Meksika millisinin futbolçusu Hilberto Mora tarixi nailiyyətə imza atıb.

"Unikal" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, ötən gün Cənubi Afrika Respublikasına qarşı keçirilmiş açılış matçında meydana çıxmaqla, dünya çempionatlarının final mərhələsində oynayan ən gənc altıncı futbolçu olub.

Bununla da 17 yaşlı yarımmüdafiəçi dünya futbolunun ən mötəbər turnirində adını rekordçular sırasına yazdırıb.

Qeyd edək ki, Meksika yığması açılış oyununda Cənubi Afrika Respublikasına 2:0 hesabı ilə qalib gəlib.