tapır. Belə ki, artıq Ələkbərovun tutduğu postdan alınacağı məsələsi dəqiqləşib, hətta onun yerinə təyinat alacağı gözlənilən iki namizədin kimliyi də bəllidir. Namizədlərdən biri üzərində dayanıldıqdan sonra Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad ediləcəyinə dair siyasi qərar rəsmiləşdiriləcək və ictimaiyyətə açıqlanacaq. Bu barədə "Unikal"a adının çəkilməsini istəməyən etibarlı qaynaqdan bildirilib.
Xatırladaq ki, ötən həftə ölkə başçısının sərəncamı ilə bir sıra yüksək vəzifəli dövlət məmurunun görəvindən alınması hökumət daxilində kadr dəyişikliklərinə getməyə hazırlaşdığı barədə KİV-in bir müddətdən bəridir ehtimallar və gizli mənbələrdən sızan məlumatlar əsasında yazdıqlarının həqiqətlə bağlılığını ortaya qoydu. Eyni zamanda cəmiyyətdə və mətbuatda yeni kadr islahatları ilə bağlı müzakirələri yenidən canlandırdı.
Xatrladaq ki, ölkə başçısının ötən həftə imzaladığı sərəncamla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun vəzifəsindən azad edildi və onun yerinə Elşad İsgəndərov təyinat aldı, bir müddət bundan qabaq gözlənilmədən tutduğu vəzifədən azad edilən Azərbaycan Respublikası Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyevin yerinə isə Prezident Adminstrasiyasının sektor müdiri Fərhad Məmmədov gətirildi. Bu isə belə versiyaların gündəmə gəlməsinə səbəb olub ki, qarşıdakı həftələrdə də analoji proses davam edəcək, hökumət içində yüksək vəzifəli məmurlarla bağlı kadr islahatları sürətlənəcək.
Bu isə diqqətlərin daha çox əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova çevrilməsinə səbəb olub. Qaynağımız isə deyir ki, bu, təbiidir, çünki son bir ildə Ələkbərovun iqtidar içindəki dayaqları əhəmiyyətli şəkildə sarsılıb, o, "vurulması" planlaşdırılan iri məmurların siyahısında ilk yerlərdən birinə "yüksəlib". Xatırladaq ki, elə son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan onlarla vəzifəli əməkdaş rüşvət və korrupsiya faktlarına görə saxlanılıb, üstəlik, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi yoxlamalar zamanı bu qurumun adının da ön plana çıxması Füzuli Ələkbərovu yuxarı çevrələrdə çıxılmaz vəziyyətdə qoyub.
Üstəlik, Prezident Administrasiyasına ünvanlanan şikayət xarakterli müraciətlərin araşdırılması zamanı da Ələkbərovun nazirliyinin çeşidli strukturlarının adı ön plana çıxıb; bütün bunların ümumiləşdirilməsi nəticəsində isə onun vəzifədən azad edilməsinin qaçılmaza çevrildiyinə dair ortaq qənaətə gəlinib.
Gələn bilgilər isə bu yöndədir ki, artıq Füzuli Ələkbərov da onu gözləyən aqibət barədə məlumatlıdır, hətta varislərinin kimliyindən də xəbərdardır. Belə ki, qaynağımızın iddiasına görə, yeni əmək və əhalinin sosial müdafiəsi naziri postuna iki iddialı var. Bunlardan biri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, digəri isə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevdir.
Xatırladaq ki, Hadı Rəcəbli uzun illərdir hökumətin sosial siyasətinin formalaşması üçün qanunverici bazanın yaradılmasında fəal iştirak edir və bu post üçün yetərincə təcrübəli şəxslərdən biri sayılır. İbrahim Mehdiyev də indiyədək Bakının Xətai və Yasamal kimi iri, mühüm rayonlarının icra başçısı görəvini yetirib və o da idarəetmə sahəsində təcrübəsi ilə tanınır.
Mənbəmizin deməsinə görə, hazırda iki namizəd üzərində son müzakirələr aparılır, seçim onların hər hansı birindən yana edildikdən sonra Füzuli Ələkbərovun görəvindən uzaqlaşdırılmasına dair qərar açıqlanacaq.
Murad Can
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40