XİN-dən Ermənistan təhlükəsi barədə xəbərdarlıq
09:28 18-11-2015
CƏMİYYƏT
Hikmət Hacıyev: "Ermənistan bəlkə yeganə dövlətdir ki, öz terrorçuluq ənənələri ilə fəxr edir"
Azərbaycan Respublikası bu gün də Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm təhlükəsi və beynəlxalq terrorizmin hədələri ilə üz-üzədir. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi qəti dəstəyi dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir.
"Unikal"ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın fikirlərinə münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, erməni terrorizmi və rəsmi Yerevanın dövlət səviyyəsində terrorizmi dəstəkləmə siyasətini unudan Ermənistan xarici işlər nazirinin müavininə xatırlatmaq istərdik ki, öz tarixi keçmişinə və "modus operandi"sinə görə "erməni terrorizmi" beynəlxalq səviyyədə terrorizmin xüsusi bir sahəsi kimi tədqiqat obyektinə çevrilib: "Ermənistan rəsmilərinə, o cümlədən bioloq diplomat Şavarş Köçəryana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin erməni terrorizmi haqqında məxfilik təsnifatı üzərindən götürülmüş və internetə yerləşdirilmiş xüsusi hesabatları və tədqiqatları ilə tanış olmağı tövsiyə edərdik. XIX əsrin sonlarından vüsət alan silahlı daşnak və "Hnçak" hərəkatları, Çar Rusiyasının erməni terrorçularının sığınacağına və silah anbarına çevrilən erməni kilsələrinin mülkiyyətinin müsadirəsinə dair 12 iyun 1903-cü il tarixli qərarı, I Dünya müharibəsi zamanı Şərqi Anadoluda və 1918-ci ilin martında Bakıda törədilmiş qırğınlar erməni terrorizminin tarixi əsaslarını sübut edən tutarlı faktlardır".
XİN sözçüsü qeyd edib ki, 70-ci illərdən başlayaraq vüsət alan erməni terrorizminin yeni dalğası ASALA və onun alt-qrupları olan "Orli Group", "Geqaron", "Erməni ittifaqı", "Gənc erməni ittifaqı", "9 iyun qrupu", "Sui-qəsd skadronu", "Apostol", "İsveç qrupu" kimi terror təşkilatlarının yaranması və onların Yaxın Şərq, Avropa və Şimali Amerikada törətdikləri qanlı terror əməlləri ilə yadda qaldı: "Bu gün terrorizmdən əziyyət çəkən Fransada ən qəddar və qanlı terror aktlarını da məhz ASALA törədilib.
15 iyul 1983-cü ildə Fransanın Orli hava limanında törədilmiş qanlı terror hadisəsi bunun bariz sübutudur. 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tərkib hissəsi olaraq, erməni terror təşkilatları və Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın nəqliyyat sistemində və digər ictimai obyektlərdə 32-dən artıq silsilə terror aktları törədilmiş, minlərlə günahsız insan bu terror hücumlarının qurbanı olmuşdur. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunmuşdur".
XİN rəsmisi bildirib ki, 1992-ci ilin 26 fevral tarixində ASALA-nın Aramo və Arabo qruplarının iştirakı ilə günahsız insanlara qarşı Xocalı faciəsinin törədilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terrorizm siyasətinin ən ifrat nümunəsidir: "Hal-hazırda ASALA terror təşkilatı və onun alt-elementləri tam şəkildə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya edilib.
19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub.
Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib.
Ermənistan bəlkə dünyada yeganə ölkədir ki, "terrorçuluq ənənələri" ilə fəxr edir. Bunun bariz nümunəsi kimi faşist müharibə cinayətkarı "general Dro" və ASALA-nın üzvü və qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilib və onların şərəfinə Yerevanda abidələr qoyulub. Erməni terrorçularının əməlləri "milli qəhrəmanlıq" nümunəsi kimi orta və ali məktəb dərsliyinə daxil edilib".
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18