Artıq yeni bir layihə - "ASAN qatar" sistemi fəaliyyətə başlayacaq.

Unikal.org bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Dövlətimizin başçısı çıxışında deyib: "Burada kənd təsərrüfatı naziri qeyd etdi ki, qiymətlər aşağı düşür, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı 27 faiz artıb. Bu, çox böyük rəqəmdir. İdxal da azalıb. İdxal, məncə, ümumiyyətlə, bir anlayış kimi olmamalıdır. Ancaq indi biz yəqin ki, idxala çeşidlərin müxtəlifliyinə görə yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib, onları daha çox üstün tutur. Ona görə, biz idxalı dayandıra bilmərik. Ancaq gömrük rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara hər kəs üstünlük versin. Birincisi, yerli məhsullardan əldə edilən vəsait Azərbaycanda qalır. İkincisi, yerli məhsul keyfiyyətlidir. Orada heç bir kimyəvi, yaxud da ki, insan orqanizmi üçün təhlükəli maddələr yoxdur. Xarici məhsulların bəzilərində, əfsuslar olsun ki, belə maddələr var. Yerli istehsalı sürətləndirmək, artırmaq üçün, əlbəttə, biz tənzimləyici tədbirlər də görməliyik. Ümumiyyətlə, Azərbaycan kimi ölkədə kənd təsərrüfatı məhsullarının idxalı mənə bir az qəribə görünür. Ona görə, biz həm keyfiyyətli məhsul yetişdirməliyik, həm özümüzü tam təmin etməliyik və əlbəttə ki, daxili bazarımızı qorumalıyıq.

Burada kənd təsərrüfatı naziri qeyd etdi ki, heyvandarlığın inkişafı da yeni mərhələyə qədəm qoyur, yeni yanaşma tətbiq edilir. Biz əvvəlki illərdə cins mal-qaranı alırdıq, fermerlərə paylayırdıq. Bunun müsbət təsiri olmuşdur, çünki cins mal-qaranın məhsuldarlığı əlbəttə ki, daha da yüksəkdir. Həm südlük, həm ətlik mal-qaranın gətirilməsi də çox müsbət təsir göstərmişdir. İndi biz yeni dövrə keçirik, mövcud mal-qaranın cinsini süni mayalanma yolu ilə yaxşılaşdıracağıq. Buna bir neçə il vaxt lazım olacaq. Bütün lazımi tədbirlər görülüb və qeyd olunduğu kimi, Prezidentin ehtiyat fondundan həm bu sahəyə, həm toxumçuluğa kifayət qədər böyük vəsait ayrılıb. Əminəm ki, burada da çox ciddi irəliləyiş olacaqdır. Burada biz bir neçə məqsədi güdürük. İlk növbədə, bundan sonra da tam şəkildə özümüzü ətlə, südlə və süd məhsulları ilə təmin edəcəyik. İkinci vəzifə - bizdə ixrac potensialı yaranır. Üçüncüsü, biz artıq örüş torpaqlarından digər bitkiləri yetişdirmək üçün istifadə edəcəyik. Çünki hər qarış torpaq bizim üçün qiymətli olmalıdır. Yenə də qayıdıram əvvəlki fikrimə ki, torpaqlardan səmərəsiz istifadəyə yol verilməməlidir. Ona görə, heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə də çox müsbət təsir göstərəcək. Bitkiçilik üçün nəzərdə tutulacaq o torpaqlarda əlbəttə ki, meliorativ tədbirlər də paralel şəkildə aparılmalıdır. Bu il Prezidentin ehtiyat fondundan subartezian quyuların qazılmasına vəsait ayrılıb. Bu, kəndliləri həm içməli su ilə təmin edir, həm də ki, bunun əkin sahələrinə də faydası var. Bu il qazılacaq subartezian quyuların hesabına 3 min hektar torpağın suvarılması təmin ediləcək. Biz bu yolla getməliyik və Dövlət İnvestisiya Proqramında meliorativ tədbirlərin görülməsinə bundan sonra da vəsait ayrılmalıdır. Əgər lazım olarsa, biz bu il də bu məsələyə baxmalıyıq. Çünki bizim həm büdcəmizdə vəsait var. Eyni zamanda, Dövlət Neft Fondunda manat vəsaiti var. Dövlət Neft Fondu bazarda dollar satır. İndi manat ehtiyatı yaranıb. Qoy hökumət təklif versin biz bu vəsaitdən necə istifadə edək ki, lazım olan tədbirləri həll edək və vaxt itirməyək".

Prezident qeyd edib ki, Azərbaycanda aqroparkların yaradılması başlayıb, həm Yalamada, həm Şəmkirdə. Bu, yaxşı haldır, amma bu, azdır: "Bütün bölgələrdə bir neçə aqropark yaradılmalıdır. Bunun çox böyük mənası, faydası var. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi kreditlərin verilməsində bu məsələni diqqətdə saxlamalıdır. Kənd Təsərrüfatı Nazirliyi və sahibkarlar da bu işlərə qoşulsunlar. Düzdür, aqroparkların yaradılması böyük vəsait tələb edir, ancaq burada sahibkarlar kooperasiya edə, konsorsium yarada bilərlər. Çünki bu, daha mütərəqqi yanaşmadır. Yalamada aqroparkın yaradılması artıq başa çatmaq üzrədir. Şəmkirdə də işlər qrafik üzrə gedir.

Sahibkarlığın inkişafına dövlət bundan sonra da öz dəstəyini verəcək. Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir".

İlham Əliyev əlavə edib: "Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi artıq tətbiq olunur. Mən əminəm ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər. Yəni, bir sözlə, dövlət həm əkin sahələrinə, həm yanacağa, həm gübrəyə subsidiyalar, sahibkarlara aşağı faizlə güzəştli şərtlərlə 1 milyard manatdan çox kreditlər verir. Dövlət sahibkarlara tövsiyələr verir, metodik sənədlər təqdim edir ki, onlar öz biznesini necə qursunlar. Dövlət kənd təsərrüfatı texnikasını alır, aqrolizinq yolu ilə fermerlərə verir, gübrə zavodunu tikir, - indi pestisid zavodunun tikintisi də nəzərdə tutulur, - suvarma işlərini təmin edir, yüz milyonlarla, milyardlarla manat dəyərində olan böyük Şəmkirçay, Taxtakörpü su anbarlarını yaradır, dağ çaylarının kanallar vasitəsilə bu anbarlara qoşulmasını təmin edir. Eyni zamanda, dövlət fermerlərdən xaricə göndərmək üçün yardım formasında məhsulu almağa da hazırdır. Yəni, dövlət hər şey edir. Hansı başqa ölkədə fermerlərə bu qədər dəstək göstərilir?! Fermerlər vergilərdən ancaq torpaq vergisi verirlər, bütün başqa vergilərdən azaddırlar. Yəni, ikinci belə ölkə tapmaq mümkün deyil ki, dövlət bu qədər dəstək göstərir. Əlbəttə ki, biz nəticə gözləyirik. Nəticə də elə fermerlərin xeyridir. Qoy, onlar daha da yaxşı yaşasınlar, daha da çox pul qazansınlar, iş görsünlər, investisiya qoysunlar və ixrac potensialımızı artırsınlar. Əminəm ki, biz bu yolla Azərbaycanı müasir kənd təsərrüfatı məhsullarının ixracını təşkil edən bir ölkə kimi dünyada təqdim edəcəyik. Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Ənənəvi bazarlar var, çox yaxşıdır. Biz çalışmalıyıq ki, inkişaf etmiş ölkələrin bazarlarına çıxaq. Buna da nail olmaq üçün əlbəttə ki, keyfiyyət və standartlaşma ən yüksək səviyyədə olmalıdır".

Dövlət başçısı vurğulayıb ki, valyuta gətirən sahələrdən biri də turizmdir: "Biz burada da çox böyük nəticələr gözləyirik. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanda dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər keçirilir. Misal üçün, bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Dünya miqyaslı tədbirdir. Bir neçə il bundan əvvəl "Eurovision", keçən il Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni, Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında Formula-1 yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır. Formula-1 yarışı futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarının səviyyəsində olan tədbirdir, onlardan geri qalmır. Əgər dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də əlli ildə iki dəfə keçirilirsə, Formula-1 yarışı Azərbaycanda ən azı bundan sonra dörd il keçiriləcəkdir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub. Bu, turizmin inkişafına çox böyük təkan verəcək və verməlidir. Biz də buna hazır olmalıyıq. Bu tədbirləri biz keçiririk. Ölkəmizi dünyada tanıtdırmaq üçün tədbirlər görülür. Biz vizalarla bağlı problemləri də bu yaxınlarda aradan götürmüşük. "ASAN viza" xidməti yaradılır. Üç gün ərzində Bakıya turist kimi gəlmək istəyən heç bir maneəsiz, problemsiz və başqa bir iddiasız vizanı alıb gələcək. Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur.

Mən "ASAN viza"nı qeyd etdim. Qeyd etməliyəm ki, "ASAN xidmət" mərkəzlərinə bu illər ərzində 10 milyon müraciət olub. Bu 10 milyon müraciət artıq özlüyündə bir göstəricidir. Mən bunu şərh etmək istəmirəm. Hamımız yaxşı bilirik ki, "ASAN xidmət"lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda, dördü bölgələrdə - Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir. Artıq yeni bir layihə - "ASAN qatar" sistemi də fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcək. Ümumiyyətlə, bu sahədə aparılan islahatlar öz səmərəsini verir".

İlham Əliyev bildirib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz nəticəsini verir: "Həm inzibati tədbirlər, cəza tədbirləri və struktur xarakterli tədbirlər də görüləcək. Mən bir rəqəmi də ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, yoxlamalarla bağlı mənim çox ciddi tapşırıqlarım olmuşdur. Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilmişdir. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdir. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Bax, belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq. Ona görə, hər bir sahədə belə olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik - bu, norma olmalıdır. Mən indi bunu, sözün düzü, qürur hissi ilə qeyd edirəm. Amma bu, norma olmalıdır. Norma bu olmalıdır, 40 min yoxlama norma olmamalıdır.

Bu il daha bir ciddi sosial təşəbbüs irəli sürüldü. Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək. Bu, çox ciddi sosial təşəbbüsdür. Bu, geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək. Çünki inşaat sektorunda çox böyük geriləmə var və iş yerlərinin itirilməsi də məhz inşaat sektorunda baş vermişdir. Ona görə geniş tikinti layihələri gözlənilir. Bunun çox müsbət təsiri olacaq, məşğulluq artacaq və inşaat materialları sektoru da canlanacaq. Ona görə o sahibkarlar da buna hazır olmalıdırlar. Bu, uzunmüddətli bir layihədir. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti bu il başlayır və davam edəcək. Ona görə bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Onların böyük hissəsi istehsal olunur. Ancaq indi həcm, tələbat artacaq. Özəl sektor da hazır olsun və öz işlərini elə qursun ki, bizim bu inkişaf planlarımızı təmin edə bilsin. Yoxsa, belə olmasa, onda biz gərək inşaat materiallarını xaricdən alaq. Ona da əlbəttə ki, biz getmək istəmirik".

Azərbaycan Prezidenti deyib ki, bu ilin əvvəlindən infrastruktur layihələri icra edilir:"Qeydetməliyəmki, magistralyollardaişlərgedir. Gəncə-Gürcüstan sərhədi yolu dörd zolağa çevrilir. Genişlənmə işləri gedir. Bu il Rusiya sərhədinə qədər magistral yolda böyük işlər görülməlidir. Bizim qurumlar çalışmalıdırlar ki, bu yolu da başa çatdırsınlar. Bakı-Şamaxı yolunun dörd zolağa çevrilməsi prosesi gedir və Bakı-İran sərhədi magistral yolunda da tikinti işləri davam edir. Bununla bərabər, kənd yollarının tikintisi çox sürətlə aparılır. Bu məqsədlər üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılıb. Təxminən 60-70 kənd yolu layihəsi o cümlədən Bakı qəsəbələrində icra edilir və ediləcək. Bunun da çox böyük təsiri olacaq. Həm infrastruktur yaradılır, həm də iş yerləri. Bu layihələrdə on minlərlə insan işlə təmin edilir. Bu proses gələn il də davam etdiriləcək. Artıq yəqin ki, bir neçə aydan sonra gələn ilin layihələri mənə təqdim edilməlidir.

İçməli su layihələrinin icrası bütün ölkəmizdə aparılır. Bir çox rayonlarda artıq bu, həll olunub. Hər bir rayon mərkəzində içməli su və kanalizasiya layihəsi tam icra edilməlidir. Qarşımızda duran əsas vəzifələr bundan ibarətdir. Mən bir daha demək istəyirəm ki, 2016-cı ilin birinci yarısının yekunları məni qane edir. Biz böhran şəraitində inkişaf edirik. Əsas məsələ ondan ibarətdir ki, bizim hər bir sahədə çox aydın proqramlarımız var. Hələ bir çox sahələr var ki, sadəcə olaraq, vaxt yoxdur bu barədə danışım. Amma hər bir sahədə konkret proqramlar var. Amma gələcək fəaliyyətimiz üçün əsas sənaye istehsalı və kənd təsərrüfatıdır. Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək, biz bu ili də uğurla başa vuracağıq".