Gələn ilin sonuna qədər pilot qaydasında icbari tibbi sığortanı sınaqdan keçirmək nəzərdə tutulur.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Z.Əliyev qeyd edib ki, layihə bir müddət sınaqdan keçirildikdən sonra çatışmazlıqlar aradan qaldırılacaq və geniş formada tətbiq olunacaq: "Pilot layihəni sınaqdan keçirmək üçün təxminən 9 ay vaxt lazımdır. Əgər biz bu ilin sonundan başlasaq, təqribən 2017-ci ilin sentyabr-oktyabr aylarında layihəni bitirməliyik. Nəhayət, 2017-ci ilin sonlarına doğru mərhələli şəkildə ölkə ərazisində icbari tibbi sığortanın tətbiq edilməsini nəzərdə tuturuq".
Agentlik direktoru əlavə edib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün seçilən model daha çox sosial tibbi sığorta yönümlüdür.
Onun sözlərinə görə, aztəminatlı ailələrlə bağlı nəzərdə tutulan sığorta haqqını da dövlət öz üzərinə götürəcək: "Burada hər kəsin bərabər hüququ olacaq. Bütün vətəndaşlar eyni xidmətlərdən yararlana biləcəklər. Dünyada həm sosial, həm də milli tibbi sığorta modelləri mövcuddur. Biz adətən Türkiyə və Almaniya modellərinin adını çəkirik. Əslində bunlar hamısı mahiyyətcə eyni modellərdir. Yəni hamısı sosial tibbi sığorta modelidir. Bizdə tətbiq olunacaq icbari tibbi sığorta zamanı vəsaitin kim tərəfindən ödəniləcəyi və faizlərin necə olacağını yaxın zamanda açıqlayacağıq".
Qeyd edək ki, agentliyin pilot layihəsinin bir rayon və bir şəhər tipli ərazidə tətbiq edilməsi nəzərdə tutulur.