2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq 15-iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Milli memarlıq ənənələri və müasir şəhərsalma: Davamlılıq və İnkişaf” mövzusunda ümumrayon tədbiri keçirilib. Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xalqımızın xilaskarının əziz xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər.
Mərkəzin böyük akt zalında davam etdirilən ümumrayon tədbiri Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa Rayon Təşkilatının sədri Etibar Hacıyev, ADA Universiteti Qazax Mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü, Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun baş fond mühafizi İsmayıl Omarlı və Əməkdar müəllim İndira Vəliyeva mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, şəhərsalma və memarlıq sahələrinə gözəl bələd olan Ulu Öndər Heydər Əliyev bu sahələrin inkişafını daima diqqət mərkəzində saxlayıb. Hazırda Ümummilli Liderin siyasətini, memarlıq ənənələrini uğur və ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə nəhəng inşaat meydançasını xatırladan məmləkətimiz ictimai, iqtisadi, siyasi həyatın demək olar ki, bütün sahələrində əldə olunan nailiyyətlər və qələbələrlə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmağı təmin edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublikanın ümumtəhsil müəssisələrinin əməkdaşları arasında keçirilən şahmat yarışının Ağstafa rayonu üzrə qalibləri, Əliyev Əli Cəfər oğlu, Namazov Süleyman Cavanşir oğlu, Abduyev Vəli Mehralı oğlu, eləcə də “İctimai” Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya layihəsinin qalibi, Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tağıyeva Həmidə Ərəstun qızı Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Fəxri Fərmanları ilə təltif olunublar.
Ağstafa rayon ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinə həsr olunmuş ədəbi kompozisiya nümayiş etdirilib.




































.jpg)













