Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, Sərəncamda bildirilir ki, Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub.
Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.
Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.
Ölkədə sahibkarlığın inkişafı onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsini, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılmasını, ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun daha da cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasını, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.
Sərəncama əsasən, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədilə Komissiya və Komissiyanın Katibliyi yaradılır.
Komissiya və Komissiyanın Katibliyinin tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri:
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Vüsal Qasımlı - İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru
Məmməd Musayev - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti
Komissiyanın Katibliyinin rəhbəri:
Elxan Mikayılov - Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri.
Komissiyaya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılır.