Gəncədə 15 yaşlı gənci ilan sancıb.
Unikal.org xəbər verir ki, Şəhərin Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini 2001-ci il təvəllüdlü Həsən İsmayılov əl nahiyəsindən ilan sancma xəsarəti ilə xəstəxanaya gətirilib. Ona dərhal ilkin tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda zərərçəkənin vəziyyəti orta ağırdır.
Məlumata görə, gənc Göygöl rayonunda çayda çimərkən ilan onu sancıb.
Son vaxtlar mövsümlə əlaqədar havaların istiləşməsi ilansancmaların sayında kəskin artıma səbəb olub. Təkcə iyun ayında 14 ilan və 4 əqrəb sancması faktı qeydə alınıb. Xoşbəxtlikdən ilan və əqrəb sancmaları zamanı ölüm hallarına rast gəlinməyib.
İlan və əqrəb sancan xəstələr əsasən Şamaxı, Ağsu, Tovuz, Şəmkir, Qəbələ, eləcə də, Bakının ətraf kəndləri, Qaradağ, Xəzər rayonundandır.
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov ilan və əqrəb sancmaları zamanı ilkin yardım kimi xəstəni tərpətməməyi, yara ətrafına yod sürməyi (yaraya mikrob düşməsin deyə), yara üzərinə buz qoymağı və dərhal yaxınlıqdakı xəstəxanaya çatdırmağı məsləhət görür.