Bakı - Quba yolunda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. 
Unikal.org-un  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xızı rayonunun Sitalçay kəndində Xaçmaz rayon sakini İlham Həbibov idarə etdiyi 27- BJ- 615 dövlət nömrə nişanlı "QAZ-3110 markalı avtomobilini qarşıda gedən Biləsuvar rayon sakini Mehman Talıbovun idarə etdiyi "KamAZ markalı avtomobilə vurub.

Qəza zamanı minik avtomobili deformasiyaya uğrayıb və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları cəlb edilib. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1971-ci il təvəllüdlü İlham Həbib oğlu Həbibovun cəsədini əzilmiş maşından çıxararaq məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə təhvil verilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Daha bir ölümlə nəticələnən qəza Şamaxı rayonunda baş verib. Çöl Göylər kəndində şəhər sakini Maarif Həşimov idarə etdiyi "Mercedes markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Ötən gün Naxçıvanda da yol qəzası baş verib. Kəngərli rayonunun Xok kəndində Şərur rayon sakini Daşqın Heydərov idarə etdiyi "VAZ-21723 markalı avtomobili qarşıda gedən Kəngərli rayon sakini Saleh İsayevin idarə etdiyi "MTZ-80 markalı traktora vurub. Xəstəxanaya yerləşdirilmiş D.Heydərovun sərnişini, atası Şahgəldi Heydərov iyulun 13-də orada ölüb.