Ölkə başçısının ciddi tapşırıqlarına baxmayaraq hər il olduğu kimi bu ildə yay mövsümü başlayandan AZAL  bilet qiymətlərini kəskin şəkildə qaldırıb. Qiymət artımını ölkədaxili və ölkəxarici uçuşlarda hiss etmək mümkündür.

Ötən il prezident  İlham Əliyev də Nazirlər Kabinetinin iclasında AZAL-ın bilet qiymətləri ilə bağlı sərt çıxış edərək aviabiletlərin qiymətinin süni şəkildə qaldırılması ilə bağlı narazılığını ifadə etdi və bu barədə ciddi tapşırıq verdi.


Bildirdi ki, Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir: "Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır

Ölkə başçısının bu tapşırığından sonra AZAL bilet qiymətlərində müəyyən qədər yumuşaltma siyasəti aparsa da, bu gün bilet qiymətlərində yenə də artım hiss olunmaqdadır.

Bu gün ölkəmizdə turizm şəraiti üçün bütün imkanlar mövcuddur. Ölkə başçısının diqqət və qayğısı ilə demək olar ki, bütün  turist qarşılamaq imkanı olan rayon və kəndlərdə ən müasir şəraitə uyğun hotel və mehmanxanalar tikilib. Turistlərin istirahəti üçün bütün şərait yaradılıb. Eyni zamanda əksər rayonlarda müasir standartlara uyğun hava limanları tikilib. Məqsəd isə xarici turistlərin ölkəmizə cəlb edilməsidir. İlham Əliyev xarici ölkə vətəndaşlarının Azərbaycana rahat gediş-gəlişləri üçün bu ilin iyulun 1-də Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza sisteminin yaradılması haqqında Fərman da imzaladı. Tanınmış ekspertlər bu sistemin "ASAN-xidmətə həvalə edilməsinin turizm sektorunun inkişafına müsbət təsir göstərəcəyini də bəyan ediblər.

Amma bədbin açıqlamalar isə AZAL-ın qiymət siyasəti ilə bağlıdır. 

Bu yaxınlarda ailəsi ilə birgə İrandan Azərbaycana təyyarə ilə gələn şəxs bildirdi ki, Azərbaycanda bilet qiymətləri çox yüksəkdir. Bununla belə, Hava Limanında əllərində olan valyutanı manata çevirərkən aldanıldıqlarını da deyiblər. 


Yuxarıda qeyd olunan problemlər ətrafındavə ölkənin  turizm sektoru ilə bağlı millət vəkili Vahid Əhmədov Unikal.org-a danışıb. Deputat da hazırda bilet qiymətlərinin yüksək olduğunu bilririb:

"Aviareyslərlə əlaqədar olaraq deyə bilərəm ki, bilet qiymətlərində problem var. Təyyarə qiymətləri çox bahadır. Mütəmadi olaraq bu məsələ Milli Məclisdə müəyyən millət vəkilləri tərəfindən də qaldırılır. Amma bu şirkət nə dərəcədə özünü saxlaya bilir və yaxud saxlaya bilmir buna baxmaq lazımdır. İkincisi də artıq Azərbaycanda bu sahədə digər şirkətlər də fəaliyyət göstərməlidir. Bu cür olduğu təqdirdə rəqabət olacaq və qiymətlər də müəyyən qədər aşağı düşəcək.


Hazırda Azərbaycanda bu sahədə yeganə bir şirkət AZAL-dır. Bu şirkət tək olduğu üçündə istədiyi qiyməti diqtə edir. Ona görə  bazar a əlavə özəl şirkətlər daxil olacaqsa qiymətlərdə müəyyən enmələr olacaq.

Görünür, başqa şirkətlətin bu sahədə fəaliyyətinə ölkəmizdə icazə verilməyib və yaxud onlara şərait yaradılmayıb. Aldığım məlumata görə müəyyən maraqlar var və danışıqlar da gedir.

Deputat deyib ki, qiymətə təsir göstərən başlıca səbəb AZAL-ın monopolist olmasıdır:

"Prezidentin aviabiletlərin qiymətlərinin aşağı salınması üçün xüsusi göstərişi var. Müəyyən qədər biletlərin qiymətində enmələr baş verdi. Amma sonradan aldığım məlumata görə, qiymətlər yenidən yüksək səviyəyə qaldırıldı.


Son vaxtlar AZAL ümumiyyətlə xaricdən çoxlu təyyarələr alır. Bunlar çox bahalı və qiyməti yüksək olan təyyarələrdir. Dövlət tərəfindən AZAL-a müəyyən qədər subsidiyalar verilir, müəyyən köməkliklər göstərilir. Bilet qiymətlərinə əsas təsir göstərən məsələ isə AZAL-ın monopolist olmasıdır. Digər şirkətlər Azərbaycanda fəaliyyətə başlasa qiymətlər öz yerini tutuacaq.

 

V.Əhmədov müsahibəsində ölkəmizin turizm sektorundakı qiymət artımlarından da danışıb: "Azərbaycanda turizm qiymətləri ürək açan səviyədə deyil. Bu məsələ müvaffiq dairələrdə müzakirə edilsə də, hələki bir nəticə yoxdur. Hər kəs yaxşı bilir ki, Azərbaycanının turizm sahəsindəki qiymət siyasətində ciddi problemlər var. Son vaxtlar müəyyən qədər ölkəmizə turizm axını çoxalıb. Xüsusən ərəblərin Azərbaycana gəlişi artıb. 


Xaricdən turist kimi ölkəmizə gəlmək istəyən insanların viza problemini prezident həll etdi. Viza məsələsi  ASAN Xidmət Mərkəzinə verilməklə  bu  həll olunub. Bu çox müsbət haldır.

Bütün bunlara baxmayaraq ölkəmizdə turizmlə bağlı iki əsas məsələ öz həllini tapmalıdır. Birincisi Azərbaycanda xidmətin keyfiyyətinin artırılması məsələsini həll etmək lazımdır. Bu hələlik yuxarı səviyyədə deyil. Fikir verin, Türkiyədə və xüsusən qonşu Avropa dövlətlərində xidmət səviyyəsi çox yüksəkdir. Bizdə artıq müasir turizm obyektləri yaradılıb. Müəyyən  sanatoriya və kurortlar var ki, orda xidmət səviyyəsi normaldır. Amma ümumi götürdükdə Azərbaycanda bu problem qalmaqdadır.

 

İkincisi də qiymət problemidir. Qiymətlər hələlik bəzi yerlərdə çox yüksəkdir. Xüsusilə kənd və rayon yerlərində. Bu yerlərə istirahətə gələn insanlar qiymətlərdən çox şikayət edir. Cənab nazir  Əbülfəz Qarayev bu problemlə məşğul olur və özü də bunu etiraf edir. Yəqin  bu məsələlər yavaş-yavaş öz həllini tapacaq.