[img=left]http://unikal.org/uploads/posts//1338965208_55.jpg[/img]
11:46 06-06-2012
CƏMİYYƏT
Şeyxin "elm və raket" məsələsi
Azər Rəşidoğlu: "İslamın gözəlliyinin təbliği üçün məkan olmalıdr, amma bəziləri buna imkan vermir"
Rəsul Mirhəşimli: "Müqəddəs dinimiz hər zaman ağlı, elmi hər cür zorakılıqdan üstün tutur"
Artıq bir müddətdir Azərbaycanda dini məsələlər geniş müzakirə olunmaqdadır. Vəhhabilərin, din adı altında terrorçuluq etmək istəyən qüvvələrin yenidən fəallaşması səbəbindən meydana çıxan bu müzakirələr bəzən aqressiv, bəzən də stabil şəkil alır. Ümumi mənzərə isə belədir ki, dinin siyasiləşməsi və silaha daha çox meyl göstərməsi zərərli təsir kimi qiymətləndirilir. Və bunun acınacaqlı nümunələri kimi isə ərəb ölkələri və İran göstərilir.
Bu müzakirələrlə bağlı dünən açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu gün islamın əlindən çomağı, raketi almalıyıq. "Əvəzinə qələm, elm verməliyik".
Doğrusu, Şeyxin məsələyə yanaşması çox yaxşıdır. Ancaq bir məsələ var ki, İslamı bu günə salan elə mollalar və bəzi dindarlardır. O molla və dindarlar ki, illərdən bəri mövhumatçılıq, nadanlıq yaymaqla məşğuldurlar. Azərbaycanda daha ağır formada təzahür edən bu prosesi önləmək isə hələ ki, mümkün deyil. Səbəb məscidlərə göndərilən bəzi axundların hələ də lazımi səviyyədə olmamasıdır.
Kənardan gələnlər isə ya İranda, ya Suriyada, ya da ərəb dövlətlərindən birində təhsil alanlardır. Onların da nə qədər təhlükəli olduğunu söyləmək bizcə yersiz olardı. Çünki zaman içində adı bir çox qalmaqallı məsələlərdə hallanan dindarlar da elə onlar hesab olunurlar. Ya ərəb şeyxləri, ya da İran ETTELAT-na işləyən həmin "axund"lar nəticə etibarı ilə Azərbaycanın əleyhinə təbliğat aparırlar.
Azərbaycanda fəaliyyət göstərən İslam Universitetinin verdiyi təhsilə gəldikdə, burada durumun ağır olduğu göz qabağındadır. Əvvəla təhsilin səviyyəsi çox aşağıdır, ikincisi isə orada oxuyan uşaqların bir qisminin valideynlərinin istəyi ilə dini təhsil aldığı məlumdur. Dərs verən müəllimlərin bəzilərinin isə özünün dini təhsilə ehtiyacı olduğu bir həqiqətdir. Belə olan təqdirdə, şübhəsiz ki, İslamın əlinə elm vermək qeyri-mümkündür. Məhz cəhalət və nadanlıq səbəbindəndir ki, bu gün dinin içində təfriqə salanlar və terrorçuluq edənlər peyda olublar. Hərçənd ki, İslam bütün bunları rədd edir və qəbullanmır.
Bu gün nəzir qutuları, məscidlərdə müxtəlif adlar altında yığılan pullar və digər məsələlər də həmin nadanlıq və digər amillərin göstəricisidir. Bunun qarşısını almaq üçün ilk olaraq Şeyxin addım atması şərtdir ki, hələlik belə bir niyyət diqqəti çəkmir. Ən azından, o, Azərbaycan İslam Universitetində təhsilin səviyyəsini artırmaq və yerli kadrların yetişməsi üçün çox işlər görə bilər. Məsələn, müxtəlif dini məsələlərlə bağlı elm sahibi olan obyektiv alimlərin Azərbaycana dəvət edilməsi və onlara dərs saatlarının verilməsi mümkündür. Həmçinin bu gün ölkədə kənarda qalmış, obyektiv, ağıllı, savadlı, heç kimin mövqeyini müdafiə etməyən az sayda dindarlarımız var ki, onları bu prosesə cəlb etmək lazımdır. Yəni, Şeyx ilk olaraq Azərbaycanda İslamın adından istifadə edənlərin əlindəki nadanlığı və cahilliyi almalıdır, sonra da dünyadakı dinin vəziyyəti barədə düşünməlidir. Daha dəqiqi, "Əvvəlcə məscidin içi, sonra isə çölü".
Hərçənd Şeyx yaxşı bilir ki, faktiki olaraq Azərbaycanın heç bir telekanalında bu gün maarifləndirici dini veriliş yayımlanmır. Əvvəllər yenə də cümə günləri hansısa veriliş və ya proqramlar yayımlanırdı. Amma faktiki olaraq onlar ləğv edilib. Cəmiyyəti dini baxımdan maarifləndirmək, onları doğru yolun nə olduğunu göstərmək üçün TV-lərdən yaxşı vasitə dünyada hələlik kəşf olunmayıb. Madam ki, belədir, o zaman möhtərəm Şeyx nədən bu məsələni qaldırmır və problemi çözmür?
Məsələyə ekspertlərin münasibəti də maraqlıdır. AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli "Unikal"a açıqlamasında deyir ki, İslamın əlində heç zaman çomaq, raket olmayıb. "İslam dini hər zaman insan həyatına dəyər verib. Allah-Təala bir insanın öldürülməsini bütün bəşəriyyətə qarşı törədilmiş cinayət sayır. Əbu-Reyhan Biruni, Nəsrəddin Tusi, Şəmsəddin Təbrizi, Cəlaləddin Rumi, Fəridəddin Əttar kimi dühaların həyat və faəliyyətinə baxanda məlum olur ki, müqəddəs dinimiz hər zaman ağlı, elmi hər cür zorakılıqdan üstün tutur. Təsadüfi deyil ki, elmə, ağıla önəm verilməsi Allahın hikməti ilə üzə çıxıb və Qurani-Kərimdə "Qələm" surəsi Hz.Məhəmmədə (s) nazil olub".
O qeyd edir ki, İslamın terrorla əlaqələndirilməsi dinimizə münasibəti mənfi olanların uydurmasıdır. "Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri də yəqin ki, bu adamların irəli sürdüyü ittihamlara cavab olaraq, dinimizin elmə önəm verməsini deyib. Çünki QMİ sədri dinimizin dəyərlərini anlayan din xadimidir".
"Tolerantlıq" Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu isə "Unikal"a açıqlamasında vurğuladı ki, Azərbaycanda dini maarifin yetərincə olmaması, telekanallarda dini verilişlərin qadağan olunması, habelə, hicaba və azana qoyulan məhdudiyyətlər, məscidlərin qapadılması və sökülməsi radikallığa yol açır. "İslamın gözəlliyinin təbliği üçün məkan olmalıdr, iqtidarda olan müəyyən qüvvələr isə bu məkanı tamamilə sıradan çıxarıblar. Din haqqında təsəvvürlər bir çox hallarda savadsız mollaların apardığı bayağı təbliğat nəticəsində formalaşır. Odur ki, çomağı, qələmlə əvəz eləmək olduqca çətindir. İslamofobiyanın baş alıb getdiyi bir ölkədə problemlər olduqca çoxdur və rəsmi səviyyədə təbliğatın aparılmasına imkan yaradılmalıdır".
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33