Sumqayıtda "gözdən pərdə asma" siyasəti
11:57 05-06-2012
CƏMİYYƏT
Sumqayıtda "gözdən pərdə asma" siyasəti
Şəhərdəki 28 saylı orta məktəbin həyətini ot-ələf basıb, icra başçısı isə dükanları alkaponlaşdırmaqla məşğuldur
Sumqayıtda "sürətli" abadlaşdırma işləri aparılır. İcra başçısı Eldar Əzizov dövlət büdcəsindən ayrılmış 5 milyon manatla şəhərdə yenidənqurma işləri apardığını desə də, əslində gözdən pərdə asır. Çünki faktiki olaraq bu gün Sumqayıtda ancaq dükanların alkopanlaşdırılması prosesi reallaşdırılır. Yerdə qalanlar isə bir kənara qoyulub.
Vəziyyət isə belədir ki, ölkənin ikinci şəhərindəki orta məktəblərin həyətləri və stadionlar bərbad gündədir. Xüsusən də 28 saylı orta məktəbin həyətinin bir şəhər məktəbinə xas olduğunu demək çox çətindir. Həmin məktəbdə olan əməkdaşlarımız xəbər verirlər ki, 28 saylı orta məktəbin həyətini ot-ələf, qamışlar basıb. Çəkilmiş fotolardan da aydın şəkildə görünür ki, məktəbin həyəti müasir dövrümüz üçün utancvericidir.
Amma təkcə sözügedən təhsil ocağı deyil, Sumqayıtdakı əksər orta məktəblərin durumu eynidir. Şəhərdəki məktəblərin həyətləri və stadionlar daha çox xarabalığa və çöllüyə bənzəyir.
Maraqlı məqam odur ki, Eldar Əzizov səhərdən axşama qədər "abadlaşma"dan dəm vurur. Hərçənd 21-ci əsrin Azərbaycanında, ölkənin ikinci böyük şəhərlərindən birində bu cür mənzərənin qalması heç də yaxşı hal deyil. Ən azından, bu gün əyalətlərdə belə bu vəziyyətdə məktəb tapmaq mümkün deyil.
Məktəbdə təhsil alan gənclər deyirlər ki, onların idmanla məşğul olmaq, futbol oynamaq üçün yerləri yoxdur. Yay və yaz aylarında havaların xoş olması səbəbindən futbol oynamaq istəsələr də buna imkanları çatmır. Ona görə ki, oxuduqları orta məktəblərdə stadionların durumu dəhşətlidir. Ot-ələf basmış, qamış bitmiş stadionlarda top qovmaq isə mümkünsüzdür.
Məktəbin müəllimləri də etiraf edirlər ki, həqiqətən də hər şey qeyd olunan kimidir. Amma onlar bu problemi təkbaşına həll etmək gücündə olmadıqlarını vurğulayırlar. Müəllimlər bildirirlər ki, Sumqayıtın İcra Hakimiyyəti digər sahələrdə iş gördüyü bir vaxtda, məktəblərin həyətlərinə də xüsusi diqqət yetirməlidir. Çünki şagirdlərin idmanla məşğul olması üçün bu çox zəruridir.
İcra başçısının apardığı siyasətə gəldikdə isə bunu daha çox "gözdən pərdə asmaq" kimi qiymətləndirirlər. Yerli sakinlər bildirirlər ki, Eldar Əzizov ancaq şəhərdəki aparıcı yolların kənarında abadlıq işləri aparır. Amma məhəllələr, binaların arası və ara yollarda isə durum dəhşətlidir. Onlar qeyd edirlər ki, icra başçısına vəziyyətlə bağlı dəfələrlə məlumat versələr də, tədbir görülmür. Ona görə də, qərara alıblar ki, Bakıya yazsınlar. Əgər Bakı da onların dərdinə əlac qılmasa, başqa vasitələrə baş vuracaqlarını bildirirlər.
Namiq Əlibəyli
Digər Xəbərlər
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53