Çağdaş Azərbaycan jurnalistikasının parlaq, ünlü simalarından olan "Yeni Müsavat qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun iyulun 23-də 50 yaşı tamam olub.

Unikal.org-un musavat.com-a istinadən məlumatına görə, baş redaktorun iyulun 24-də keçirilən yubiley tədbirinə ölkənin siyasət, QHT və media sektoruna aid tanınmış simalar, millət vəkilləri , ictimai xadimlər, ziyalılar, media kapitanları, vaxtı ilə "Yeni Müsavatda çalışan jurnalistlər, o cümlədən R.Arifoğlunun dostları, yaxınları və ailə üzvləri qatılıblar.

Paytaxt restoranlarından birində baş tutan tədbirdə məclisin aparıcısı İlhamiyyə Rza qonaqları salamladıqdan sonra çıxış edən Rauf Arifoğlu qonaqları salamlayaraq hər kəsə xoş gününə qatıldıqları üçün təşəkkürünü bildirib: "Əlli illik həyatımın fraqmentlərini paylaşan insanlar, sizi burada görmək çox xoşdur. Yibiley ərəfəsində qəzetimizin əməkdaşları təşəbbüs göstərdilər, bir film hazırladılar. Filmin fraqmentlərinə baxanda gördüm ki, sizin kimi insanlarla keçən anlar bir neçə il sonra tarixə çevrilir. Sizlərlə birgə keçirdiyim dəqiqələr mənim üçün şərəfdir. Təşəkkür edirəm".

Tədbirdə R.Arifoğlunun 50 illik yubileyi münasibəti ilə hazırlanan film də nümayiş etdirilib. Filmin müəllifləri minval.az saytının redaktoru İlkin Zəfərli və "Yeni Müsavat qəzetinin müxbiri Sevinc Telmanqızı da yubilyarı təbrik ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, türkiyəli millət vəkili Atilla Kaya, və başqaları R.Arifoğluya təbriklərini çatdırıblar.

Film təqdimatından sonra məclis musiqi ilə davam etdirilib.