Qızım Arzu Səmədova bu il qəbul imtahanlarından kəsildi. Halbuki, yüksək bal toplayacağına ümidli idik. İnternetdə imtahansız qəbul olmağın mümkünlüyü yazılmışdı. Biz də firma ilə müqavilə bağladıq və qızımın Gürcüstanda təhsil alması üçün firmaya ümumilikdə 1750 dollar ödədik.
Bunu Bakı şəhər sakiniSənubər Səmədovadeyir. Ailə metronun "Nizami" stansiyasının yaxınlığındakı "Tələbə" adlı firmaya müraciət edib. İlkin xidmət haqqı kimi 300 manat ödənilib. "Firmanın Fidan adlı əməkdaşı Almaniyanın, Ukraynanın ali məktəbləri ilə əməkdaşlıq etdiklərini söylədi. Amma biz Gürcüstanı seçdik. Çünki Gürcüstanda qohumlarımız yaşayır, qızım onların evində qalacaqdı".
Ailə pulu hissə-hissə ödəyib. "Fidan xanım müqavilə formasının Təhsil Nazirliyi ilə razılaşdırıldığını, diplomların tanındığını dedi. Biz də nazirliyin "qaynar xətt" xidməti ilə əlaqə saxladıq. Oradan xaricdə təhsil alanlar üçün məsuliyyət daşımadıqlarını dedilər".
S.Seyidova deyir ki, pullarını geri istəyiblər: "Əvvəlcə pullarımızı geri vermək istəmədilər. Guya 14 gün ərzində müraciət edilmədiyi halda pulun müəyyən faizi geri verilir. Biz də polisə müraciət etmişik".
Qeyd edək ki, ötən il də belə şikayətlər kifayət qədər idi. Azad İstehlakçılar Birliyinə müraciət edən Bakı şəhər sakini Yasamanl rayonu, Şərifzadə küçəsi, 1-də yerləşən "Bakı Biznes Traininq" MMC-yə pul ödədiyini, lakin övladı heç yerə qəbul olunmadığı halda, pulunu geri ala bilmədiyindən şikayətlənmişdi.
Unikal.org bildirir ki,virtualaz.orgsaytı xaricdə təhsil vəd edən firmaların təkliflərini öyrənib. Məlum olub ki, devalvasiyadan sonra təhsil haqlarında müəyyən artımlar var. Məsələn, ötən il Türkiyədə təhsil 500 dollardan başlayırdısa, bu il 1000 dollardan yuxarıdır. Almaniya, Ukrayna, Rusiya, Çexiya və Polşada da qiymətlər yüksəlib.
Əvvəlcə firmaların tələbə cəlb etmə üsullarından başlayaq.
"İmtahanda keçid balı toplaya bilməmisənsə, narahat olmağa dəyməz. Xarici ölkələrin nüfuzlu universitetlərində istənilən ixtisası seçə bilərsən. Biz sənə kömək əlimizi uzadırıq".
Mövsümi alverçilər kimi hər ilin bu vaxtı fəaliyyətə başlayan firmaların xarici ölkələrdəki ali təhsil müəssisələrinə tələbə dəvət edən belə elan və reklamları cəlbetmə üsuludur. Firmaların iş prinsipi, əsasən, belədir: əvvəlcə "qonşudan dala qalma" deyib tələbə olmaq arzusuna düşənlərə şirnikləndirici təsəlli verirlər: "Narahatlığa əsas yoxdur. İmtahansız istənilən ölkənin ali təhsil müəssisəsinin tələbəsi ola bilərsiniz. Hətta gecə-gündüz oxuyub, yüksək bal toplayanların arzusunda olduğu universitetlər məhz sizin kimilərin üzünə açılacaq. Yetər ki, azacıq pulunuz olsun". Təbii ki, öz ana dilindən "2" alanlar, hətta adını düzgün yaza bilməyənlər üçün bundan cəlbedici təklif ola bilməz. Belələrinin sayı isə TQDK-nın hesabatına inansaq, imtahan verənlərin təxminən 20-25 faizinə yaxındır.
Virtualaz.org saytı xaricdə təhsil vəd edən firmaların təkliflərini öyrənib.
İnternetdə, xüsusilə də sosial şəbəkələrdə onlarla belə elan var. Ukrayna, Rusiya, Türkiyə, Almaniya, Polşa, ABŞ, İngiltərə, Çexiya məktəblərinə imtahansız qəbul vəd olunur.
Məsələn, "Gənclərin Elmi-Mədəni İnkişafı"nın (GEMİ) elanlarında göstərilir ki, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Belarus və daha bir neçə ölkədə ali təhsil almaq mümkündür. İmtahanda keçid balını toplaya bilməyənlər Kiyev Dövlət Polis Akademiyasında oxuya bilərlər. İllik təhsil haqqı əyani təhsildə 965 dollar, qiyabi təhsildə isə 550 dollardır. Təbii ki, bu məbləğə şirkətin göstərdiyi xidmət haqqı daxil deyil. Viza, yol xərci və tələbəni universitetə "qəbul etdirən" vasitəçinin xərci ayrıca ödənilməlidir.
Xaricdə təhsili reallaşdıranlardan biri - "Xaricdə təhsil imkanları"nın reklamında göstərilir ki, Dağıstanın, Gürcüstanın, Rusiyanın, Odessanın nüfuzlu təhsil müəssisələrində oxumaq üçün nəinki imtahan verməyə, hətta dil bilməyə ehtiyac yoxdur.
"Tələbəm" Xaricdə Təhsil Mərkəzi isə Avropa universitetlərinə imtahansız qəbula kömək təklif edir. Məsələn, Polşada təhsil almaq üçün 2000, İngiltərədə 4000, Ruminiyada təhsil üçün illik 2500 avro ödəmək kifayətdir.
Litva, Latviya, Gürcüstan, Dağıstan universitetlərinə ödənişlər dollarla tələb olunur. Maraqlısı odur ki, elanlarda Azərbaycan universitetlərindən Avropa universitetlərinə transfer şansı da verilib. Yəni bizim universitetlərdəki semester imtahanlarından kəsilənlər dərd etmədən xarici universitetlərin tələbəsinə çevrilə bilərlər.
Avropada onlayn təhsil imkanları da var. Məsələn, belə bir reklama rast gəldik: "Sizin Avropaya getməyinizə ehtiyac yoxdur, evdə oturmaqla onlayn təhsil ala bilərsiniz".
Diqqət çəkən məqamlardan biri də Türkiyə universitetlərinə endirimlər təklif edilməsidir. "Tələbəm"in elanlarında Türkiyədə təhsilə 30-40 faiz endirim vəd olunur. Görünür, Türkiyədə baş vermis son olaylar firmaların da işinə təsir edib.
Xaricdə təhsil imkanı yaradan daha bir təşkilat - "Təhsillə irəliyə" onları seçənlərə geri qayıdandan sonra iş yeri söz verir.
Bir məsələni də xüsusi qeyd edək, firmalar təklif etdikləri universitetlərin diplomlarının tanındığını söyləyirlər. Amma Təhsil Nazirliyi bunun əksini deyir.
"Nazirlik bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər", - nazirliyin açıqlamasında qeyd olunur.
Nazirlik ötən il xaricdə təhsil alan 571 nəfərin diplomunu tanımayıb.
Bəs belə firmalara qarşı mübarizə aparılırmı? Nazirlik bu səlahiyyətin onlarda olmadığını deyir. "Belə şirkətlərin nüfuzlu adlandırdığı təhsil ocaqlarının reytinqi aşağı olur. O universitetlərdə yer boş olduğu üçün xarici tələbələrə kapital kimi baxırlar. Yalnız attestatla tələbə olanlara verilən təhsilin keyfiyyəti şübhəlidir. Buna görə də, o universitetlərin diplomları tanınmır", - nazirlikdən belə deyirlər.
...Son imtahanlar, qəbulda keçid ballarına edilən endirimlər vəziyyətin düzələcəyinə olan ümidi öldürür. Deməli, hələ uzun illər belə firmalar mövcud olacaq. "Övladım xaricdə oxuyur" deməklə dost-tanışın yanında öyünən valideynlər reklamlara inanaraq pul xərcləyəcəklər. Bu diplom heç kimə lazım olmasa da...