"Tibb, hüquq, maliyyə və ya təhsil sahəsində çıxış edənlərin rəsmi diplomu və ya lisenziyası olmalıdır. Çünki bəzi hallarda heç bir təhsili və ya lisenziyası olmayan blogerlər sosial şəbəkələrdə cəmiyyəti çaşdıran kütləvi hüquqi və ya psixoloji məsləhətlərlər verirlər, gənc ailələri manipulasiya edərək onlara boşanmağa inandırırlar, onlar üçün əl çatması mümkün olmayan saxta xoşbəxt həyat modeli yaradırlar, hər kəsə eyni pəhriz proqramları təklif edirlər, maliyyə savadlılığı olmayan "ekspertlər" məsuliyyətsiz tövsiyələr verirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.
"Bu cür əsası olmayan çıxışlar isə fiziki və psixoloji sağlamlığa ciddi zərər vuran, geri dönüşü olmayan hüquqi nəticələrə gətirib çıxarır. Ən təəssüf edici hissəsisə ondan ibarətdir ki, bu cür tövsiyələrə qulaq asıb əməl edən şəxslər isə bəzən heç manipulasiya edildiyini anlamırlar", - deyə deputat bildirib.
Anar Kəlbiyev

















.jpg)


































