Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində nümayiş etdirdiyi prinsipiallıq, uzaqgörənlik və vətənpərvərlik onu müasir Azərbaycan dövlətçiliyinin memarı kimi səciyyələndirir. Qeyd olunub ki, 1993-cü il iyunun 15-də Ümummilli Liderin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin müstəqil dövlət kimi inkişafında yeni mərhələnin başlanğıcı olmuş, sabitlik və dövlətçiliyin möhkəmlənməsinə yol açmışdır.

Vurğulanıb ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra bir qrup partiya fəalı YAP Sabunçu rayon təşkilatı tərəfindən təltif olunub.

Tədbirin sonunda konsert proqramı təqdim edilib.