"Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu hərb variantıdır"
12:51 05-12-2015
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Hərbi faktorun indiki reallıqda işləməsini şərtləndirən əsas amil Rusiya ilə bağlıdır"
Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın mövqeyinin güclənməsini şərtləndirən əsas amil Avropa ictimaiyyətinin Azərbaycanın mövqeyini anlamağa başlamasıdır. AŞPA-nın siyasi və sosial komitələrinin qısa fasilə ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir-birinin ardınca iki qətnamə qəbul etməsi bunun ən yaxşı əlamətidir. Amma məsələnin digər tərəfi təhlil üçün daha ciddi maraq yaradır.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq qeyd edib ki, ermənilərin etirafına görə, onlar AŞPA-da qətnamələrin qəbul edilməməsi üçün bütün resurslarını işə salsalar da, bunun qarşısını ala bilmədilər: "Avropa və ABŞ cəmiyyətində heç kim AŞPA-nın qətnamələrini tənqid etmədi. Ermənilərin AŞPA-nın qətnamələrini pisləmək üçün Avropaya və ABŞ-a müraciət etmələri şübhəsizdir. Ermənilərin müraciətləri cavabsız qaldı. Bu isə ermənilər üçün böyük itkidir. Azərbaycanın qoşunların təmas xəttində üstünlüyü əldə etməsi də beynəlxalq aləmdə cavabsız qaldı. Amerikalı həmsədr C.Uorlikin AŞPA qətnamələrinə münasibəti isə ziddiyyətlidir. Sonuncu mövqeyi Ermənistan mətbuatına verdiyi müsahibədə açıqlaması: "Biz beynəlxalq qurumlara Dağlıq Qarabağ məsələsinə münasibət bildirməyi qadağan edə bilmərik". Əslində, C.Uorlikin yeddi rayonu Azərbaycana qaytarılması ilə bağlı verdiyi bəyanatla birlikdə, bu bəyanat Ermənistan üçün daha böyük itkini ATƏT MQ ilə münasibətdə olduğunu demək olar".
M.Əhmədoğlu bildirib ki, ölkə prezidenti İ.Əliyev Dağlıq Qarabağ tənzimlənməsində aktivliyini artırıb, vurğunu daha çox Ermənistan ərazilərinin Azərbaycana məxsusluğu üzərinə qoydu: "Türkiyədə G-20-nin sammitində İ.Əliyev çıxışının əsas hissəsini Dağlıq Qarabağ münaqişəsi ətrafında qurmuşdu. İndiki reallıqda Azərbaycanın iqtisadi perspektivlərindən danışmaq da Dağlıq Qarabağ tənzimlənməsinə yardım edən parametrdir. Ölkə prezidenti YUNESKO-da çıxışı zamanı G-20-də başladığı mövqeni davam etdirdi. G-20-yə və onun dalınca Parisə, YUNESKO-nun tədbirinə yola düşməzdən öncə prezident İ.Əliyev hərbi aviasiya sahəsi ilə tanış oldu. Azərbaycanın hərbi imkanlarının artırılması barədə göstəriş verdi. Bu iki mühüm tədbirə yola düşən prezidentin özünün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəltməsi idi. Prezidentin hərbi aviasiyaya baxış keçirilməsinə diqqəti yönəldən daha bir amil, məhz həmin gün hərbi aviasiya qüvvələrinin keçirdiyi hərbi təlimləri baş nazirin birinci müavini Y. Eyyubovun izləməsi idi. Prezident məhz həmin gün hərbi aviasiyaya baxış keçirməklə vacib mesajını verdi".
Mərkəz rəhbəri bildirib ki, Azərbaycan XİN-i də aktivliyini və sərtliyini artırıb. ATƏT MQ-nin fəaliyyətinin nəticəsini sıfır adlandırdı: "ATƏT MQ adından danışan C. Uorlikin bütün bəyanatlarına sərt şəkildə cavab verdi. Azərbaycan XİN AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qətnaməyə verdiyi münasibəti uğurlu diplomatik tapıntı idi. AŞPA-nın Parisdə keçirilən sosial komissiyasının iclasında həmin qətnamə qəbul edilərkən Azərbaycan XİN operativ münasibət bildirdi. Belə önləyici mövqe ilə o, Uorliki neqativ münasibət bildirməkdən çəkindirə bildi. Dağlıq Qarabağ tənzimlənməsində hərbi parametrlər tamamilə Azərbaycanın xeyrinə dəyişib".
M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu hərb variantıdır: "Ermənistanın bütün davranışı bunu göstərir. Hərbi faktorun indiki reallıqda işləməsini şərtləndirən əsas amil Rusiya ilə bağlıdır. Amma Rusiyadan Dağlıq Qarabağ münaqişəsi regionundakı hərbi əməliyyat ssenarisinə baxarkən, Azərbaycanla yanaşı, Türkiyə də görünür. İndi Su-24 insidentinə görə, Türkiyə və Rusiya az qala müharibə vəziyyətindədir. Azərbaycan rəhbərliyi belə vəziyyəti əvvəlcədən proqnozlaşdırdığı üçün hərbi sahədə xüsusi aktivlik nümayiş etdirmədi. Ehtimal ki, Türkiyə və Rusiya arasında son insident Rusiyanın Azərbaycana daha da yaxınlaşmasına vadar edəcəkdir. Yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi əməliyyatların intensivləşməsi üçün daha əlverişli şərait yarana bilər. Dağlıq Qarabağ tənzimlənməsinin indiki mərhələsində Azərbaycan humanizm faktorunu qabartdı. Azaraq Ermənistan Azərbaycan sərhədini keçmiş yaşlı erməni qadını qısa müddət ərzində Azərbaycan geriyə qaytardı. Eləcə də, bu ilin martında ağ bayraq qaldıraraq Azərbaycana tərəfə keçmiş erməni müqaviləli hərbçisini erməni tərəfə təhvil verdi".
Rusiya ətrafında və ya Rusiya ilə əlaqəli ciddi proseslər baş verir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib: "I. Rusiya hərbi qüdrətini nümayiş etdirməkdə davam edib. Aralıq dənizindəki sualtı gəmidən atdığı raketlə Suriya ərazisindəki hədəfi dəqiqliklə vurdu. Xəzər dənizindən də yenidən atəş açdı, 18 raket zərbəsi endirdi; Rusiyanın yeni super silahını televiziya kanalları təsadüfən nümayiş etdirdi; "Kapustin yar" poliqonundan (Astraxan, RF) buraxdığı "Topol" qitələrarası ballistik raketlə "Sarı-Şaqan" (Qazaxıstan) poliqonunda hədəfi vurdu.
II. İran RF-lə əməkdaşlığa prioritet elan etdi. İranın Rusiyaya bu yaxınlaşma siyasətinə cari taktiki addım kimi də yanaşmaq olar. RF-lə əməkdaşlığa gedən İran Qərbin bütün sanksiyalarını ləğv etməsini və 100 milyard dollarlıq vəsaitini geri almaq məqsədi daşıya bilər. İranın RF-lə indiki əməkdaşlığı həm də dünya qaz bazarında qayda yaratmaq üzərində qurulub. Qaz İxrac edən Ölkələrin Forumunun yaradılması bu məqsədə xidmət edir. Rusiya və İran dünyada qaz ehtiyatlarına görə 1-ci və 2-ci yerlərin sahibləridir. BP-nin açıqladığı hesabata görə, 34 trilyon kub metr qazla İran dünyada birincidir. RF-lə İranın əməkdaşlığının ilk 5-6 ili RF-in xeyrinə olacaqdır. Çünki İranın qazı istehsal etməyə və onu dünya bazarına çıxarmağa infrastrukturu yoxdur. Müəyyən bir dövrdən sonra İran dünya bazarında Rusiyaya ciddi rəqabət yarada bilər.
III. Məhz Rusiya faktoruna görə, Qərb Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması məsələsinə münasibətini dəyişdi. ABŞ və onun müttəfiqləri B. Əsədin hakimiyyətdə müəyyən müddət qalması ilə razılaşıblar.
IV. Parisdəki terror aktı Fransanın Rusiyaya mövqeyini dəyişdi. Fransa prezidenti F. Olland ABŞ-a və Rusiyaya səfər edərək, İŞİD-ə qarşı mübarizəni gücləndirmək üçün yeni koalisiya yaratmağı təklif etdi. V.Putin Suriyadakı hərbi qüvvələrinə Fransa hərbi qüvvələri ilə müttəfiq kimi əməkdaşlıq etməyi əmr etdi. F.Olland Moskvada olarkən hətta Qərbin RF-ə tətbiq etdiyi sanksiyaları aradan qaldırmasını gündəliyə gətirdi.
V. G-20 sammiti Rusiyaya artan marağın göstəricisi oldu.
VI. Boliviya prezidenti E.Morales öz ölkəsinin Çili ilə olan problemini aradan qaldırmaq üçün V.Putindən kömək istədi. Boliviya Çili ilə mübahisəli ərazinin hesabına dünya okeanına çıxışından məhrumdur. V.Putin bu problemi öyrənməyə söz verdi.
M.Əhmədoğlu bildirib ki, Qərb V.Putinin başçılıq etdiyi Rusiyanın gücləndiyini görür və bununla barışmaq istəmir: "I. ABŞ Suriya istiqamətindəki hərbi qüvvələrinə və müxalifətə dəstəyini artırır.
II.Türkiyə Rusiyanın Su-24 təyyarəsini vurdu. Bunu Rusiya qırıcı təyyarəsinin öz hava məkanını pozması ilə əsaslandırdı. Amma Türkiyə rus təyyarəsinin öz hava məkanını pozmasını və Rusiya təyyarəsinə hava məkanını pozması ilə bağlı xəbərdarlıq etməsini sübut edə bilmədi. Türkiyənin bu addımı Rusiyanın kəskin reaksiyasına səbəb oldu. V.Putin Türkiyənin bu addımını "arxadan zərbə" kimi dəyərləndirdi. Cavabsız qalmayacağını bəyan etdi. V.Putin R.T.Ərdoğanı terrorçuları himayə etməkdə ittiham etdi. Rusiya Türkiyə ilə bütün istiqamətdə əlaqələri kəsməyə başladı. Hətta Rusiya üçün strateji əhəmiyyətli layihələr olan "Akkuyu" AES-in və "Türkiyə axını" layihəsinin tikintisini dayandıra bilər. V.Putin Türkiyə ilə əlaqələri məhdudlaşdırmaq üçün xüsusi qərar imzaladı. V.Putin R.T.Ərdoğanın zənglərini cavabsız qoydu. Putin Ərdoğanla görüşdən imtina etdi. R.T.Ərdoğanın görüşlə bağlı bütün manevrləri nəticəsiz qaldı".
Mərkəz rəhbəri qeyd edib ki, Ərdoğanın zəngindən sonra Qazaxıstan prezidenti N.Nazarbayevin barışıq missiyası da Parisdə işləmədi: "Amma bu barışıq missiyası ümid yaradır. N.Nazarbayev ikitərəfli komissiya yaratmağı təklif edib. Bu ideyadan imtina etmək çətindir. Bu ideya üzr istəməyə aparan yol da ola bilər. RF belə hesab edir ki, Türkiyə bu addımı təkbaşına atmayıb, ABŞ-ın diktəsi ilə bu addıma gedib. R.T.Ərdoğanın hadisədən dərhal sonra ABŞ prezidenti B.Obama ilə telefonla danışması, baş nazir Ə.Davudoğlunun iclas keçirərək NATO və BMT-yə müraciət məsələsini aktuallaşdırması Türkiyənin bu məsələdə ABŞ-la razılaşmasının olduğunu sübut edir. ABŞ tərəfdən verilən açıqlamalar da bunu deməyə əsas yaradır".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18